“MEYVƏ, ÇİÇƏK DEYİL MƏNDƏ YETİŞƏN…”

Hava il uzunu ağırdı kənddə,
Yaz ürək açmırdı, ağırdı payız.
Bəzən kəsilmirdi yağış bir həftə,

Ya fəsil ötərdi bircə damlasız.

 

 

Torpağı bozarır, duz çıxarırdı,

Duzlağın özü də uzaq deyildi.

Tozu küləklərin göz çıxarırdı,

Rütübət hopurdu iliyinə də.

 

 

Kür qırağındaydı, su qıtdı ancaq,

Mal-qara təşnəydi, yanırdı insan.

Çətin açılırdı orda qaşqabaq,

Hamı incik idi orda hamıdan…

 

 

 

Ancaq o torpağın neməti vardı,
Meyvə yetirirdi ölü dirildən.

Heyva elə heyva, nar elə nardı —

Dilimi, dənəsi baş gicəllədən.

 

 

 

Üzüm yetirirdi giləsi baldan,
Əncirin şirəsi dil dağıdırdı.

Tutu həm məzəydi, həm dava-dərman,

Şaftalı ağızdan su axıdırdı.

 

 

 

Nazını çəkərək o şor torpağın,
Çiçək bitirirdi əliylə insan.

Çalar çoxluğundan çaşardı ağlın,
Bircə an dayanıb qönçəyə baxsan…

 

 

 

Mən də oralıyam, o torpaqdanam,
Torpağın özüyəm, duzluyam, şoram.

Məni də küləklər sarsıdan zaman,
Qarsıdır dodağı, gözə doluram.

 

 

 

Mən də bezdirənəm, vərəmlədənəm,
Var küsüb gedənim, qarğıyanlarım.

Mən də şor torpağam, həminəm həm də,

Tanrı qüdrətiylə yetişir barım.

 

 

Meyvə, çiçək deyil məndə yetişən,
O nə yeyiləndir, içilən nə də.

Soydaşım, oxusan, ya da eşitsən,
Sənə bərəkətim çatar bəlkə də…

 

08. 11. 2019, Samara