SALYAN STANSİYASI

 Püstəxanım nənəmin xatirəsinə

    

Gənc ikən bir dostla vaxt yubadaraq,
Gecələr nənəmə qonaq gedirdim.

Qapını döyən tək açırdı arvad,
Nə qaşqabaq salır, nə deyinirdi.

 

 

Adama bir acı siqaret çəkir,
Pürrəng çay içirdik daş sətəkandan.

Sonra başımıza yorğanı çəkir,
Bir az danışırdıq o yan-bu yandan.

 

 

Elə söz ağzında nənəm yatırdı.

Yatmağa qoymurdu məni min fikir.
Başımda həm eşqin havası vardı,
Həm də görmədiyim ölkələr çəkir…

 

 

 

Salyan vağazalısa ovuc içində,

Gecə kəsilmirdi təkər səsləri.

Fikrim harda ola, düşünəm nədən,

Ritmi qulağımda vurur relslərin.

 

 

 

Fit çalıb sovuşur yük qatarları,

Geçir qanla-tərlə Bakı Astara,

Moskva-Tehran da keçir arabir,

(Keçirdi Salyandan o da bir ara…)

 

 

 

Parovoz   fitiylə, təkər səsiylə,

Canını səyahət istəyi didər.
Bir yük vaqonunda yer tapıb elə,
Gedəsən yolların sonuna qədər.

 

 

 

Sibirə, Şimala, Parisə qədər

Gedəsən, qüssədən rədd olum deyə.

Belə ki canına od qoyur kədər,

Gedərsən qovğaya, müharibəyə…

 

Vağzaldan uzaqdır mənzilin indi,

Yaxından çay axır, gəmilər gedir.

Nə imkan, nə həvəs harasa gedim,

Qovğam, hərbim isə öz içimdədir…

 

10.11. 2019, Samara