KOMANDAN ÇAY İÇİR CIDIR DÜZÜNDƏ…

20.03. 2020

Komandan çay içir Cıdır düzündə,
Sağında arvadı, solunda qızı,
Ya da ki, tərsinə. Ana qızından,
Cavandır elə bil beş-on yaş azı.

—

Görünür dumanlı dağlar arxada,
Görünən heç nə yox həndəvərdəsə.

Çay içir komandan, qızı, arvadı,

Çəkənlər vurnuxur önlərindəsə.

—

Görünmür bu çayı qoyan, dəmləyən,
Paxlava bişirən görünür nə də.

Belində bu masa, stullar gələn,

Əsgər indi durub hardasa gendə.

—

Yox bu paxlavalı masa dalında,

Şəhəri yağıdan qanıyla alan.

Yalınəl əsgərin sağ qalanından,
Paxlavalı çaya yox çağırılan.

—

Çay içir komandan, qızı, arvadı,

Üçü də oturub hərbi geyimlə.

Yüz ildir ölkəni idarə edir,
Bir əsgər verməyib ailə hələ…

—

Yatır torpaq altda sütül uşaqlar,
Dəmirdən medaldır onların haqqı.

Ali Baş Komandan! Soruşmaq olar? –

Sizin öz oğlunuz hardadır axı?…

17. 01. 2021, Samara