Архив | 13.11.2019

FƏRHAD MƏMMƏDOVUN MƏZARI

farhad _Məmmədov.jpg

Adlı inşaatçı, mühəndis kişi!

Beləmi özünə sən gün ağladın?

Qəbrinin üstündə xaç dikəldilib,

Yatırsan xaçpərəst məzarlığında…

 

 

Ağamusa oğlu, müsəlman oğlu!

Qəbrinin üstündə bu dəsgah nədir?

Xaça meyidini keçirdi oğlun,
Qəbrin həm qəribdir, həm qəribədir.

 

 

Yerin rahatdırmı, mühəndis cənab?

Belə deməmişdin axı özün sən.

Varmı sorğu-sual? Tapırsan cavab?

Qiyamət gəlməmiş qiyamətdəsən.

 

 

Məhəmmədov Fərhad Ağamusoviç!

Xaç altında yatan qərib soydaşım.

Həm sənə söyüşdür, xaça həm söyüş,
Əcayib həm qəbrin, həm qəbir daşın.

 

 

Haçaya keçirib sanki kəlləni,
Səni müqəvvaya döndərib oğlun.

Yerlim, çaşdırırsan gedib-gələni,

Adına nə əklil, nə də xaç uyğun.

 

 

Elinə, dilinə yaddı övladın,
Malına, puluna hərisdi ancaq.

Öldün, ölündən də şərəfi aldı,
Müsəlman qəbrinə xaçı sancaraq.

 

 

 

Ağamusa oğlu! Ağamusoviç!

İndi qazandığın, yığdığın harda?

Kim görür qəbrində xaçı, xaç çəkir,

Sənsə çevrilirsən bəlkə məzarda…

 

13.11. 2019, Samara