«Azadlıq» radiosunun saytı üçün şərh
Biz azərbaycanlıların çoxunda hətta faciə səbəbiylə qurulmuş yığıncağı lağlağıya çevirmək xüsusuyyəti var, bəzən yas məzhəkəyə dönür, molla çevrilir təlxəyə. Bu, azsavadlı və ya tamam savadsız adamlar üçün çox əlverişlidir, çünki məzhəkə, lağlağı, qapazvurdu iştirakçıların hamısını ən azı zahirən bir səviyyəyə endirir.
Mən hələ qırx il qabaq “Azadlıq” radiosuna qulaq asdığım vaxtları xatırlayıram, radioya müxtəlif antenna əlavələri eləməklə, antennanı ovuca alıb sıxmaqla verilişləri qırıq-qırıq da olsa, eşitməyə çalışardıq. İndi Azərbaycan oxucusu və dinləyicisi üçün ən mühüm resurs olaa biləcək radionun saytındakı lağlağıçılıq, ən ciddi mövzunun müzakirəsini qapazvurduya, balıncatdıya çevirmək səylərini görmək məyusluq doğurur. Əlbəttə, bilik zəif olanda ya heç olmayanda arqument əvəzinə rişxənd, dişağartma, meymunluq üzə çıxarılır. “Oxucu”, “Dilçi” və s. Mən heç kimi təhqir etmək fikrində deyiləm, ancaq niyə bu adamlar öz adlarını yazmırlar yaxud daha neytral mənalı təxəllüsdən istifadə etmirlər? Burda biri mənim ağzımı əyir və yaşadığı yer kimi Samaranı göstərir. Bu nə deməkdir?
Əkrəm Əylisli, səhv etmirəmsə, “Kür qırağının meşələrində” müəllif adından yazırdı ki, bu kənd nəinki elektrikləşsə, hətta hər evdə yüz lampalıq çilçırraq yansa da, adamlar həminki olacaqlar…(Mən yaddaşda qalan kimi yazıram və təhrif etdiyimə görə üzr istəyirəm). İndi də bu Azərbaycan İnterneti…Amerika Konqresinin (səhv etmirəmsə) maliyyələşdidiyi və dünyada insanın ruh və fikir azadlıqlarının qorunmasına və inkişafına yönəlmiş “Azadlıq” radiosunda gedən müzakirələrin sünnət toyları səviyyəsinə endirilməsi təəssüf doğurur. Bundan artıq təəssüf doğuran özünü müxalifət fəalları sayan adamların bu radioya biganəliyidir, bu radio onlar üçün yalnız özləri çıxış edəndə maraqlı oliur və bu, müxalifətin xalq içində zəif dayağı olmağının səbəblərindən biridir…
O ki qaldı cənab Əylislinin romanına, mənə elə gəlir ki, Əkrəm müəllim bir vacib şeyi ya unudur ya özünü unudan kimi göstərir: Əkrəm Əylisli müharibədə basılmış, oğulları qırılmış, qadınları, uşaqları əsir getmiş xalqın nümayəndəsidir və düşmən tərəfə, özünün dediyi kimi, sülh məsajları göndərməklə özünü cəbhə xəttinin o tərəfinə qoyur. Və yaxşı olardı ki, Əkrəm müəllim özünü Tolstoyla mümkün qədər az müqayisə edəydi, qraf Tolstoy, nəhəngliyindən başqa, imperiya ordusunun zabiti olub, dağlılarla döyüşüb və dağlılardan üzr istəməyə mənəvi haqqı da vardı…
Понравилось это:
Нравится Загрузка...