Baba böyülk molla, Nəcəf məzunu,
Ata müəllimdi Şura gələndən.
Özüsə az sürən ömrü uzunu,
Meydən əl üzmədi. Bir də qələmdən.
—
Bilmirəm ki, necə yazarmış dayım,
Adam içindəmi, ya da xəlvəti.
Əvvəl eynəyini axtarıb yəqin,
Tapanda görərmiş dəftəri itib…
—
Yazılıb yarıya qəzəl çatanda,
Düşüb arvadıyla davası bəlkə.
Hikkə soyuyanda, dava yatanda,
Yarı yazılanı cırıb körpələr…
—
Bəlkə də yazarmış çayxanalarda,
İlhamı daşanda samovar sayaq.
İçib yavan çayı tər axıdanlar,
Baxıblar dayıma, göz-qaş ataraq.
—
Nə qovluğu vardı, nə də çantası,
Taxçada, boxçada, cibdə — yazdığı.
Yazıb – bağışlayıb, itirib, satıb,
Arxiv səliqəsi baş ağrısıydı.
—
Nə döşünə döyən, nə “mənəm” deyən”,
Ad iddiasında deyildi nə də.
Həqirdi, əsiri olsa da meyin,
Meyxana desə də böyük səhnədən.
—
Varı – yazdığıydı, o da dağıldı,
Yanlış, yarımçıqdır yadda qalanlar.
Hələ ki, yurdunda yaşayır adı,
Nəcib yaddaşlarda yaxşı ki, yer var…
21.12. 2019, Samara