Архив тегов | Salyan stansiyası

“SƏN DƏ O FİTƏ BƏNDDİN, MƏN DƏ…”

U LENİ. KİNO       

Cəfər Mehdiyevə

Bethovenin beşinci simfoniyası necə,
Başlananda ürəyi, sinirləri titrədir,
Vağzalda ya yolüstü qatar fiti dinincə,
Ürək elə çırpınır, bəzən qarışır fikir.

 + 

Kimsə ayrılıb gedir, özün gedirsən ya da,

Vaxt yetişir, fit dinir, çaşırsan, duruxursan.

Tale qapını döymür, durub artıq yanında,
Qulaqlarını dələn onun səsidir bu an…

 +

Qaynar yay gecələri, zəbt edib sərin zalı,
Səhər açılanacan çay içər, danışardıq.

Sağlam fikri və elmi elmikommunizmlə,

Uzlaşdırmağa cəhdlə tər töküb çalışardıq.

 +

Gecənin bir aləmi  qatar fiti dinərdi,
Çaşardıq, duruxardıq, yaranardı pauza.

Sən də bu fitə bənddin, mən də bu fitə bənddim,

Getməliydik elə bil biz haçansa, harasa…

 +

O gecə qatarınıın yolu uzaq deyildi:

Bakıdan Astaraya, Bakıya Astaradan,
Mükaliməni kəsən qatarın fiti idi,

Tale çağırışıydı sanki səslənən o an…

 +

Dahi Trevitikin ixtirası yoldadır,

Relslərdən krujeva toxunub kürəmizdə,

Dəyişılib ölkələr, dəyişilib adları,

Yox daha SSRİ, elmi kommunizm də.

 +

Qatar fiti eşitsəm harda, kinoda belə,

Duruxuram. Elə bil taleyin öz səsidir,

Qulaqlarımı dələn Bethoven qüdrətiylə.

Yola səsləyir, ancaq vaxtını saxlayır sirr.

 

14.05 2023, Samara

 

 

XALOĞLUM HƏSƏN ÜÇÜN BAYATILAR

Həsən, gəl ay Həsən, gəl,

Qulaq, burun kəsən, gəl.

Topunu Salyanda qoy,
Elə tüfənglə sən gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Oğul-uşaq basan, gəl.

Neçə xanım ağlaşır,
Deyir “Qasan, Qasan, gəl!”

Həsən, gəl, ay Həsən, gəl,
Burda var nə desən, gəl.

Araq gedir yağ kimi,
Olsa yaxşı içən, gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Min cavana dəyən, gəl,
Bir xanım sənə peşkəş
Kəniz də, istəsən, gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Hər iş qoşub düzən, gəl!

Rusiyətdə, İranda

Yeyib-içib gəzən, gəl!

Həsən, gəl, ay Həsən, gəl,
Yaxşı geyin, bəzən gəl.

Təki can sulu olsun,

Demə qocalmısan, gəl!

Saç ağarıb, üz qara,
Min qatara, gəl bura.

Başım, gözüm ağrıyır,
Apar mənu doxdura…

23.05. 2021, Samara

QIRXDÜYMƏ KAMIL

U LENİ

Xaloğlum Əlinin xatirəsinə

             

O, hündür adamdı. Boyu bəlkə də, 
Kim bilir, ucaydı iki metrdən.

Sıx qara saçlıydı, bığı yekəydi,
Bir az saralmışdı tütündən həm də.

 

 

 

Sümükdən iriydi, gen sinəliydi,
Qaməti düppədüz, yerişi məğrur.

Nimdaş olmasaydı əgər geydiyi,

Deyərdin bu adam prokurordur.

 

 

 

Ucuz “Avrora”nı elə çəkirdi,
Elə bil siqardı, Kubadan gəlib.

Həmişə qayğılı, dərin fikirdə,
Gözləri dumanlı, baxışı qərib.

 

 

Xaloğlum Əliylə söhbəti ancaq

Tuturdu. Stansiya çayxanasında,

Hərdənbir oturub  vururdular çay,

Kamıl danışardı sakit, astadan.

 

 

 

“Aspirant olanda Moskvada mən…”

Söhbətə başlardı beləcə Kamıl.

“Aspirant? Bilmirdim… Bəs hansı fəndən?”

“Kirminalistika…MQU-da…üç il…

 

 

Tez-tez çağırırdı  yanına dekan,

Məsləhət verirdim ştatdankənar…”

“Kamıl, sən? Dekana?…” “Məni o zaman,
Tanımayan yoxdu… Bir lətifə var…

 

 

Sizə danışardım… ruscadır ancaq”.

“Kamıl, danış, bəlkə baş tapa bildik,

“Boşa istəmirəm ağzımı yormaq…”

Pauza yaranır kriminalistik…

 

 

O, daş stəkanı elə qaldırır,
Sanki ingilisdir, içdiyi viski,

Ona baxan da var, gülən də vardır,
Gəzir uzaqlarda onunsa fikri…

 

 

Sonra xaloğlumla vidalaşaraq,
Kamıl çayxananı tərk edib gedir.

Başını dik tutub general sayaq,

Yerişdə əsilli bəydir elə bil…

 

 

Şalvarda düymələr dəbdə olan vaxt,
Onun şalvarında qırxı varıymış.

Salyan şəhərindən belə fəxri ad,
Kamıl da o vaxtdan mükafat almış…

 

 

 

Bəlkə düymələri poqon bilirmiş,

Özünü general sayıb bəlkə də.

Bəlkə o hamıdan bəxtəvər imiş —

Kefinin bəyiydi öz aləmində…

 

17. 12. 2019, Samara

CƏFƏR

Yaxşı dostum vardı, adı da Cəfər;

Bütün fizikanı, riyaziyyatı,
Yuxudan durğuzsan, deyərdi əzbər.
Sevirdi bir az da ədəbiyyatı.

 

 

Gözəl bir oğlandı, gözləri ala,

Qaşları çatmaydı, ağdı dərisi,

Mizrab telə dəydi – gedir xəyala,

Musiqi hərisi, muğam dəlisi…

 

 

Bir qız da sevirdi – dünya gözəli,
Yanında yalandı Kətrin Dönev də.

Məsələ mürəkkəb, çətindi həlli,

Hərdənbir döyüşlər gedirdi evdə…

 

 

Mən də nadan uşaq, on altı yaşlı,
Başda eşq havası nə qədər desən.

Çaldığım xaricdi, yazdığım naşı,
Cəfərsə xoşlardı bilmirəm nədən.

 

 

Mən ona əvəzsiz qulaqdım həm də,
Dinləyər, yatmazdım, sübhü də açsaq.

Eynşteyn, Nyuton, Əsli-Kərəm də,
Mənə maraqlıydı, haçan danışsaq.

 

 

Gecə səhərəcən Stansiyanı,
Gəzirdik bu başdan o başa qədər,

Gah relslə, gah düşüb yol qırağıynan,
Gedirdik, yorğunluq, yuxu bilmədən.

 

 

Vecsiz, narahatdı ayaqqabılar,

Gecə bürküsü də nəfəsi kəsir.

Söhbətə tükənməz amma maraq var,

Nə mən, nə də ki dost deməzdi “bəsdir”…

 

 

 

Ulduzlar sönməyə tələsmirdilər,
Səadət ümidi şüalarında.

Keçən vaqonların səs-səmirində,
Xoşbəxt uzaqların sorağı vardı…

 

 

 

Gözləri dolardı dostumun hərdən:

“Çıxmaram heç otuz yaşıma, bildin?”..

Ölümsə, gənc idik, uzaqdı bizdən,

Otuz yaş düz otuz işıq iliydi…

 

 

17.11. 2019, Samara

SALYAN STANSİYASI

 Püstəxanım nənəmin xatirəsinə

    

Gənc ikən bir dostla vaxt yubadaraq,
Gecələr nənəmə qonaq gedirdim.

Qapını döyən tək açırdı arvad,
Nə qaşqabaq salır, nə deyinirdi.

 

 

Adama bir acı siqaret çəkir,
Pürrəng çay içirdik daş sətəkandan.

Sonra başımıza yorğanı çəkir,
Bir az danışırdıq o yan-bu yandan.

 

 

Elə söz ağzında nənəm yatırdı.

Yatmağa qoymurdu məni min fikir.
Başımda həm eşqin havası vardı,
Həm də görmədiyim ölkələr çəkir…

 

 

 

Salyan vağazalısa ovuc içində,

Gecə kəsilmirdi təkər səsləri.

Fikrim harda ola, düşünəm nədən,

Ritmi qulağımda vurur relslərin.

 

 

 

Fit çalıb sovuşur yük qatarları,

Geçir qanla-tərlə Bakı Astara,

Moskva-Tehran da keçir arabir,

(Keçirdi Salyandan o da bir ara…)

 

 

 

Parovoz   fitiylə, təkər səsiylə,

Canını səyahət istəyi didər.
Bir yük vaqonunda yer tapıb elə,
Gedəsən yolların sonuna qədər.

 

 

 

Sibirə, Şimala, Parisə qədər

Gedəsən, qüssədən rədd olum deyə.

Belə ki canına od qoyur kədər,

Gedərsən qovğaya, müharibəyə…

 

Vağzaldan uzaqdır mənzilin indi,

Yaxından çay axır, gəmilər gedir.

Nə imkan, nə həvəs harasa gedim,

Qovğam, hərbim isə öz içimdədir…

 

10.11. 2019, Samara

RİZVAN DAYIMIN XATİRƏSİNƏ

Cəbrayıl müəllimin,

Əziz, sonbeşik oğlu,

Yayda gəldi ölümün –

Hamıya qismət olmur…

 

Dəfninə Stansiya,

Yığılıb gəldi görən?

Parovoz fitiylə ya,
Yad edildi xatirən?

 

Sən qatar qarşılayan,

Sən qatar ötürəndin.

Həmişə az maaşlı,

Güzəranın çətindi.

 

Getməzdi vaqonların,

Səsi qulaqlarından.

Bəlkə də sən onlara,

Qoşulmaq arzulardın…

 

Ötürdün, qarşıladın…

Öz səyahətin ancaq,

Öz içində başladı,

Orda bitdi eləcə.

 

Yollar düşdü içindən,

Dəmir kimi soyuq, bərk,

Məhəbbətlər daşındı,

Platformada sən tək…

 

Yay günü mələk endi,

Ötürdü nəfəsini.

Hacı Molla Səmədin,

Apardı nəvəsini…

 

01.09. 2016

Samara