MOLLA AĞACAVAD

salyan 2009

avqust, 1970. Salyan

Hansı küçədəydi bilmirəm o ev,
Bilmirəm hardaydı, hara yaxındı.

Yəqin əlli ildir sökülüb gedib,

Şübhəsiz, küçənin dəyişib adı…

 

 

“Gəl dəyək atüstü bura” deyərək,
Cəfər bir həyətə girdi, dinmədən
Getdim arxasınca adyutantı tək,
Sonra evə girdik qapı döymədən.

 

 

Yekə bir otaqdı, tavanı uca,

Mebel vardı, yoxdu – yadımda deyil.

Yerdəki yatağa uzanmış qoca,

Sevindi, görəndə bizi elə bil.

 

 

Öpdü araqçınlı kişini Cəfər,
Kişi də Cəfəri, gözü yaşardı.

Halından danışdı, səsində qəhər,

Əruzla Ləlidən bir şeir dedi.

 

 

Sonra öz sözüylə məğzini açdı:
“Haqq-hesab olacaq orda deyirlər —

İnsan bu dünyada axı qonaqdır,
Haqq-hesab çəkilər qonaqla məgər?”

 

 

 

On yeddi yaşım da tamam deyildi,
Cəfər böyüksə də, gənc idi o da.

Hələ özümüzə qonaq demirdik,

Hərdən düşünsək də kimik dünyada…

 

 

Gələcək haqq-hesab bəlkə gümandır,
Mənsə qınanram elə indidən.

Dilə gətirən var, eyham atan da,
Sanki boğazacan borc içindəyəm…

 

15-16. 12. 2019, Samara