Архив | Январь 2021

27 SENTYABR 2020-Cİ İL

əli_tagiyev

salyanlı əsgər Əli Tağıyevin xatirəsinə

Dan yeri qızarıb, tələsmir ay da,
Çəkilib getməyə göydən hələ ki.

Bəlkə son yuxudan durub piyada,
Baxmır aya, günə, gözü yol çəkir.

Nizam-intizamla dayanmış əsgər.

Geyim mükəmməldir, təzədir yaraq.
Baxışdan, üzdənsə uşağa bənzər,

Oda atılacaq indi bu uşaq.

Yersizdir Şekspir tərəddüdləri,
Burda “olum” yoxdur, “ölüm” var ancaq.

Hamletin taleyi öz əlindədir,

Beş əsr düşünür qərardan qabaq.

Səninsə taleyin bir əmrə bənddir,
Sahibi deyilsən öz həyatının.

Komandir “İrəli” qışqırar indi,

Gedərsən, minadır ayağın altı…

“Can, bala!” deyərək ağlayan anan,

Tikan qanadanda ayaqlarını,
Duyar aparanda səni qızıl qan,
Əl atıb dağıdar yanaqlarını…

Ay və gün yox olar, yer və göy itər,

Son verər bu savaş gənc həyatına,

Artırar Bakıda çevik fəhlələr,

Dəmir medalların hasilatını…

Şəklinə baxıram, şəklin ağladır,
Baxışdan uşaqsan, üzdən uşaqsan.

Zirvə söhbətləri hoqqa və lağdır,
Ölmüsən, haqqın var möhtəşəm yasa.

Məzarın önünə gəlib baş əyə,
Parket generalı, vəkil və nazir.

Ölkəni hərləyən, xalqı hərləyən,

Gəlib torpağına üz qoya bir-bir.

Qara bağlanaraq ensin bayraqlar,
Balaban çalınsın, Albinoni də.

Ali baş komandan, dizini qatla!

Müzəffər əsgərin borcunu ödə!

27. 01. 2021, Samara

ANIM GÜNÜ

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.

Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Amma gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

27.09. 2021, Samara

ŞƏHİD ƏSGƏRİN MEDALI

BAKIDA YAŞAMAQ MÖHTƏŞƏM FƏXR…

SONY DSC

Bakıda yaşamaq möhtəşəm fəxr,

Üstəlik vəzifə, gəlir də varsa.

Maşının bir neçə, mənzilin – qəsr,

Dənizdən də payın — ətrafı hasar.

Dağı var Bakının, var düzəni də,
Ancaq zirvədəsən sən harda olsan.

Soydaşın olsa da, sənə özgədir.

Həyatın dibində sürünən insan.

Paytaxtda yaşamaq fəxrdir, ancaq,

Burda da innsanın çatır axırı.

Adın, malın varsa, yer tapılacaq,

Gözəl Xiyabanda, özü də Fəxri.

Hardasa, könlündən, gözündən uzaq,

Kəndlər var, kəndlərdə adamlar da var.

Həyatsa fəxr yox, həyatdır ancaq,
Bir gözlə gülənin bir gözü ağlar.

Burda məzarlıq da adi və tanış,
O nə xiyabandır, fəxrdir nə də.

Təzə qəbirlərdən sıra yaranmış,

Yaslı analardır duran önündə.

Bəzənib qəbirlər allı-yaşıllı,
Toya alınanlar daşa bağlanır.

Şəkillər öpülür, ürək alışır,
Əsgərlər eşitmir analarını…

Burdan uzaqlarda fərari şəhər,
Bəzənir-düzənir, öz kefindədir.

Kefdə qəsrlilər, mersedeslilər,
Şərəf yox, qeyrət yox, həyatsa fəxri…

21. 01. 2021, Samara

KOMANDAN ÇAY İÇİR CIDIR DÜZÜNDƏ…

20.03. 2020

Komandan çay içir Cıdır düzündə,
Sağında arvadı, solunda qızı,
Ya da ki, tərsinə. Ana qızından,
Cavandır elə bil beş-on yaş azı.

Görünür dumanlı dağlar arxada,
Görünən heç nə yox həndəvərdəsə.

Çay içir komandan, qızı, arvadı,

Çəkənlər vurnuxur önlərindəsə.

Görünmür bu çayı qoyan, dəmləyən,
Paxlava bişirən görünür nə də.

Belində bu masa, stullar gələn,

Əsgər indi durub hardasa gendə.

Yox bu paxlavalı masa dalında,

Şəhəri yağıdan qanıyla alan.

Yalınəl əsgərin sağ qalanından,
Paxlavalı çaya yox çağırılan.

Çay içir komandan, qızı, arvadı,

Üçü də oturub hərbi geyimlə.

Yüz ildir ölkəni idarə edir,
Bir əsgər verməyib ailə hələ…

Yatır torpaq altda sütül uşaqlar,
Dəmirdən medaldır onların haqqı.

Ali Baş Komandan! Soruşmaq olar? –

Sizin öz oğlunuz hardadır axı?…

17. 01. 2021, Samara

ƏLİ KƏRİM FACİƏSİ: LİRİK ŞEİRLƏRDƏ KOMSOMOL TƏRBİYƏSİ VƏ PROKUROR İTTHAMLARI

Əli Kərim

Totalitar ideoloji sistemin vətəndaşların ruh və mənəviyyatın necə ziyanlar vurduğunun ən əyani sübutu ədəbiyyatdır, hərçənd humanitar həyatın, incəsənətin başqa növ və janrlarında da bu fəlakətli fenomen yaxşı görünür.

Əgər Səməd Vurğun kimi insanlar təbiətən ptinsipsiz v əxlaqsız olaraq hər cür rejimə, hər cür rejimin hər cür rəhbərinə xidmətə və bu xidmətdə hər cür alçaqlıqlara enməyə hazır olubsa, Mikayıl Müşfiq və Əli Kərim kimi fövqəladə istedadla və saf ürəklə doğulmuş insanlar üçün hakim ideopogiyaya, bu ideologiyanın təlimatrlarına əməl etmək sosial mühitin şiddətli təzyiqi ilə baş verir və şəxsi faciəyə və yaradıcılıq dramına çatdırır.

Əli Kərimin “Qaytar ana borcunu” şerindən mən bir neçə il əvvəl yazmışam. İndi şairin başqa bir şeiri haqqında fikirlərimi demək istəyirəm.

Mən özüm bu şeiri ilk gənclik illərində bu şeiri əzbərləmişdim və onun az qala hər misrası gözümü yaşartmasa da, ürəyimi titrədirdi.

Ancaq çoxdan bu şeir barəsində rəyim başqadır.

“Gözəl qız, sən saf susan…” misrası ilə başlanan şeirin Tanrı vergili şairin qələmindən çıxdığına şübhə yoxdur. Burdakı metaforalar həm təzədir, həm də ilkinliyi, kinematoqrafiq qabarıqlığı  ilə “Dədə Qorqud”dakı bənzətmələri xatırladır.

 “Susuzluğun od vurub köz kimi yandırdığı

Dodaq su sevən kimi…”

Yaxşı deyilib…

“İynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi…”

Bu da yaxşıdır…

Pardon!  Bəs bu prokuror tonu hardandır?

Yaşlı nəsildən olanlar sovet dövrünün yoldaşlıq məhkəmələrini xatırlamalıdırlar. Mən özüm mexaniki sexdə fəhlə işləyəndə belə məhkəməni görmüşəm.

Əli Kərim, yaxud Əli Kərimin lirik qəhrəmanı ittiham edir!

“O isə səni sevir…”

Sonra kabab və sair. Yəqin araq-maraq…

Fransızlar demişkən, pardon! Oxucu bu eşq üçbucağındakı ikinci aşiqi görmür. Rəqiblərin bir-birlərini gözdən salmaqları köhnə əhvalatdır. Yəni Əli Kərim yaxud onun lirik qəhrəmanı var gücü ilə, gözəl sözlər işlədərək öz rəqibini xanımın gözündən salmaq istəyir. Və and içə bilərəm ki, bu şeiri oxuyarkən Əli Kərimin yaxud onun qəhrəmanının tərəfində olanlar özləri kabab həvəskarlarıdır.

Kababı kim sevmir ki…

Kabab üstündən sərin suyu da hamı sevir…

O adam kimdir? Biz o adamı görmürük. Yalnız prokuror çıxış edir və zala gətirilməyən müttəhimin eninə-uzununa döşəyir… Salyanlılar buna «pəl vurmaq» deyirlər…

“Danış, ucalsın səsin…”

Belə çıxır ki, xanım utancaqdır. Təvazölüdür. Əli Kərimə elə gəlir ki, belə xanımın saqqızını “kabab həvəskarı” oğurlaya bilər. Öz namizədliyini irəli sürür və xanımla komsomol işi aparır.

Ah, bu komsomol işi! Komsomol işinin nə olduğunu indiki nəsil bilmir. 14 yaşı olan hər yeniyetmə komsomola girir və cilovunu verirdi komsomol katiblərinin əlinə. Komsomol hər şeyə rəhbərlik edir, hər işə qarışırdı. Bu şeirdə Əli Kərim komsomol fəalıdır. Vurulduğu qızı  Cəfər Cabbarlının Almazı kimi fəal ictimai həyata çağırır. Yalnız ictimaiyyət içində olmaq, komsomolçu yoldaşların çiyni, dəstəyi, ünsiyyəti iki sevgi arasında tərəddüd edən bu qızı qarınqulu kababsevərin caynağından qurtara bilər.

Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən gələn bir səda kimi…”

Yəni Əli Kərimi bu təvazölü, məsum qızı evdən çıxarıb ictimai həyatın burulğanlarına atmaq istəyir. Bakıdakı səsin nə olduğunu biz bilirik.

“Buruqları hayqıraraq,
Nərə salır boz çöllərə…”

Yəni 26-ların nəvəsi Səməd Vurğun Bakının səsini əbədiləşdirib: buruqların hayqırmağı…

Buruq görən hər bir insan bilir ki, buruq hayqırmaz. Ancaq mənim Azəribaycan xalqıma Səməd Vurğun ciddi poeziyadan və həqiqətdən daha əzizdir…

Yəni Əli Kərim qızı buruq səsi kimi sevir.

Pardon, bəs bu Daşkəsən nədir?

Aha! Filiz mədənləri! Ekskavatorlar, buldozerlər… Naçalniklərin anqırmağı, söyüşməyi: “Sənin ananı…”

Əli Kərim bu məsum qızı evdən çıxarmaq, buruqlar arasında, Daşkəsənin filiz mədənlərində görmək istəyir. Almazların vaxtı keçib, kəndlərdə kolxozlar qurulub, ancaq Azəribaycan xalqı ağ günə çıxmayıb…

Cəfər Cabbarlı səhv edirdi…Radikal inqilabçıların səhvləri olur. Bu səhvlər bəzən milyonların məhvinə səbəb olur…

Əli Kərim Stalin-Bağırov dövründə yox, əsasən Xruşşov vaxtı, Axmatovanın “vegeterianlıq” adlandırdığı dövrdə yaşayıb.

Ancaq komsomol ayıq idi. Gənclərin cilovunu əldən buraxmırdı…

Komsomol komitələri də öz məhkəməlrini qururdu. Bəzən “səhv” buraxmış komsomolçuya düzəlmək üçün vaxt verirdi.

Əli Kərim də qıza vaxt verir: get fikirləş. Üç nöqtə…

Əli Kərim ailəli adam olub, arvad, üç uşaq, Bakıda həyat baha… O, şeirlə, “Azərbaycan” jurnalındakı işiylə dolanıb. Bəlkə ona heç kim deməyib ki, Daşkəsəni sox lirik şeirə. Ancaq Əli Kərimin içində qorxu yaşayıb. Həmişə fikirləşib ki, şeirində komsomol tərbiyəsi motivləri olmasa, onun jurnaldakı yerini verərlər başqa şairə. Onun yerini tutmağa hazır o qədər oğraş adamlar vardı ki…

And içərəm ki, bu şeiri sevənlər içində çox az adam (kişi cinsndən) tapılar ki, sevdikləri qızların ictimai həyata atılmağına, Daşkəsəndə filiz mədənində işləməyinə razı olsunlar. Azərbaycan oxucusu hələ də nə oxuduğunu başa düşmür…

Bu şeir Azərbaycanın son 60-70 ildə ən istedadlı adamlarından birinin faciəsini göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Təəssüf ki, Azərbaycanda əslində antiestetika olan sovet estetikasının mənəviyyata vurduğu ziyan barədə geniş və dərin diskussiya mümkün deyil. Çünki bu antiestetikanın yaradıcııq üzərində hakim olduğu dövrün xeyli hissəsində rəhbər olmuş insan ökədə toxunulmaz elan edilib. Antiestetika da onun qoyduğu irsin üzi hissəsi sayılır. Ona görə də “Komsomol poeması” oxunmasa da, komsomol səsi həyatımızda və sənətimizdə hələ uzun müddət səslənəcək…

 14.01. 2021, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-11

İlham Əliyev 4

Putin mənə zəng elədi,
Moskvaya çağırdı.

Dedi: “buyur qəbuluma,
Yoxsa işin ağırdı.

Paşinyanla görüşəsən,
Dedi gərək burda sən.

Bir alay da göndərərəm,
Əgər çəm-xəm eləsən”

   Ey! Uf!

 —

Uçub gəldim Moskvaya,
Nə əzizdir bu şəhər!

Hünərlərim olub burda,
Təsdiq edər bilənlər!

 —                   

Putin məni qucaqladı,
Öpüşdük on beş dəfə.

Brejnevlə öndər atam,

Belə  öpüşərdilər.

Həsəd ilə bu səhnəyə,
Durub baxdı Paşinyan.

Mırıldadı, bildim axır,
Ürəyindən qara qan.

Ey! Uf!

Statusdan danışmadıq,
Mövqeyimdir bu mənim.

Xocalıdan, Xankəndidən,
Danışmadıq həmçinin.

Sonra yaxşı kef elədik,
Yeyib-içdik, doymadıq.

Volodyanın xahişiylə,
“Uzundərə” oynadıq.

                     Ey! Uf!

Yənə gəzir Xankəndidə,
Ermənistan əsgəri.

Baş açmıram kimdir axı,
Bu hərbin müzəffəri.

                                EyUf!-                   

Medal yazdım Arəstəyə,

Şəhidinki medaldır!

Tənziləyə orden verdim,
Beləsinə halaldır!

Taxdım meydan sinəsinə,
Sonra baxdım bir ara.

Altımışa çatıb yaşı,
А какие буфера!

                      Ey! Uf!

Bir az artıb qiymətləri,
Ərzağın və benzinin.

Canı-başı sağlam olar,
Az yeyib çox gəzənin!

                     Ey! Uf!

Qızım Leyla şeir yazıb,

Əhalinin halından.

Ramiz Rövşən çevirəcək,
Yenə bir ev alanda!

                  Ey! Uf!

Mirzə ƏLİL

12-13 yanvar 2021, Samara

ƏSGƏRİN QURBANI

SONY DSC

Kənd yığışıbdır yenə, əsgər gəlir,
Düşməni yenmiş o, müzəffər gəlir.

Yollara çıxmış həm uşaq, həm qoca,
Gül də yığıb qış günü kənd bir qucaq.

Çatmamış əsgər, hələ ki, yol gedir,

Paltarı hərbi, yerişi adidir.

İstəsə də ciddi görünsün qoçaq,

Göz sözə baxmır və dayanmır dodaq.

Kəndə çatır, kənd alır ağuşuna,
Nitqi çəkilmiş kimi durmuş ana.

Bağrına bascaq atası  əsgəri
Hay vuraraq əmr eləyir: sür bəri!

Qoç gətirirlər, burulub buynuzu,

Boynu xələtli bu qoçun qırmızı.

Gözləri şişmiş elə bil qorxudan,
Öndə duyur təhlükə, həm arxadan.

Oynadır almaz tiyə heyvankəsən,
Yox hərəkət qoçda, çıxır səs nə də.

Buğlanaraq qansa axır durmadan,
Həndəvəri al boyayır isti qan…

Hamı məəttəl, hələ qan fışqırır,
Ağlayır əsgər, arabir qışqırır…

10-11.01. 2021, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-10

İlham Əliyev 4

Dünən gəldi qəbuluma,
Rüstəmxanlı Tənzilə.

Orden taxdım sinəsinə,
Gülümsədi naz ilə.

            Ey! Uf!

Mənəm yurdun ədaləti,
Hakim mən, vəkil də mən.

Hökm yazar, iş verərəm,
On il, on beş il də mən.

Ey! Uf!

Gündən-günə rus artırır,
Qarabağda qoşunu.

Təhrik edir yeni hərbə,
Bizim bədnam qonşunu.

Qarabağa ayvazyanlar,
Gəlib-gedir yenə də.

Bəlkə millət haqlı deyir:

Dəhliz olmaz bu gendə!

Ey! İf!

Putin məndən tələb edir,
Helkopter vuranı.

Deyir əməl eləməsən,
Vuracağam aranı.

             Ey! Uf!

Nazir oldu fərmanımla,
İndi Kərimov Anar.

Adaşı tək vəzifədə,

Qırx il-əlli il qalar.

Mədəniyyət paytaxdıdır,

Şuşamız indən belə.

Gərək bütün manısları,
Yığıb ora göndərəm.

Ey! Uf!

Leyla qızım şeir yazıb,
Kasıblara həsr edib.

Ramiz Rövşən çevirəcək,

Versəm bir hədiyyə də.

Ey! Uf!

Mirzə ƏLİL

06. 01. 2021, Samara

MƏŞƏDİ İBAD QİYAMI VƏ YA MƏDƏNİYYƏTİMİZDƏ ƏĞYAR PROBLEMİ

Hamı bilir ki, muğam çox ciddi musiqi janrıdır, bir qayda olaraq muğamların melodiyası hüznlüdür və muğama qulaq asan insanın, əıbəttə, üzü gülməz, kefi açılmaz, əksinə, Səməd Vurğun demişkən, “dərin fikirlərə qərq olar yazıq”. Mən özüm cavan vaxtlarımda muğamlara qulaq asarkən, Aynur Camalqızı demişkən, göz yaşlarıma hakim ola bilmirdim, bəzən dərd və qəm mənə elə güc gəlirdi ki, az qalırdım başımı daşa ya divarın tininə çırpım. Sonralar, yaşa dolduqca başladım muğamlarla oxunan sözlərə diqqətlə qulaq verməyə. Və qulaq asdıqca gördüm ki, bizim muğamlarımız əslində erotik janrdır. Muğam üstündə oxunan qəzəllərdə, oxucudan üzr istəyirəm, əsasən gəzəyən qız və qadınlardan söhbət gedir.

“Yüs yol dedim əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm, demərəm bir də dübarə, özü bilsin”.

Bu beyt məşhur qəzəlxan Vahidindir. Yəni ki, Vahidin və ya onun, ədəbiyyatşünaslar demişkən, lirik qəhrəmanının sevgilisi var. Bu xanım isə vaxtaşırı “əğyar ilə gəzir”. Yəqin ki, çox gəzir və tez-tez gəzir, çünki Vahid “yüz yol deyib gəzmə”. Ancaq xanım gəzməyindən qalmayıb. Yəni deyib elə canını alıb gəzəcəyəm.  Vahid də başa düşür ki, bu xanımla bacara bilməyəcək. “Ölsəm, demərən bir də dübarə…”

Ölsən, hardan deyərsən?

Mərhun İslam Rzayev bu mövzuda Vahidin başqa bir qəzəlini oxuyardı.

“Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”

Yəni Vahid ya onun lirik qəhrəmanı gəzəyən xanıma bənd olub, özü də yalvarır ki, “əğyar ilə gəzmə…”

Məlumdur ki, İslam Rzayevin səsinin şirinliyi qismən ondan idi ki, səsi burnundan çıxırdı. Bu qəzəli oxuyanda isə səs elə bil gözlərindən gəlirdi – göz yaşlarına bələnmiş halda, nəmli…

“Sənə çox yalvardım…”

Uşaq vaxtı bunu eşidəndə mənə ancaq “yalvardım” sözü çatırdı, “Əğyar”, “gəzmək”- zad başa düşmürdüm. Hər eşidəndə az qalırdım İjevsk adlı vallı radiomuza kəllə atım…

Sonralar bildim ki, “əğyar” kimdir, “gəzmək” nədir, və bu əğyar köpəkoğlu yarla nə oyun çıxarır…

Vallah, Amerikada, Fransada erotika qadağan olan vaxtlar bizim muğam oxuyan xanəndələrin repertuarı erotika ilə dolu olub…

Sonralar mən bunları başa düşəndə bir şeyə çox təəccüb elədim: yarları əğyarla gəzən kişilərin xoşqeyrətliliyinə. Məsələn, Puşkinin arvadı Natalyanın adına söz çıxanda Puşkin Dantesi duelə çağırır, onunla atışır və ağır yara alıb ölür…

Bizim şair isə deyir “çox yalvardım gəzmə…”

Bu, çox təəccüblüdür…

Bu əğyar köpəkoğlu bizim poeziyamıza və şəxsi həyatımıza çoxdan soxulub. Bir yaxşı qəzəl oxuyursan, iki aşiqin macərası qəlbini oxşayan dəmdə bu arvadbaz, şorgöz, pozğun əğyar hardansa çıxıb alır xanımı qoltuğuna, aparır “gəzməyə…”

Hə, gəzməyə… Biz uşaq deyilik, builirik belə gəzməklər necə olur…

Seyid Əzim Şirvaninin qəzəllərində əğyar adam-insan saymır, namus-qeyrət bilmir.

“Bağ içrə gəlib yarımı əğyar ilə gördüm…”

Yazıq Seyid Əzim bağa girib ki, bir az təmiz hava alsın, bülbüllərin nəğməsinə qulaq assın. Şeytana min lənət! Bağa girib ətrafına boylanan kimi Seyid Əzin görür ki, yarı əğyar ilə qol-boyundur…

İndi Seyid Əzim neyləməlidir? Bizdə, əlbəttə, duel olmayıb. Ancaq Seyid Əzim elə dəvətsiz-təklifsiz bu əğyarın üstünə atılmalıydı. Ən azı gərək onun qıçlarının arasına, düz təsərrüfatı yerləşən nöqtəyə yağlı bir təpik vurmalıydı…

Əfsus! Əğyar öz kefindədir. Seyid Əzim özünü korluğa vurur:

“Ey kaş olaydı bu tamaşadə gözüm kur…”

Demir ki, “kor olaydım”, farsdakı kimi“kur” deyir, burda gərək vəznə görə “u”-nu uzadasan: «kuuuur». Bir sözlə, məzhəkədir. Seyid Əzim təəssüf edir ki, “kur” deyil. Ancaq özünü korluğa qoymağa nə var?

Bağdan elə gözüyumulu çıxıb suyu süzülə-süzülə gedir…

Əğyar da qalır yarla…Başa düşürük onlar bağda neyləyirdilər…

Bu erotik qəzəli bizim çox müğənnimiz oxuyur. Mərhum Hacıbaba Hüseynovun repertuartında bu qəzəl yuxarı başda idi. Mahur üstündə, Segah üstündə… Bakıda, Bakı kəndlərində, radioda, televiziyada… Hamı da bu erotik qəzələ “bəh-bəh” deyir…

Vallah, Mirzə Əlil belə bir şey yazsaydı ya oxusaydı, İlham Əliyev sərəncam verib onu “antimilli ünsür” elan edərdi…

Mən başa düşmürəm ki, mənim gözəl millətim bir sadə sözə görə qarın cırmaqla, bağırsaqları qırağa tökməklə bu məzmunlu qəzəl və qoşmaları bir araya necə sığışdırır…

Və mənə elə gəlir ki, bizim ədəbiyyatımızda əğyara, bu ailələr dağıdan, eşq ocaqlarını viran qoyan məişət pozğunna qarşı bir kişi kimi qalxan yeganə insan Məşədi İbaddır.

Məşədi_İbad_(obraz)

Yadınızdadırsa, Məşədi İbad hasarın üstünə çıxanda görür ki, nişanlısı Gülnaz əğyarla, yəni Sərvərlə “eyş edir”. Və Məşədi İbad özünü korluğa qoymur!

“Qoçaq, sən orada nə qayırırsan?”

“Qoçaq, bəs sən orada nə qayırırsan?”

“Mən Rüstəm bəyin qızı  Gülnaz xanımla adaxlıbazlığa gəlmişəm…”.

Və sair…

Məşədi İbad əvvəlki dövrlərin əğyarla üzləşmiş xoşqeyrət aşiqlərini xatırlayır.

“Yox, mən o Məcnunlardan deyiləm!”

Məşədi İbad qiyam qaldırır! Məşədi İbad qiyamı!

Bəli, o, hasardan tullanıb Sərvərin boğazından yapışmır. Çünki əlli yaşında kişidir. Tullanan vaxtı deyil.

“Bu saətdə gedib qoçulara buraya yığacağam!”

Mən bir vaxtlar “Məşədi İbad” tamaşasının qrammofon yazısına çox qulaq asmışam. Məşədi İbadı bu tamaşada əfsanəvi Mirzağa Əliyev oynayırdı. Hər dəfə Məşədi İbad qoçuları yığacağanı elan edəndə mən ucadan deyərdim: “Afərin, Məşədi İbad, kişi adamsan!”

Məşədi İbadda o qədər qeyrət var ki, əğyarı aradan götürmək üçün beş min manat verir qoçulara. İndiki məzənnə ilə bəlkə beş milyon. İndi kim qeyrətə beş milyon xərcləyər? Və yaxud indi kimdə o qədər qeyrət pulu var?

Bəli, qoçular cüvəllağı çıxırlar, Məşədi İbadın pulunu yeyirlər. Əğyar da Gülnaz xanıma sahib olur. Ancaq, bir ABŞ filmində deyildiyi kimi, Məşədi İbad heç oımasa, cəhd elədi…

Məşədi İbadın qiyamı beləcə aldatma yolu ilə, alçaqlıqla yatırdıldı.

O vaxtdan indiyəcən əğyarlar kefindədir. Hansı bağa girsən, yarı əğyarla görərsən…

Aşiqlər də sızıldaşırlar: “Yüz yol dedim əğyar ilə gəzmə, yenə gəzdi…”

Mirzə ƏLİL

02. 01. 2020, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-9

İlham Əliyev 4

Qalib çıxdım köhnə ildən,
Müzəffərəm mən indi.

Kasıb-kusub ordusuyla,
Böyük zəfər qazandım.

                        Ey! Uf!

 Ermənilər partizanlıq,

Eləsə də, zərər yox.

Şalvarını batıracaq,
Əgər desən «Hende hoh!»

                     Ey! Uf!

Orden-medal paylayıram,

Səxavətdə təkəm mən.

Rütbə, fəxri ad verirəm,
Ölçü-biçi bilmədən.

                    Ey! Uf!

Rüstəmxanlı Tənzilənin,

Qiymət verdim işinə.

Bu ordeni öz əlimlə,
Gərək taxam döşünə.

Yaşı bir az çox olsa da,
Qabarıqdır sinədən.

Taxmağa yer tapılacaq,
Orden versəm nə qədər.

                      Ey! Uf!

Şəhid deyil, medal verəm,

Ona ucuz dəmirdən.
Cağbacağdır əri Sabir,
Harın oğlu Cəmil də.

Orden düşür beləsinə,
Qızıl suya çəkilən.

Şəhidinki dəmir medal,
Göy əskiyə bükülən.

                  Ey! Uf!

Millət bilsin, Cəbrayılı,
Zabit, əsgər almeyib.

Balıq verib, kürü verib,
Alıb Əfqan Nağıyev.

                    Ey!Uf!

Beləsini türmələrdə,
Qoyarammı çürüsün.

Zindanlarda günü keçsin,
Antimilli ünsürün.

Cəbrayılı ermənidən,

Aldı general Əfqan.

Götü yumşaq divanında,
Yara-mara almadan.

                  Ey! Uf!

Qızım Leyla şeir yazıb,
Əfqana, Tənziləyə.

Ramiz Rövşən çevirəcək,
Bizim dilə, gözləyin.

                         Ey! Uf!

Mirzə ƏLİL

0101. 2021, Samara