Архив | Апрель 2018

UİLYAM ŞEKSPİR.  130-CU SONETİN İKİ TƏCÜMƏSİ

sonnet 130.jpg

   130-CU SONET    (heca ilə)

                             My mistress’ eyes are nothing like the sun…      

Günəşə gözləri onun bənzəmir,
Mərcan tək al deyil dodaqları da,
Sinəsi ağ deyil heç də qar kimi,

Qara məftil bitir onun başında.

 

Dəməşq qızılgülü ağ var, al da var,
Onlara bənzəmir yanaqlarısa.

Ətir var qoxusu daha xoş olar,
Onun nəfəsindən, yanında dursan.

 

Nitqini sevirəm, bilirəm hərçənd,

Qəlbə daha xoşdur musiqi səsi.

İlahə yerişi görməmişəm mən,
Addımı ağırdır sevgiliminsə.

 

            Ancaq üstün deyil ondan heç biri,    

            Yalan təşbehlərlə bəzənmişlərin.

 

İngiliscədən tərcümə

26.04.2018

Samara

              

130-CU SONET (əruzla)

              My mistress’ eyes are nothing like the sun;
Coral is far more red than her lips’ red…

Bənzəri gözlərinin yox günəşə,

Daha aldır dodağından mərcan.
Qar kimi ağ deyil əsmər sinəsi,

Saçı məftil kimi qara, burulan.

 

Dəməşq qızılgülü var qırmzı, ağ,

Bənzəməz onlara yanaqları da.

Daha gözəl və xoş ətirlər var,

Nəfəsindən onun gələn qoxudan.

 

Necə sevsəm də yarın nitqini mən,

Daha xoşdur, bilirəm, nəğmə səsi.

Necə gəzir ilahə, görməmişəm,

Mənim yarımsa torpaq üstdə gəzir.

  

         Bilirəm mən, yenə çatmaz amma,

         Saxta tərifli gözəllər yarıma.

İngiliscədən tərcümə

29.09.16

Samara

 

 

 UİLYAM ŞEKSPİR. 129-CU SONET      

Sonnet129.jpg

    Th’ expense of spirit in a waste of shame… 

Şəhvət – ruhun ayıb biyabanıında,

Boş yerə xərcidir — baş tutan zaman.
Əvvəlsə — yalandır, qətl və qandır,
Onunla vəhşiyə çevrilir insan.

 

Tez ikrah yaranır kef sona yetcək.
Dəli tək qaçırlar dalınca, amma,
Dəli tək nifrət də edirlər, necə,

Tələ yemi udan gedər ağıldan.

 

İstəyən də dəli, çatan da dəli,

Olmuş,  arzulanan, olan da bəla.

İstəyən xoşbəxtdir, alansa qəmli,
Olmamış – sevincdir, oldusa – xülya.

 

            Bizi cəhənnəmə aparan cənnət
            Kefindən yayına bilmirik fəqət.

İngiliscədən tərcümə

24-25.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 128-Cİ SONET

Sonnet_128_1609.jpg

                How oft when thou, my music, music play’st

 

Elə ki, çalırsan, könlüm nəğməsi,

Gəzərək bəxtəvər taxta dilləri,
İncə barmaqlarla, simlərin səsi,

Qulağımı deyil, qəlbimi dəlir.

Görəndə canımı yandırır həsəd,

Dillər necə öpür ovuclarından,
Mənim dodaqlarım nemətə həsrət —

Qızarır onların açıqlığından.

 

Sənin əllərinlə belə oxşanan,
Dillərə dönəydi dodaqlarım da,

İncə barmaqların dəyib toxunan,
Ağacda bu təmas həyat oyadır.
Eləsə, barmaqlar olsun onların,

Mənəsə ver öpüm dodaqlarını.

 

İngiliscədən tərcümə

23-24.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 127-Cİ SONET           

sonnet 127.jpg

                   In the old age black was not counted fair…

 

Gözəl sayılmazdı qabaq qara rəng,

Gözəl deməzdilər, gözəl olsa da.

Gözəlliyyə varis qaradır hərçənd,

İndi gözəlliksə alır bic adı.

 

Təbiət işinə əl atır hər kəs,
Gözələ döndərir çirkin olanı.

Nə adı var əsil gözəlliyinsə,
Nə evi, yaşayır batıb böhtana.

 

Sevgilimin gözü buna görə də,
Qırğı tək qaradır, yas tutar belə,
Gözəl doğulmadan gözəllənərək,
Ləkə gərtirənə əsil gözələ.

 

               
                            Ancaq ona elə yaraşır bu yas,

                           “Əsil gözəl budur” söyləyir hər kəs.

 

İngiliscədən tərcümə

22.04.2018

Samara

ŞARL BODLER.  ETİRAF           

бодлер

(Confession)

Bircə dəfə, şirin, mehriban qadın,

İncə əlinizi əlimin üstə
Qoydunuz (qəlbimin qaranlıq, dərin,

Yerində xatirə hələ də isti).

 

Gec idi, təzəcə bir medal kimi,

Göydə nurlanırdı bədrlənmiş ay.

Gecə təntənəsi axıb çay kimi,
Yuxulu Parisə enirdi lay-lay.

 

Evlərin boyunca, darvaza altda,
Pişiklər oğrunca sivişib kedir
Səssiz, ehtiyatla; sanki həyatdan,

Gedən əzizlərin kölgələridir.

 

Mərhəm sərbəstliyin içində birdən,
Qabıqdan çıxan tək, ay işığında,
Musuqi aləti yarandı sizdən,
Səsi gur və zəngin, nəğməsi şəndi.

 

Dan ağaran zaman çalınan şeypur,
Səsinə bənzəyən, təmiz və şaqraq,
Bir not ucaldı ki, qəribə və gur,

Uzaqlaşıb getdi yırğalanaraq.

 

Əfəl, qaraqabaq, qorxulu, kirli,

Xəcalət uşaq tək ata-anaya.

Onlar elə bil ki, nə vaxtdan bəri,

Onu yer altında gizli saxlayıb.

 
Notu yazıq mələk oxudu belə:

“Yox daha etibar burda heç nəyə;

Rəngləyə özünü necə səy ilə,

İnsan eqozmi açılır yenə;

 

Boş şeydir ürəkdə nəsə tikəsən

Məhv olar gözəllik, ölər sevgi də.

Fənalıq yığaraq öz kisəsinə,
Qaytarar onları əbədiyyətə”.

 

Çıxmır heç yadımdan o dərin sükut,

O şirin yorğunluq, o sehrli ay.

Ürək hücrəsinə sanki üz tutub,
Söylənən dəhşətli mərhəm etiraf.

 

Fransızcadan tərcümə

24-27.04.2018

Samara

      UİLYAM ŞEKSPİR. 126-CI SONET

sonnet 126.jpg

   O thou, my lovely boy, who in thy pow’r
Sənin hökmündədir, sevimli oğlan,
Dəyişkən aynalı, oraqlı zaman.

 

Səni ötən illər çiçəkləndirir,

Sənin sevgilinsə saralıb gedir.
Fənalıq tanrısı təbiət  əgər,

Səni, yaş gedirkən, çəkib geriyə,

 

Saxlayırsa, deyir gücü zamanı,
Rüsvay edə bilər, öldürər anı.

 

Qorx bu təbiətdən, inci bilsə də,
Səni, saxlamaz o ancaq əbədi.

Ondan da hesabat istəniləndə,
Zamana borcunu ödər səninlə.

 

İngiliscədən tərcümə

21-22.04.2018

Samara

QEYD: Bu şeir yalnız şərti olaraq sonet sayılır; üç katrendən və yekun beytindən ibarət olanş Şekspir  sonetlərindən fərqli olaraq, 126-cı sonet 6 ikilikdən ibarətdir.

İLAHİ, NƏ YAXŞI, GETDİ CAVANLIQ…

26..jpg

İlahi, nə yaxşı, getdi cavanlıq,

Getdi diş ağrısı çəkilən kimi,

Belimi ağrıdan, əzən çiynimi,
Şələdən qurtarıb canım elə bil.

 

İndi buz kimidir ürəyim daha,
Keçib sevgilərin odu haçandır,
Kükrəməz, qaynamaz indi  qanım da,

Elə bil ki, sudur, axıb gedər lal.

 

Gəlməz eynimə də fəsildəyişim,
Çevrilir vərəqlər sanki, oxunmur.
Quşların nəğməsi qəlbə toxunmur,
Baxmaram qar düşüb, çiçək döşənib.

 

Daha görüşlərə tələsmirəm mən,

Nəfəsim tutulmur yar həvəsiylə.

Can daha naz-nemət hərisi deyil,

İncidən olsa da, küsə bilmirəm.

 

Ayıra bilmirəm öləni sağdan.

Ən əziz insanlar yadımdan çıxır.
Elə ağlayıram, gözlərim çıxır,

Ancaq bilmirəm ki, nədir ağladan…

 

Qüvvə də qalmayıb indi əlimdə,

Yapışıb saxlaya biləm həyatı,

Çoxdan cavanlığın getdi saatı,

İlahi, hazıram özüm də gedəm…

 

26.04. 2018

Samara

 UİLYAM ŞEKSPİR. 125-Cİ SONET

sonnet-125.jpg
          Were’t ought to me I bore the canopy

Çiynimə alaraq taxt-rəvanı,

Ehtiram göstərsəm, bunda nə önəm?

Özüllər ya qoyam uzaq zamana,

Bilirkən xaraba qalacaq hökmən.

 

Görmüşəm görkəm və cəlal sevənlər,
Sərvət itiriblər bu ehtirasdan.

Sadədən yayınan miskin bəxtəvər.
Ləzizə xərcləyib nəyi vardısa.

 

Ver mənə qəlbində həqiranə yer,

Sadə və səmimi hədiyyəmi al.

Nə saniyə sayar, nə hiylə bilər,
Ancaq əvəz kimi özünü qaytar.

                            

                          Muzdlu xəbərçi, get! Sadiq insanı,

                         Gözdən sala bilməz sənin böhtanın.

İngiliscədən tərcümə

21.04.2018

Samara

ŞARL BODLER. ÖLÜMDƏN SONRAKI PEŞMANLIQLAR

 

бодлер           

Remords posthume

Gələr zaman, uyuyarsan, mənim əsmər  gözəlim,

Qara mərmərdən olan abidənin altında.

Daha dünyada sənin mənzilin də, taxtın da,

Bir məzardır ki, damından sızıb yağış süzülər.

 

Əzər məzar daşı o vaxt sənin ürkək sinəni,
Böyür-başın sıxılıb yumşalar və incələr həm.

Susar, döyünməz ürək, arzun, istəyin keçinər,

Ayaqların daşımaz indi kef dalınca səni.

 

Sirdaşım, arzularımdan tamam xəbərli  məzar,

(Şairi yaxşı kim anlar ki, məzardan özgə)

Gələr gecə elə ki, burda yasaq yatmaqsa:

 

Sənə deyər: Kimə nə indi, günahkar dilbər,

Xəbərin olmayıb sənin ki, ağlayır ölü də.

Elə peşmanlığın kimi səni qurdlar da didər.

Fransızcadan tərcümə

23-24.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 124-CÜ SONET

sonnet 124.jpg

          If my dear love were but the child of state…

Əgər inci sevgim təsadüflərin,
Övladı olsaydı, bic sayılarıdı.

Görərdi yaxşını, dadardı pisdən,

Gah alaq adlanar, gah gül olardı.

 

Heç də yaranmamış o, təsadüfən,

Cəlala baş əyməz, zərbəsi altda,
Gözdəndüşmələrin əyilər nə də —

Bu da ki, dəbdədir indiki vaxtda.

 

Qorxmaz siyasətdən — bu saat, indi

Xeyrini həmişə güdən hoqqadan.

Özü siyasətdə mətin; istidən,

Nə artar, məhv edər nə də ki, leysan.

 

                           Dünyada kütlərə bu, dərsdir: ömür,

                           Kimə cinayətsə, şərəfdir ölüm.

 

İngiliscədən tərcümə

20.04.2018

Samara