UİLYAM ŞEKSPİR. 122-Cİ SONET

sonnet-122.jpg

     Thy gift, thy tables, are within my brain

 

Verdiyin hədiyyə, o dəftər ki, var,
İndi beynimdədir, xatirə dolu.

Fövqündə bu vecsiz yazımın qalar,
Gedər zamanların sonuna doğru.

 

Ya da ki, ürəyim, beynim təbiət,
Qoyan qayda ilə yaşayanacan.

Hələ ki onlardan çatanda möhlət,
Sənin xatirəni silməyib zaman.

 

O xırda dəftərin tutduğu nəydi,
Niyə də sevgini qeydə alasan?
Niyə saxlayaydım o gündəliyi? –

Ürək yaddaşında sən daha çoxsan.

 

                          Səni yada salan nəsə saxlamaq,
                          Unutqanlığımı göstərər ancaq.  

İngiliscədən tərcümə

18.04.2018

Samara

QEYD: Bu sonetdə şair sevimli gəncin ona birgə olduqları vaxtı yazmaq üçün verdiyi qeyd dəftərini (“tables”) atdığına ya itirdiyinə belə bəraət qazandırır ki, onun yaddaşı hər hansı dəftərdən etibarlıdır.

ŞARL BODLER. LEŞ

 

бодлер

  Rappelez-vous l’objet que nous vîmes, mon âme…

Canım, yadındadırmı, gözəl yay səhərində,

Gördüyümüz şey indi:

Cığırın döngəcində, çınqılın üzərində,

Müdhiş leş sərilibdir.

 

Sürüşkən qadın kimi göydədir ayaqları,
Öd damır hər  yerindən,
Nə abrı, nə hayası, qarnı da açıq qalıb,
Qoxu baş hərləndirir.

 

Od saçır çürüntüyə günəş, yəqin istəyir elə

Dağılanacan bişə,

Təbiətə qaytara yüz qat artığı ilə,

Vəhdətdə yaranmışı.

 

Səma bu gözəl leşin tamaşasına durub,

Sanki  gül çiçəkləyir.

Qoxu ağır, qorxdunuz itər birdən huşunuz,

Otun üstdəcə elə.

 

Çürük qarnı bürüyüb milçəklər vızıldaşır,
Qalxır qara taqımlar.

Qanlı tikə-parçaya ordu tək qurd daraşıb,

Cəmdəyi yağmalayır.

 

Bütün bunlar ucalır, enirdi bir dalğa tək,

Parlayıb axırdı ya.

Naməlum bir nəfəsdən sanki şişirdi cəmdək,

Yaşayırdı artaraq.

 

Qəribə musiqi də dinir burda elə bil,

Su axır, əsir külək,

Dənsovuran ritmlə dəni ya da tərpədir,
Qabı silkələyərək.
Forma pozulub gedir, qalan indi xülyadır,

Cizgilər yavaş düşür,

Unudulmuş kətana, yadda saxladığıyla,
Bitər rəssamın işi.

 

Narahat bir it durub baxır bizə acıqlı,
Daşların arxasından.

Skeletin üstündə tikəni qoyub qaçıb,

Aparmağa güdür an.

 

Və siz də dönərsiniz belə bir çürüntüyə,
Azar mənbəyinə həm.

Gözlərimin işığı, könül günəşim, göyüm,

Ehtirasım, mələyim!

 

Bəli, belə olacaq, gözəllik Məleykəsi,

Son ayinlər keçəndə,

Otun, çiçəyin altda sizi də basacaq kif,
Sümüklərin içində. 

 

Onda, mənim gözəlim, sizi öpüşləriylə

Yeyən qurdlara deyin,

Saxlamışam ilahi ruhunu həmişəlik,

Mənim fəna eşqimin.

 

Fransızcadan tərcümə

19.04.2018

Samara