SABİR ARBATANLI

Arbatanlı Sabir.jpg

Baba böyülk molla, Nəcəf məzunu,
Ata müəllimdi Şura gələndən.

Özüsə az sürən ömrü uzunu,
Meydən əl üzmədi. Bir də qələmdən.

—

Bilmirəm ki, necə yazarmış dayım,

Adam içindəmi, ya da xəlvəti.

Əvvəl eynəyini axtarıb yəqin,

Tapanda görərmiş  dəftəri itib…

—

Yazılıb yarıya qəzəl çatanda,

Düşüb arvadıyla davası bəlkə.

Hikkə soyuyanda, dava yatanda,

Yarı yazılanı cırıb körpələr…

—

Bəlkə də yazarmış çayxanalarda,
İlhamı daşanda samovar sayaq.

İçib yavan çayı tər axıdanlar,
Baxıblar dayıma, göz-qaş ataraq.

—

Nə qovluğu vardı, nə də çantası,
Taxçada, boxçada, cibdə — yazdığı.

Yazıb – bağışlayıb, itirib, satıb,
Arxiv səliqəsi baş ağrısıydı.

—

Nə döşünə döyən, nə  “mənəm” deyən”,
Ad iddiasında deyildi nə də.

Həqirdi, əsiri olsa da meyin,

Meyxana desə də böyük səhnədən.

—

Varı – yazdığıydı, o da dağıldı,
Yanlış, yarımçıqdır yadda qalanlar.

Hələ ki, yurdunda yaşayır adı,

Nəcib yaddaşlarda yaxşı ki, yer  var…

21.12. 2019, Samara