Архив тегов | İsa Qəmbər

İSANIN AZƏRBAYCANDA ZÜHURU, QƏMBƏR VƏ QƏMBƏRQULULAR

Pravoslav, yəni ortodox xristianlar pasxanı, yəni onların Tanrı və eyni zamanda Tanrının oğlu saydıqları İsanın ölülükdən dirilmə gününü bayram edirlər. Biz müsəlmanlar, əlbəttə, İsanı Allahın oğlu,  Pasxanı da bayram saymırıq. Ancaq Allahın hikməti dərin, mərhəməti tükənməzdir. Onun qüdrəti ilə bizim öz İsamız da zühur elədi və Mirzə Əlilə çatan xəbərlərə görə, Azərbaycanda şadyanalıqdır və müsavatçılar şələ-şələ yağlı fəsəli bişirib paylayırlar.

Şiələr əsrlərdir ki, ağalarının zühurunu gözləyirlər, gözlərinin kökü saralıb, çoxu gözləməkdən vərəmləyib dünyasını dəyişir. Müsavatçılar isə İsa Qənbərin zühurunu cəmi on il gözlədilər.

İlahi, mərhəmətinə şükür!

Biz kimik ki, bilək Allah möcüzəsini haçan, harda göstərəcək! Ancaq əli Allahın ətəyindən üzülməyənlər İsa Qəmbərin zühuruna da ümidlərini üzməmişdilər!

Ya İsa! Ya İsa Qəmbər! Gəl sürünə yiyə dur!

Deyilənlərə görə, İsa Qəmbərin bu zühurundan sonra keçirilən qurultayda qərara alınıb ki, daha müsavat partiyasını üzvlərinə müsavatçı yox, qənbərqulu deyilsin. Necə ki, bizdə Məmmədqulu, Əliqulu, Hüseynqulu, Həsənqulu deyilib, bundan sonra da qənbərqulu deyiləcək. Məsələn, partiyanın 1800 qəmbərqulusu var. Sıravi qəmbərqulular, fəal qəmbərqulular, narkotiklə şərlənib tutulan qəmbərqulu və s.

Deməliyəm ki, mənim yerlilərim, salyanlı müsavatçılar çoxdan öz oğlan uşaqlarınln adını Qənbərqulu  qoyurlar. Ona görə Salyanda Qənbərqulu çağıranda beş-altı atam birdən cavab verir. Sıravi Salyan qənbərqulularının işi-peşəsi isə acqarına çayxanalarda acı çay içib şirin-şirin söhbət eləməkdir, yeganə narahatlıqları  çayın pulunu kimin verəcəyidir…Ancaq İsanın zühuru münasinbətilə çayxanalrda yağlı fəsəliyə kürü yaxıb veriblər. Kürünün ağbalıq ya çəki kürüsü olduğu məlum deyil…

O ki qaldı Əliyə…. Yəni Əli Kərimliyə, qorxuram ki, İsa Qəmbərin zühuru ona o qədər xoş gələ ki, o da özünü istefa vermişliyə qoya, beş-altı-ildən sonra zühur eləyə…

Ya bu gedən günün Tanrısı! Özün bilən məsləhətdir…

Mirzə ƏLİL

05. 05. 2024, Samara

İLHAM ƏLİYEV MÜXALİFƏTÇİLƏRİ GÖZ BƏBƏYİ KİMİ QORUYUR…

Baxıram ki, bu Əliyev rejimi deyilən və yazılan qədər də qəddar və ədalətsiz deyilmiş. Və hətta bu rejimdə çoxlu insanpərvərlik, demokratizm varmış.

Deyirlər ki, Əliyev rejimi müxalifəti əzib suyunu çıxarır. Ola bilsin ki, bi sözlərdə həqiqət var. Ancaq bu sözlərdə yalan da çoxdur.

Müxalifəti əzən rejim bilirsiniz neylərdi? Aparıb bütün müxalifətçilərin balalarını tökərdi cəbhəyə, hamısını da ön mövqeyə, erməniylə burun-buruna. Tökür? Tökmür. Qoyur? Qoymur. Lənkəranda, Salyanda, İmişlidə, Neftçalada, Şamaxıda, Qusarda və başqa kənd rayonlarında torpağa basdırılan uçaqlar məgər müxalifətçi idilər? Məgər onların ata-anaları müxalifətçi idilər? Yox, onlar hamısı siyasətdən uzaq adamlar olublar. Uşaqlarının ön mövqeyə düşməyinin səbəbi bir şeydir: onların kasıblığı!

Bir nəfər yaralı, burnu qanamış əsgər göstərin, deyin ki, bu uşaq İsa Qəmbərin, Əli Kərimlinin və adlarının bilmədiyim başqa müxalifət rəhbərlərinin oğludur və Əliyev acıqca onu ölümə göndərib. Belə əsgər var?

Və əgər müxalifətçilərdə belə şiddətli vətənpərvərlik varsa, niyə onların uşaqları hərbi məktəblərə girib zabit olmurlar? Ordu ququculuğu müxalifətin planlarına daxil deyil?

Mən Əli Kərimlinin İlham Əliyevə yazdığı məktubu təzədən oxuyandan sonra Vikipediyada Cəbhə rəhbərinin bioqrafiyasına baxdım: Əli Kərimli “müharibədə olmuşam” deyəndə 1989-cu ildə sərhəd rayonlarına səfərini nəzərdə tutur. İnsafla deyin: 1989-cu ildə müharibə vardı?

Nə deyirsiniz deyin, Əliyev müxalifəti sevir, müxalifətçiləri də, onların balalarını da göz bəbəyi kimi qoruyur. İtkilərin siyahısına baxın, özünüz əmin ola bilərsiniz…

13.04.2016

MÜSAVAT DİVANI

Müsavat yığışıbdır,

Şıdırğı Divan gedir.

Ara çox qızışıbdır,

Su yerinə qan gedir.

 

Qubad İbadoğlu tək,

Sıradan insan gedir.

Çarpışır Koroğlu tək,

Əldən-ayaqdan gedir.

 

Partiya dəyənəyi,

Əzir, yarımcan gedir.

Hələ ki İsa bəyin,

Qurduğu dövran gedir.

 

06.01. 2015 Samara

27-LƏR POEMASI

 

 

Məclisi guruldadı,

Bakıda Müsavatın.

Nitq dedi İsa bəy,

Uca tribunadan.

Hələ eşidilməyib,

Tayı belə dokladın.

Kişilər papaq atdı,
Ağladı neçə qadın.

Qəşş elədi ürəyi

Yeddi-səkkiz arvadın.

Qəmbər dedi: “gedirəm,

Təzə başqan yaradın!”

Onda pərdə dalına,

Cəm oldu kişi-qadın.

Səs verdilər, qanunu,

Bir qram da pozmadan.

Sayb dedilər: “Arif,

İndi başqandır adın”.

Adı ikinci gəlib,

İbadoğlu Qubadın”.

Heç xoşuna gələrmi

Bu iş bir demokratın?

İndi dəstə bağlayır,

İbadoğlu durmadan.

Deyirmən istəmirəm,

Qarın cırıb qanadım.

MTN-ə yazaram,

Pozulmaz mənim andım!

06.10.2014 Samara

 

 

 

 

 

 

 

 

«NƏ AĞIR YATDI BU OĞLAN…»

2018-ci il. Bakı. Arif Hacılı İsa Qəmbəri oyatmağa çalışır.

  • İsa bəy, İsa bəy! Durun!
  • Arif, sənsən? Qoy hələ bir il də yatım, gözümün acısını almamışam.
  • İsa bəy! Nə bir il? Durun!
  • Onda qoy bir altı ay yerdəmi alım.
  • İsa bəy! Yerdəmini sonra alarsınız. İndi prezident seçkiləri başlanır!
  • Harda? Amerikada? Sən öl, Arif, bizimkilər udacaq!
  • İsa bəy, seçkilər bizdə başlanır. Siz də namizədsiniz!
  • Hələ namizədəm? Onda qoy yatım, seçilən kimi çağırarsınız, duraram… Arif, sən öl, yaxşı yuxu görürdüm, məni oyatdın. Get, Arif, indi beş-altı ay yatım, bəlkə yuxumun ardını görə bildim…

 

28.09. 2018 Samara

İSA BƏY, SİZ XALQI HƏRİF SAYIRSINIZ?

Qərb demokratiyalarında müxalifət partiyasının rəhbəri həm də ölkə rəhbərliyinə (prezident, baş nazir) namizəddir. Bizdə guya partiya rəhbəri istefa verir, ancaq həmin saniyə prezidentliyə namizəd elan olunur. Bunlar camaatı hərif sayırlar? Partiyaya baş katib ya baş katibə seçirlər?

MİN İL KƏLLƏ-KƏLLƏYƏ

nar

Azərbaycanda müsavat-cəbhə qarşıdurması sünni-şiə qarşıdurmasından daha qədimdir, kökü islamdan əvvəlki dövrlərə gedib çıxır. “Kitabi-Dədə Qorqud” dastanlarında cəbhəçilərlə müsavatçıların mübarizəsi geniş əks olunub. Müasir Azərbaycanda bu qarşıdurma daha da kəskinləşib. Məlumdur ki, müsavatçılar cəbhəçilərə qız verməzlər, onlardan qız almazlar. Qızı müsavatçı oğluna qaçmış cəbhəçi deyir ki, qızım ölsəydi ya da yapçıya qaçsaydı, bundan min dəfə yaxşı olardı. Müsavatçı mollalar məclislərdə cəbhəçilərə, cəbhəçi mollalar müsavatçılara lənət deyirlər. Müsavatçı valideynlər qoymazlar ki, onların uşaqları cəbhəçi balalarıyla bir partada otursunlar. Cəbhəçi kişilər heç vaxt müsavatçı dəlləklərə baş qırxdırmazlar. Məlimdur ki, müsavatçılarla cəbhəçilərin hamamları həmişə ayrı olub. Müsavatçı, ürəyi yansa da, cəbhəçi qapısına gedib su istəməz. Cəbhəçi müsavatçıya su versə, qabı sonradan ya sındırar, ya da atar zibilliyə, çünki müsavatçının su içdiyi qab yumaqla təmizə çıxmaz.
Xarici jurnalistlərin yazdığına görə, müsavatçıları cəbhəçilərdən ayırmaq çətin deyil. Müsavatçılar dolmanı yarpaqlı-yarpaqlı yeyirlər, cəbhəçilər dolmanın yarpağını soyurlar. Cəbhəçilər yeriyəndə əvvəl sol ayaqlarını atırlar, müsavatçılar isə sağ ayaqlarını. Cəbhəçilərin bığları müsavatçıların bığlarından yekədir, ancaq cəbhəçiılərin qarınları bir az kiçikdir. Cəbhəçilər and içəndə “Sən öl!” deyirlər, müsavatçılar isə “Özüm ölüm!”
Bunlar, əlbəttə, kişilərə aiddir. O ki qaldı qadınlara, onlar barədə bir söz demək çətindir, çünki müsavatçıların da, cəbhəçilərin də arvadları qıraq-bacağa çıxmazlar…

18.01. 2014-01-18

Mirzə Əil

MİLLİ ŞURA HAMAMDA

nar

                                              Üzeyir byə bənzətməBakı hamamlarından biri. Cəmil Həsənli hovuzun qırağında qətfəyə bürünüb çay içir. Kisəçilər rəqs edib oxuyurlar:
— Hamamın içində,
-İçində və çölündə,
Yay, yaz, qış-bahar,
İlham Əlyevin,
Atalıq qayğısı var.
Cəmil Həsənli: Məni prezident seçin, sizə analoqu olmayan qayğı göstərəcəm.
Bu dəmdə içəri tərəfdən İsgəndər Həmidov anadangəlmə lüt çıxır.
İ. Həmidov (hamamçıya): Brat, mən başa düşmədim, bu nə sudur!
Hamamçı: İsgəndər bəy, şollar suyudur, hələ Qəbələ suyu da qatmışam.
İ. Həmidov: Brat, məni lox sayırsan? Mən bilirəm Qəbələ suyunda kimlər çimir. Sənin suyun bozbaş suyuna oxşadı. Mən on il srok yatmışam, heç türmədə belə pis hamam görməmişəm. Mən burda qalmaram (Elə lüt çıxır)
Cəmil Həsənli. A kişilər, vallah, lap yaxşı sudur.
Əli Kərimli qurşağacan qətfəyə bürünmüş halda görünür.
Ə. Kərimli: Cənablar, əgər desələr ki, mənə bu hamamda xarici pasport verəcəklər, yenə mən bura gəlmərəm. Mənə belə hamam lazım deyil, ayda bir dəfə Saatlıya gedib Arazda çimsəm, bundan yaxşıdır. (Çıxır)
İsa Qəmbər qətfəli görünür.
İ. Qəmbər: Əfəndilər! Bilirsiniz ki, İlham Əliyev mənim hamamma da, suyuma da həbs qoyub. Qonşuda çimməyə məcburam, hərçənd qonşum yapçıdır. Ancaq belə hamamdansa, yapçı hamamı yaxşıdır. Mən bir də bura gəlmərəm. (Çıxır)
Cəmil Həsənli (hamamçıya) Vallah, bilmirəm bu bəylərə nə oldu. Hamam lap yaxşı hamamdır… Bunlar getdilər, indi gərək hamam pulunu verəm… Evdən də boş çıxdım. O telefonu ver, Rüstəm bəyə bir zəng vurum… Rüstəm bəy! Biz hamamda Milli Şuranın iclasının keçiriridik, icra pulunu verə bilmirik. Hə, üç-dörd yüz baks. İki yüz göndərirsən? Axırıncı dəfə olsun? Milli şura ya hamam? Nə, пошли мы все в баню? (hamamçıya) Rüstəm bəydən pul gələcək. Özü də deyir, hamınız hamam gedin.
Hamamçı: Ay professor, bizim millətinki elə hamamdır.
Kisəçilər oynayıb oxuyurlar:
Yay, yaz, qış-bahar,
Burda Əliyevin,
Atalıq qayğısı var…

12. 01. 14 Samara

AYRILIQ MAHNISI

ifa edirlər İsa Qəmbər və Əli Kərimli

 

          İsa Qəmbər

Gecılər istidən yata bilmirəm,

Zalım iqtidara bata bilmirən,

Səndən də bezmişəm, ata bilmirəm,

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Bilmirəm birləşık, ya da ayrılaq.

 

               Əli Kərimli

Gecələr yuxuma girir Saatlı,

Cəbhə piyadadlr, iqtidar atlı.

Nə ola, pasportum qaytarılaydı,

Deyəydin ay İsa, “aman ayrılıq!”

Bilmirəm birləşək ya da ayrılaq.

 

                   Birlikdə

              

Deyirlər guya biz qocaldıq daha,

Gərək cavanları çəkək qabağa.

İstefa versək də, bu ayrılığa,

Xalq dözməz, söyləyər: “aman ayrılıq!”
Hər bir dərddən olur yaman ayrlıq.

 

08.01. 2014