MƏLİK DOVĞASI

XEYRULLA автор Идельсон.jpg

 

Salyan, 60-cı illər

 

“Gəl, bala, gəl dovğaya,

Məlik dovğasına gəl!”

Səsdə yanğı, səs ağlar,
Gah ucalar, gah enər.

 

 

Yenə qələbəlikdir,
Həndəvəri bazarın.

Dədə qazan səkidə,
Buğlanır, ətir yayır.

 

 

Dirijor çubuğu tək,
Oynadaraq çömçəni,
İsti dovğanı Məlik,
Töküb verir içənə.

 

 

“Gəl bala, dovğaya gəl!

Şirin qatığı üzlü,

Göyərtisi təzə-tər,

Giləmərzəli, duzlu”.

 

 

Çömçəsini oynadır,

Tökür dovğanı Məlik.
Doymaq olmur dadından,
Fincanı da on qəpik…

 

 

 

Gəlir qazan başına,
Qulluqçu da, milis də,

Müəllim də yanaşır,
Qalstuk sinəsində…

 

 

 

Gəlir Salyan qoçusu,
Gəlir cibində bıçaq.

Məlik dovğası içsə,
Hirsi bir az yatacaq.

 

 

Gəlir qız, gəlir gəlin,
Dovğasına Məliyin.

Ağzı sulanır yəqin,

İndi  göydə mələyin…

 

 

 

Yanğılı səs dinirdi:

“Gəl, bala, gəl dovğaya!”

Bazar həndəvərində,
Balıqbazarında ya.

 

 

Kələkötür kişiydi,
Qıçı da, deyəsən, ləng.

Heykəl düzəldə indi,
Məliyə Salyan gərək.

 

 

Dovğası ad çıxardı,
Göylü, giləmərzəli.

Kiçik qızı da vardı,
Gözəllərin gözəli…

 

09-10. 12. 2019, Samara