Архив тегов | Ərəbqardaşbəyli kənd məktəbi

SENTYABRIN BİRİ GÜN İDİ ADİ…

 

İyirminci əsr. Altmışıncı il  —

Mən birinci sinfə getmişəm o vaxt.

Hər uşağa asan məsələ deyil,
Hesablaya ötən illəri rahat…

 

O vaxtlar birini sentyabrın,
Kimdi bayram sayan? Gün idi adi,

Çörək tapılmırdı heç doyum qarın,
Müharibə yatan on beş il idi…

 

Heç nə sentyabrın biri günündən,

Yadımda qalmayıb, təəssüf, indi.

Çantam tikilmişdi yorğanüzündən,
Mənə gülürdülər – bu, yadımdadır.

 

Timsah dərisindən bəlkə də çanta,

Tikdirərdi — əgər istəsə lələm.
Çalışdı ki, yığa, dal günə ata —

Dağıldı. Dağıtdıq. Böyüklər, mən həm…

 

Yox, o gün bayramdı, sayılmasa da,
Bütün bayramlar tək çoxdu qəmi də,
Seçilirdi hökmən varlı kasıbdan,
Mən də seçilirdim – çantam əlimdə…

 

01. 09. 2026, Samara

EŞİTDİM BAĞLANIR MƏKTƏBİ KƏNDİN…

Kitabı bağlanır kiminsə gündə,
Gün nədir? Hər saat, saninə hətta.

Başına iş gəlir gözlənilmədən,

Gəlir səhər, axşam, gecə, günorta.

 

Gözünün içinə qızıl-qırmızı
Söyləyir həkimi sanki sevincək:

Kitabın bağlandı sənin, əzizim,

Belədir dünyanın işi, neyləyək.

 

Kimisə işindən qova bilərlər,
Borc bataqlığının kimsə əsiri.

Kimin bağlanıbsa kitabı əgər,
Onu açmayacaq bir daha Tanrı.

 

Kitabı bağlanan təkcə fərd deyil,

Xalqın bağlanırsa üzünə qapı,
Vurursa sərhədə hampazor qıfıl –

Bağlanır millətin, demək, kitabı.

 

Eşitdim bağlanır məktəbi kəndin.
(Bu misra üç dəfə gərək oxuna,
Şübhə kim eləsə bağlanır yəqin,
Özüm çətinliklə inandım buna….)

 

Bir vaxt o məktəbdə yaxşı şagirddim,

Sonra pisi oldum müəllimlərin.

Əgər bağlanırsa kitabı indi,

Bağlanar kəndin də kitabı yəqin…

 

Uşaq tapılmırsa indi məktəbə,
Boşalar evlər də yəqin get-gedə.

Kitablar atılar küllüyə bəlkə,
Vərəqlər çevrilər külək əsəndə…

 

25.08. 2026, Samara