Архив тегов | Rasim Balayev

NƏSİMİNİN «SIĞMAZAM» RƏDİFLİ QƏZƏLİ. I. MƏTNDƏKİ ARTIRMALAR HAQQINDA

“Sığmazam” rədifli qəzəlini Nəsiminin 25-27 yaşlarında yazdığını güman etsək, bu mətnin yaşı təxminən 630 ildir. Azərbaycanda qəzəl, dəftərxana dili ilə desək, ictimaiyyətə və geniş oxucu kütləsinə 1970-ci illərin lap əvvəlində, yəni Nəsiminin bir neçə il yubadılmış 600 illik yubileyinə hazırlıq gedəndə çatdırılıb. 1973-cü ildə Həsən Seyidbəyli ilə İsa Hüseynovun “Nəsimi” filmi ekranlara çıxıb və “Sığmazam” qəzəli Rasim Balayevin ifasında kütləvi mədəniyyətin, daha dəqiq desək, kütlə mədəniyyətinin ən çox dinlənilən, lap kiçik fraqmenti ilə olsa da,  ən çox sitatlanan bədii mətninə və eyni zamanda pərəstiş obyektinə çevrilib. Əslində “Sığmazam” rədifli qəzəl bir neçə il əvvəl çəkilmiş “Yeddi oğul istərəm” filmində səslənən “Yanıq kərəmi” saz havasının taleyini yaşadı. “Yanıq kərəmi”ni bu filmdən somra toylarda şıdırğı ritmdə çaldırıb oynadıqları kimi, “Nəsimi” filmindən sonra “Sığmazam” rədifli qəzəlin bütün fəlsəfi-dini məzmunu diqqətdən yayındı və ya tamam təhrif olundu, başlanğıc beytləri ilə naqqalların dilinə düşüb ciddi klassik bədii əsər statusunu itirmiş kimi oldu. Deməliyəm ki, eyni tale Füzulinin “Məni candan usandırdı…” yarımmisrası ilə başlayan qəzəlinə də aiddir. Bu qəzəl də məktəb dərsliklərindəki bayağı, bəsit təhlillərlə, yeganə ləyaqəti saxta pafos olan aktyorların “candan usandıran” ifası ilə lFüzuli qələmindən çıxmış lirik şeirə məxsus bütün emosionallıq itir, laqeyd, işini sevməyən həkimin yazdığı xəstəlik tarixini xatırladır: məni candan usandrdı…

Yeri gəlmişkən, “Sığmazam…” rədifli qəzəllə “Məni candan usandırdı…” qəzəli arasında forma oxşarlığı var. Füzulinin həzəc bəhrində yazılmış qəzəli, futbol termini işlətsək, gizli gəraylıdır. Əgər beytlərdəki misraları ikiyə bölsək, gəraylı dördlüyü alınır.

Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfğanım,

Qara bəxtim oyanmazmı?

Nəsimi qəzəlində daxili qafiyələndirmə yalnız birinci misradadır, yəni hər birinci misra öz aralarında qafiyələnən iki yarımmisradan ibarətdir. Üçüncü misrada qafiyə yalnız sondadır. Bu mənada Nəsimi mətni formasına görə Füzuli mətninə bənzədiyi qədər fərqlənir də. Fərq həm də ondadır ki, Füzuli qəzəlinin bütün beytlərində bu ikiqat qafiyələnmə prinsipinə əməl olunub və Füzuli kimi sənətkardan ayrı şey gözləmək olmazdı: forma müqəddəsdir! Nəsiminin qəzəlinə diqqətlə baxsaq, görərik ki, iki beytdə forma pozulub: 3-cü və 4-cü beytlərdə.

Müqayisə ilə göstərirəm.

2-ci beytin 1-ci misrası:

Kövnü məkandır ayətim, zati dürür bidayətim

“ayətim” və “bidayətim”lə qafiyələnən yarımmisraları görürsünüz.

İndi 3-cü büytin 1-ci misrasına baxaq.

Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş
Yarımmisralar qafiyələnmir, 4-cü beytdə də belədir. Bu, təsadüfi ola bilərmi? Bunu, Nəsiminin səhlənkarlığı ilə izah etmək olarmı? Qətiyyən yox! Klassiklər üçün, Nəsimi miqyaslı sənətkar üçün forma məzmun qədər vacib olub və hətta, elə bu qəzəlin özündə də, məzmundan da vacib olub. İki beytin ümumi formaya uyğun gəlməməsinin bir səbəbi ola bilər: bu beytlər artırmadır. Yəni bunlar Nəsiminin mətninə sonradan əlavə olunub. Və indi kanonik sayılan mətndəki 16 beytdən neçəsinin Nəsimiyə məxsus olduğunu demək çətindir. Yəni mənim üçün çətindir. Mən kalassik ədəbiyyat mütəxəssisi deyiləm və yalnız üzdə olanı görə bilirəm. Məsələn, bu mətndə daha bir forma uyğunsuzluğu var. 12-ci beyt şeirin bütün başqa beytlərindən fərqlənir, yəni bu beytin ikinci misrası da, Füzuli qəzəli kimi qafiyələnən iki yarım misraya bölünür:

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Yəni bu beyti də Füzuli qəzəli kimi dördlük, gəraylı halına da salmaq olar.

Zat iləyəm sifat ilə,

Qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə,

 Bəstə dəhanə sığmazam.

Bu beytin artırılma olmağı, mənim fikrimcə, hətta mütəxəssislərdə də şübhə doğurmamalıdır. Forma fərqindən başqa, burda ovqat dəyişikliyi də var. Bu beyti artıran adam elə bil ki, əsl müəllifə parodiya,  satirik nəzirə qoşur, yəni onunla bəlkə də dostyana məzələnir: gülşəkərəm nəbat ilə…

(ardı var)

  1. 05. 2026, Samara

NƏSİMİ TEYMURA TƏRİF YAZIB QIZIL ALSAYDI, XALQ ONU SEVƏRDİMİ? YOX? BƏS NİYƏ SƏMƏDİ, RƏSULU, BƏXTİYARI SEVİR?

Без имени-1

Nəsiminin kinematoqrafiq surəti əslində  Miloş Formanın “Amadeus”filmindəki Mozart vüsətində və səviyyəsində olmalı idi. Həsən Seyidbəyli ilə İsa Hüseynovun kinosu isə, özünəməxsus Azərbaycan bolşevizmi estetikasına uyğun olaraq Mozart kimi işıqlı şairi siyasi proqramı hürufilik cəfəngiyyatıından ibarət olan bir partiyanın fəalına çevrilir və  Teymurlənglə, Şirvanşahla uydurma demaqogik mükalimələri ilə yadda qalır. Kino Nəsimi poeziyasını azərbaycanlılara bir santimetr də yaxınlaşdırmadı, bunun üçün gərək Səməd Vurğunun, Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin, Əlqayıbın  azərbaycanlıların qəlblərində və kəllələrində tutduqları yer boşaldıla. Adları çəkilən bütlər isə, görünür ki, tutduqları yeri yaxın onilliklərdə tərk etmək fikrində deyillər. Nəsimi ilə Səməd Vurğunlar bir məkana, yəni bir estetik məkana sığışa bilməzlər, çünki estetika və antiestetika kimi antipoddurlar.

Daha çox psixiatriya predmeti ola biləcək məsələlər var. Deyək ki, “Nəsimi” kinokomediyasında Nəsimi Teymurləngə həsr etdiyi mədhiyyəni oxuyur və əmir ona bir kisə qızıl verir. Qeryrətli və yüksək əxlaqlı azərabyacanlı tamaşaçı bunu şairə bağışlamazdı və ondan üz döndərərdi. Və, əlbəttə, heç bir kişi onun adını (təxəllüsünü) öz oğluna qoymazdı.

Rəsul Rza ilk müstəqil Azərbaycan dövlətinin hakimiyyətini devirib ölkəni yenidən Rusiyaya tabe edən Leninə poema həsr edib, onu Allaha bərabər tutub və bu işə görə Stalin mükafatı alıb. Niyə xalq Rəsul Rzanı sevir (ən azı onun adını)?

26 Bakı komissarının Bakıda on minlərlə müsəlmanın qırğınında iştirakı olduğu sübut edilib. Bəs niyə xalq 26-ları “babalarım” adlandırmış, onları poemasında vəsf etmiş Səməd Vurğuna pərəstişindən qalmır?

İndi gələk Bəxtiyar Vahabzadəyə. Bəxtiyar Vahabzadə “Leninlə söhbət” poemasını yazıb və SSRİ Dövlət mükafatını alıb (Heydər Əliyev təşkil edib). Yəni bir ətək qızıl. Niyə bu biabırçılıq Azəribaycan xalqının Bəxtiyar Vahabzadəyə olan eşqinə xələl gətirmir?

Xəlil Rza Heydər Əliyevi mədh edən şeir yazıb və bu şeirdən bir parça onun Salyandakı heykəlinə həkk edilib. Bu, Xəlil Rzaya olan pərəstişi azaldırmı? Yox!

Bu onu göstərir ki, xalqın nə zövqü var, nə də təhsillə, tərbiyə ilə, nümunələrlə yaranmış mənəvi oriyentirləri və əxlaq standartları.

Sabah İlham Əlyev bir çıxışında Səməd Vurğunu “antimilli ünsür” adlandırsa, milyonlarla azərbaycanlı yubanmadan Səməd Vurğundan üz döndərəcək. İlham Əliyevin bir-iki çıxışı, AZTV-də bir neçə “fildibesser””in “ləbbeyk”i kifayədir ki, sovetdənqalma bütlərin virtual düşümü və dağılımı başlasın. Burda hipnoz mexanizmi var. Ancaq hipnoza ilk növbədə psixi cəhətdən zəiflər uyarlıdırlar.

Kaşpirovskini mən yaşda olanlar yaxşı xatırlayarlar. Stadionda elan edirdi: “Dayu ustanovku!” Yəni istiqamət, komanda verirəm. Bir neçə saniyədən sonra “ekstrasensin” komandası ilə minlərlə insan eşşək kimi anqırırdı, ağnayırdı və mayallaq aşırdı… 

(ARDI VAR)

22. 08. 2023, Samara

«NƏSİMİ» KİNOKOMEDİYASI. NƏSİMİ ÜZÜ, BAŞI AÇIQ FATMAYA DEYİR: «ÜZÜNÜ MƏNDƏN GİZLƏTMƏ…»

Без имени-1

Qadın gözəlliyini, qadına sevgini vəsf edən yüzlərlə qəzəlin müəllifi Nəsiminin ətrafında qadınlar olmalı idi və şübhəsiz ki, olub. Ancaq kinokomediya şairi siyasi fəala və hərbi-siyasi toqquşmaların bilavasitə iştirakçısına çevirdiyindən filmdə mülki mülki həyat yoxdur, bir az da yuvarlasaq, heç həyat yoxdur. Filmin bütün ərazisini kişilər məskunlaşdırır, onlar dəstə-dəstə daim hərəkətdədirlər, şeir deyirlər, şüarlar səsləndirirlər. Qadınlar hardadır – məlum deyil. Fəzlullah Nəimi ilə onun çoxlu müridlərinin nə ilə dolandıqları məlum deyil. Nəsimi özü – o nə ilə dolanır, pal-paltarı, kağızı, qələmi ona kim alır? Cəmiyyətdən özlərini təcrid etmiş adamların həyatının iç tərəfi realistikliyə iddia edən filmdə açılmalıydı. Biz İncildən bilirik ki, İsa beş çörək və iki balıqla beş min adamı yedizdirir, hələ qalan qrıntılardan bir neçə kisə də yığılır. Bəlkə Nəimi də belə möcüzələr göstərirmiş? Nəsimnin qüdrətli şair kimi varlı himayədarlıarının olmağı, kobud desək, maliyyələşdirildiyi ehtimalı həqiqətə daha yaxın deyilmi?

Filmdə qadın cinsinin, göbəyiaçıq xanəndəni çıxsaq, iki nümayəndəsi var: Nəiminin qızı, Şeyxin qızı. Məlum olur ki, Nəiminin qızı yeddi ildir ki, “min kişinin içində” və kişi paltarında yaşayır. Niyə? Gizlədilir? Onun min qadının içində gizlədilməsi daha etibarlı olmazdımı? “Nə vaxta qədər mən karvansaralarda çürüməliyəm? Tay-tuşlarım hamısı şəhərbəşəhər, ulusbaulus gəzilrlər, məclislər qururlar”, — bunu Fatimə deyir və, əlbəttə, tamaşaçını güldürür. Tamaşaçı bəlkə də sevincindən gülür: 14-cü əsrdə Azərbaycan qızları şəhərbəşəər gəzirlərirmiş, məclislər qururlarmış… Yəqin gecə klubları da olub… Bəs Miranşah? Onun adamları? “Ulusbaulus” gəzən qızları onlar zorlamırmış? Çox qəribədir və çox gülməlidir…

“Dəbilqə yükdür mənə”.

Fatmanı bir dəfə dəbilqəli görürük, qalan vaxt başı ya açıqdır, ya papaq qoyub.

“Yeddi ildi adi zənən örpəyinə həsrətəm”

“Mən libas taparam sənə”. – Bunu Nəsimi deyir. Libası hardan tapacaq? Bəlkə alacaq? Supermarketdən? Pulu var?

“Mən də onu yandıraram” – Yusif də bir yandan hədələyir…

Fatma yeddi il bu min kişinin içində necə yatıb-dururmuş, təmizlik edirmiş? Vallah, İsa Hüseynov heç bir tarixi-faktik əsası olmayan elə bir situasiya qondarıb ki, onun izahında məntiq, sağlam düşüncə acizdir…

Bir tərəfdə də Nəimi öz müridlərinə həqiqi eşqdən danışır. Öküz sifətli bir mürid birdən səslənir: “Ustad, qəzəl istəyirik!” Digər mürid dəqiqləşdirir: “Aşiqanə!” Yəqin o vaxtlar aşiqanə olmayan qəzəllər də çox yazılırmış bizə gəlib çatmayıb…

Ustad deyir qəzəl Nəsimilikdir. “Varisi də çağırın gəlsin!”

Varis – guya qızı Fatma, gəlib oturur. Akademik Səməd Vurğunun dediyi “dağ-dərə” kimi bir yerdir. Hamı çınqılın üstündə oturub, məlum deyil harda yatırlar, nə və hansı qabda yeyirlər…

Fatma gəlir. “Oğlanı” qırxılmış başı açıqdır. Rasim Balayev gəlir və xumar gözlərini yaşla doldurub Fatmaya baxa-baxa qəzəl deyir:

“Üzünü məndən nihan etmək dilərsən, etməgil…”

Bu epizod ən gülməli səhnələrdəndir. Çünki tamaşaçı bircə dəfə də görməyib ki, Fatma “üzünü nihan eləyə”. Kişi paltarında, üz, baş açıq. Vallah, heç kim inciməsin, gözəl də deyil… Yox, Nəsimn qəzəli yəqin ki, ayrı biq qıza yazılıb. Nəsiminin çox gözəllər gördüyünə şübhə ola bilməz. O böyük istedadı Nəsimiyə verən Tanrı onun qabağına hökmən misilsiz gözəllər çıxarmalıydı…

17. 08. 2023, Samara

(Ardı var)

«MÖMİNƏ HƏQQ DÜNYANI ZİNDAN DEDİ…»

Rasim Balayevin sözlərinə görə, o, “Qələt eləmişəım!” deməsəymiş, hökumət nəinki onu, hətta rolunu oynadığı şairi də cəzalandıracaqmış. Nəsimi “antimilli şair” və “Şamaxı lotusu! adlanacaqmış…

RASİM BALAYEV VƏ PREZİDENT

Xalq artisti Rasim Balayevin arzusu prezisentin dalında durmaq idi, ancaq aktyoru başa saldılar ki, xalq bunu səhv başa düşə bilər, ona görə prezidentlə yanaşı dursa yaxşıdır…