Архив | 06.12.2019

ANAMLA SÖHBƏT

18.11. 19

Yenə aldı qapını qış,

Hava dəyişdi birdən.

Soyuq külək, soyuq yağış,
Qar da yağacaq hərdən.

 

 

Tavanından evin axır,
Yoxdur çıxıb düzəldən.

Üç ay-dörd ay nədir axı,
Səbrini yığ, döz, məmə!

 

 

Kəsiləcək gah işığın,
Gah pilətən sönəcək,
Qarnın ac, başın ağrılı,

Nə isti, nə çay-çörək.

 

 

Pişik gəzər qucağını,

Özü üşüyər yazıq.

Odu sönər ocağının,

Nöyüt verən yox artıq.

 

 

Pəncərədən qıyıq baxıb,
Məmə, yenə ağladın…

Üç ay-dörd ay nədir axı,

Bahar gəlir qabaqda…

 

 

Hovuzunda, şaxta düşsə,
Suyu yəqin dondurar.

Qorxma, qonşu Məmədseyin,
Qablarını doldurar.

 

 

Qorxma, alıb gətirəcək,

Çörəyini Gülşəndə.

Arxayınsan, varsa çörək,
Yeməsən də, yesən də.

 

 

Unudarsan sən naharı,
Şam da çıxar yadından

Üç ay-dörd ay nədir axı,

Gələr yazın, yayın da…

 

 

Sən gedəni bu dünyadan.

Yaxınlaşır beş ilə.

Danışıram yenə də mən,

Məmə, hər gün səninlə.

 

 

Nə baharı, nə qışı var,
Sən gedən yerin, məmə.
Ancaq qış ki, gəlib çatar,

Qubar dolur içimə.

 

 

Titrədirəm, qızdırıram,
Sən düşüncə yadıma,

Günahkaram, üzüm qara —
Başım batsın, adım da…

 

06. 12. 2019, Samara