Архив | 14.12.2019

LAQQO TUMU

26 SENT 2019. 2

Tum dolu kisəni atıb dalına,
Gəzib-dolaşardı məhəllələri,

Seçib bir küçəni ya da dalanı,
Dayanıb qoyurdu kisəni yerə.

+

Düzürdü, ağzını açıb kisənin,
Müxtəlif ölçüdə stəkanları.

Yaxından-uzaqdan indi keçəni,

Qızarmış ağ tumun ətri çağırır.

+

Tumsatan kişisə özü danışmır,
Təbəssüm çəkilmir ancaq üzündən.

Bu dinməz kişiylə mehriban hamı,

Tumdan razıdırlar, həm də özündən.

+

Tum nə tum! Dadını demirəm hələ,
Elə şaqqıldayır, kefin düzəlir.

Onu Heyvalıqda çırtlasan əgər,

Səsi Köhnə bərə ağzına gəlir.

+

Hansı toy keçərdi tumsuz o zaman!

Laqqo toyxananın yaraşığıydı.
Yarımçıq kasadan doymayan insan,

Ağ tumla doyurdu əməlli-başdı.

+

O tumu cib dolu, düyünçə dolu,

Pay aparırdılar gedəndə qonaq,

Adaxlıbazlığa yollanan olub,
Qıza o ağ tumdan aparıb ancaq…

+

Salyanda çox idi tumsatan o vaxt,

Laqqo tumununsa şöhrəti vardı.

Popkorn-zad işi deyildi, vallah,

Çırtladın – getmirdi ağızdan dadı…

+

Bəstəboy, balaca, xoşsifət insan,

Əslində, deyəsən, Lətifdi adı.
Gözləri həmişə gülən, danışan
Kişinin, təəssüf, dilisə laldı…

+

Taleyin işidir: məni apardı,
Bir dəfə bir dostla tumxanasına.

Gördüm teştləri də, ocaqları da,
Gördüm divarlardan qurum sallanır.

+

Əliylə, gözüylə danışdı kişi,

Ocaq necə yanır, teşt qızır necə.

Tum necə allanır, qovrulur, bişir,
Zay olar, gözünü bir an çəkincə.

+

Dedi tum ocaqda gərək qovrula,

Qazda ki, qovurdun, itəcək dadı…
Sənət sirlərini elə maraqla

Açırdı, deməzdin bu kişi laldı…

+

Çıxmır o ağ tumun dadı yadımdan,
Yaxşı yadımdadır tumçu kişi də.

Qəfildən bir şeir yazdığım anda,
Durur göz önümdə ocaq da, teşt də.

13-14. 12. 2019, Samara