keç günahımdan, lələ…
O ev tikilmişdi üç ya dörd ilə,
Tikinti üstündə Kişi əsirdi,
Ömrünün sonuncu layihəsiydi,
Nə olub əvvəlsə, çevrilib külə…
Özülə alındı Qaradağ daşı,
Salyandan sementi, qumu daşındı.
Biçdilər damının qamışını da,
Saman gətirildi bir neçə maşın.
Dərələr qazıldı boy bərabəri,
Suvağa, kərpicə tutuldu palçıq.
İki kərpickəsən – peşəkar, qoçaq,
Qəlib oynadırdı mahir əlləri.
Taxta işində də qoşaydı usta,
Biri Tapdıq idi, biri də Eldar.
Çığırtma plovu yeyib hər nahar,
Baltanı, çəkici vurdular asta.
Kişi də yolunda girinc Salyanın.
Taxta gah çatışmır, gah da ki, mismar.
Yaxşı ki, şəhərdə adamları var,
Var hörmət qoyanı, var tanıyanı.
Gah işinə gedir, gah da vaxt tapır,
Ustanı fəhləni yoxlayır hərdən.
Hesabat istəyir evdəkilərdən,
Yarı eşitməmiş söyür, qarğıyır…
Sona yetişmədə ev tikintisi,
Təzə sütunlardan xələt asılır.
Xələfə vurulur, banı da hazır,
Qızarır qırmızı kirəmit üstü.
Hər gün əllərində yekə vedrələr,
Dikin torpağını daşıyır Kişi.
Görür əjdahalar görməyən işi:
Dolur zəhmətiylə dərin dərələr…
Payızda, heyvalar yayanda ətir,
Narlar partlayanda ehtirasından,
Köçü durnaların başlayan zaman,
Köçüb təzə evə ailə gedir…
Gedir xalça-palaz, gedir qab-qacaq,
Gedir yorğan-döşək, paltar – hər nədir,
Gedir uşaqların kitab-dəftəri,
Uşağa da nə var – sevinir uşaq…
Canının ağrısı çıxır Kişinin,
Ocaq qırağında canı-qızınır.
Gözaltı seyr edir oğul-qızını,
Sevinc əvəzinə oyanır kini…
Ev təzə, havası həmin yenə də.
Narahat gülürlər dodaq qaçanda.
Yenə qapı örtən, qapı açan da,
“Xaraba qalasan!” deyir ürəkdən.
Yenə künc-bucaqda var ağlayanlar,
Böyüklər kiçiyin içir qanını.
İnciyir, incidir Kişi hamını,
Ürəyi yaradır, əlləri qabar…
Qalxır ibadətə beş dəfə gündə,
Diz çökür, başını yerə endirir.
Yeyib çay-çörəyi işinə gedir,
İnanır var onu işə göndərən…
28. 12. 2019, Samara