Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.
Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.
—
Daha şirə tutub bütün meyvələr,
Günəş kefə işlər, kef verər indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.
—
Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.
Ancaq gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…
—
Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.
Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.
—
Soydaşm… Ağalar, gözəl xanımlar!
Hava nə gözəldir, eyvana çıxın!
Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.
—
Orda ölümü var bir neçə minin,
Heç biri sizinki, mənimki deyil.
Getdilər, öldülər vətən naminə,
Siz də yayındınız, mən də keçən il.
—
Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.
—
Soydaşım! Ağalar, gözəl xanımlar!
Yəqin ki, fikriniz gələcəkdədir.
Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…
27.09. 2021, Samara