27 SENTYABR 2020-Cİ İL

əli_tagiyev

salyanlı əsgər Əli Tağıyevin xatirəsinə

Dan yeri qızarıb, tələsmir ay da,
Çəkilib getməyə göydən hələ ki.

Bəlkə son yuxudan durub piyada,
Baxmır aya, günə, gözü yol çəkir.

Nizam-intizamla dayanmış əsgər.

Geyim mükəmməldir, təzədir yaraq.
Baxışdan, üzdənsə uşağa bənzər,

Oda atılacaq indi bu uşaq.

Yersizdir Şekspir tərəddüdləri,
Burda “olum” yoxdur, “ölüm” var ancaq.

Hamletin taleyi öz əlindədir,

Beş əsr düşünür qərardan qabaq.

Səninsə taleyin bir əmrə bənddir,
Sahibi deyilsən öz həyatının.

Komandir “İrəli” qışqırar indi,

Gedərsən, minadır ayağın altı…

“Can, bala!” deyərək ağlayan anan,

Tikan qanadanda ayaqlarını,
Duyar aparanda səni qızıl qan,
Əl atıb dağıdar yanaqlarını…

Ay və gün yox olar, yer və göy itər,

Son verər bu savaş gənc həyatına,

Artırar Bakıda çevik fəhlələr,

Dəmir medalların hasilatını…

Şəklinə baxıram, şəklin ağladır,
Baxışdan uşaqsan, üzdən uşaqsan.

Zirvə söhbətləri hoqqa və lağdır,
Ölmüsən, haqqın var möhtəşəm yasa.

Məzarın önünə gəlib baş əyə,
Parket generalı, vəkil və nazir.

Ölkəni hərləyən, xalqı hərləyən,

Gəlib torpağına üz qoya bir-bir.

Qara bağlanaraq ensin bayraqlar,
Balaban çalınsın, Albinoni də.

Ali baş komandan, dizini qatla!

Müzəffər əsgərin borcunu ödə!

27. 01. 2021, Samara

ANIM GÜNÜ

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.

Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Amma gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

27.09. 2021, Samara

ŞƏHİD ƏSGƏRİN MEDALI