Xaloğlum Əlinin xatirəsinə
O, hündür adamdı. Boyu bəlkə də,
Kim bilir, ucaydı iki metrdən.
Sıx qara saçlıydı, bığı yekəydi,
Bir az saralmışdı tütündən həm də.
Sümükdən iriydi, gen sinəliydi,
Qaməti düppədüz, yerişi məğrur.
Nimdaş olmasaydı əgər geydiyi,
Deyərdin bu adam prokurordur.
Ucuz “Avrora”nı elə çəkirdi,
Elə bil siqardı, Kubadan gəlib.
Həmişə qayğılı, dərin fikirdə,
Gözləri dumanlı, baxışı qərib.
Xaloğlum Əliylə söhbəti ancaq
Tuturdu. Stansiya çayxanasında,
Hərdənbir oturub vururdular çay,
Kamıl danışardı sakit, astadan.
“Aspirant olanda Moskvada mən…”
Söhbətə başlardı beləcə Kamıl.
“Aspirant? Bilmirdim… Bəs hansı fəndən?”
“Kirminalistika…MQU-da…üç il…
Tez-tez çağırırdı yanına dekan,
Məsləhət verirdim ştatdankənar…”
“Kamıl, sən? Dekana?…” “Məni o zaman,
Tanımayan yoxdu… Bir lətifə var…
Sizə danışardım… ruscadır ancaq”.
“Kamıl, danış, bəlkə baş tapa bildik,
“Boşa istəmirəm ağzımı yormaq…”
Pauza yaranır kriminalistik…
O, daş stəkanı elə qaldırır,
Sanki ingilisdir, içdiyi viski,
Ona baxan da var, gülən də vardır,
Gəzir uzaqlarda onunsa fikri…
Sonra xaloğlumla vidalaşaraq,
Kamıl çayxananı tərk edib gedir.
Başını dik tutub general sayaq,
Yerişdə əsilli bəydir elə bil…
Şalvarda düymələr dəbdə olan vaxt,
Onun şalvarında qırxı varıymış.
Salyan şəhərindən belə fəxri ad,
Kamıl da o vaxtdan mükafat almış…
Bəlkə düymələri poqon bilirmiş,
Özünü general sayıb bəlkə də.
Bəlkə o hamıdan bəxtəvər imiş —
Kefinin bəyiydi öz aləmində…
17. 12. 2019, Samara