Архив | 10.11.2026

BAŞIMI BİR TƏHƏR ALDADIN MƏNİM…

Səbəbsiz ağlardı elə ki, uşaq,

Evi götürərdi başına səsi.

Məsləhətlərə güc çatırdı ancaq
Məsləhətlərinsə yoxdu təzəsi.

 

“Başını bir şeylə bunun aldadın,

Tökün qabağıma oyuncaqları.
Qoyun yelləncəyə, yaxşı yellədin,

Yenə də çığırsa, çatlasa bağrı.

 

Bunu boynunuza mindirin ya da,

Çıxıb həndəvərdə at kimi çapın.

Ya alıb qucağa gəzin piyada,

Dərdi var, axtarıb bir əlac tapın…”

 

O uşaq kimiyəm elə indi mən,

Gözümün yaşını axıtmasam da.

Məyusam, özüm də bilmirəm nədən,

Artır ürəyimin sıxıntısı da.

 

Əfsus, oyuncaqlar məni ovutmaz,
Nə də ki, aparıb məni yellədin.
Bilirəm, ürəkdən bu qüssə getməz.

Başımı bir şeylə ancaq aldadın…

 

10. 11. 26, Samara