Архив | 22.01.2021

BAKIDA YAŞAMAQ MÖHTƏŞƏM FƏXR…

SONY DSC

Bakıda yaşamaq möhtəşəm fəxr,

Üstəlik vəzifə, gəlir də varsa.

Maşının bir neçə, mənzilin – qəsr,

Dənizdən də payın — ətrafı hasar.

—

Dağı var Bakının, var düzəni də,
Ancaq zirvədəsən sən harda olsan.

Soydaşın olsa da, sənə özgədir.

Həyatın dibində sürünən insan.

—

Paytaxtda yaşamaq fəxrdir, ancaq,

Burda da innsanın çatır axırı.

Adın, malın varsa, yer tapılacaq,

Gözəl Xiyabanda, özü də Fəxri.

—

Hardasa, könlündən, gözündən uzaq,

Kəndlər var, kəndlərdə adamlar da var.

Həyatsa fəxr yox, həyatdır ancaq,
Bir gözlə gülənin bir gözü ağlar.

—

Burda məzarlıq da adi və tanış,
O nə xiyabandır, fəxrdir nə də.

Təzə qəbirlərdən sıra yaranmış,

Yaslı analardır duran önündə.

—

Bəzənib qəbirlər allı-yaşıllı,
Toya alınanlar daşa bağlanır.

Şəkillər öpülür, ürək alışır,
Əsgərlər eşitmir analarını…

—

Burdan uzaqlarda fərari şəhər,
Bəzənir-düzənir, öz kefindədir.

Kefdə qəsrlilər, mersedeslilər,
Şərəf yox, qeyrət yox, həyatsa fəxri…

21. 01. 2021, Samara