Архив тегов | ANIM GÜNÜ HAQQINDA ŞEİR

ANIM GÜNÜ

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.

Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Ancaq gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

27.09. 2021, Samara