Архив тегов | Azərbaycan dili

YAZIÇI — YAZAR. QAPIÇI — QAPAR? «»QARABAĞ 100 MİYON AVROYA QAPAR ALIR…»

Azərbaycanda baş verənləri Eynulla Fətullayevin rusca saytından öyrənirəm. Eynulla Fətullayevi mən pis adam sayıram, ancaq ayrı əlacım yoxdur, azərbaycanca saytları oxumaq başağrısı və və hətta təhqirə məruz qalmaqdır. Çünki az-çox savadlı adam Azərbaycan saytlarını oxuyanda özünü söyülmüş kimi hiss etməlidir.

Eynullanın rus saytında mübtəda ilə xəbər uzlaşır. Azərbaycan saytlarında yox!

Azərbaycan jurnalisti yazır ki, “əsgərlər ölüb”. Bu bastard ərinir xəbərə cəm şəkilçisi əlavə etməyə, nə dilə hörmət qoyur, nə ölən əsgərlərə. Bu adam nə ata-ana tərbiyəsi görüb, nə də savadlı müəllimdən dərs alıb. Rejim bu əsgərləri insan saymayıb həyatlarının bahasını dəmir meddalla ödəyir, Azərbaycan jurnalisti də kasıb ailələrdən olan əsgərlərə aid feilləri təkdə işlədir – iki nəfər ölsün, on beş nəfər ölsün, fərqi yoxdur. “Ölüb!”

Hər bir inkişaflı dilin qanunla qorunan normaları, standartları olmalıdır. Azərbaycan qəzetlərinə, saytlara baxanda bu normaların, standartların olduğuna şübhə yaranır. Yəni monastıra öz nizamnaməsi ilə girənlər kimi, Azərbyacanda da hər kəs necə bilirsə, necə bacarırsa, elə də yazır. Yəni yaza-yaza öz qaydalarını, öz standartlarını yaradır. Çünki Azərbaycan jurnalisti ingilis, alman jurnalistlərindən deyil, Azərbaycan jurnalisti yazardır!

Hansı bastard bu “yazar” sözünü bizim heyvərələrin ağzına saldı? “Yazıçı” sözü kimin gözünə soxulur, kimin qulağını deşirdi? Əgər “yazıçı” sözü “yazar”la əvəz edilirsə, o tipli başqa sözlər niyə dəyşilmir?

Yazıçı – yazar

Satıcı – satar

Alıcı – alar

“Təzə bazarda satarla alar arasında dava düşüb. Satar aları bıçaqlayıb. Qalan alarlar qaçıb dağılışıblar”. Yaxşıdır?

Qapıçı – qapar

“Azərbaycan millisinin qaparı bir oyunda 28 top buraxıb dünya rekordu qazandı”.

“”Qarabağ” Mozambikdən 100 milyon dollara yeni qapar alır”.

Sağıcı – sağar

“Paşaholdinqin Şəki təsərrüfatında hər sağar bir inəkdən 100 litr süd sağır. İlham Əliyev qabaqcıl sağarlara medal verdi”.

“Zatən” nədir? İndi “zatən” deyənlərin dədə-babası bu sözü dilinə gətirmişdi?

Az qala min il yarım əvvəl gələn “mədəniyyət” sözünün yerinə niyə bəzi vələdəzzinalar “kültür” deyirlər və yazırlar?

Bir partiya rəhbəri var… Partiya yəqin ki, qondarmadır, yoxdur. Ancaq rəhbəri var: Sahib Kərimov. O, “kültür” deyir. YouTube-da danışanda öz nitqindən elə vəcdə gəlir ki, “zatən”, “komutan”, “kültür” dedikcə şəhvani ləzzət aldığına şübhə qalmır…Adına, soyadına baxın: Sahib, Kərim… Ərəb sözləridir…

Əsgərlər ölmür, əsgərlər ölürlər…Ancaq oğru hökumətə baxanda, dillə belə barbar rəftar edənləri görəndə və eşidəndə əsgərlərin havayı yerə öldüyünü düşünb yanırsan…

Martın 21-də Zəngilanda bayram şənliyindən çəkilmiş süjeti YouTube-da gördüm. Şənliyi Bakıdan getmiş aparıcılar(bəlkə aparlar?) aparırdılar. Hər iki gənc türk ləhcəsi ilə tanışırdı. Yəni özünü tülkülüyə … pardon, türklüyə qoymuşdu. Guya İstambildan ya Ankaradan gəliblər. Bu bastardları, bu vələdəzzinaları eşitdikcə fikirlərşirəm ki, mənim kəndçim niyə o yerlərdə erməni gülləsindən öldü? Bu şərəfsizlərə görə? Bunlar dünən özlərini rusluğa qoyurdular, bu gün osmanlını yamsılayırlar. Əgər milli dil belə tapdanırsa, onda Azərbaycan əsgəri kimdən, nədən ötrü canından keçir?

İngilislərdə Şekspir, almanlarda Göte, ruslarda Puşkin milli dillərin yüksək bəddi nümunələrini yaradıblar. Farsların da Hafizi, Sədisi, Xəyyamı var. Onlar, əsrlər keçsə də,  millətin dil-mədəniyyət oriyentirləri olaraq qalırlar. Bizim ədəbiyyatın rəsmi klassiki fars dilli Nizamidir. Biz onun dilini bilmirik, dövlət klassik elan etdiyi şairin dilini məktəblərdə tədris də eləmir. Biz Süleyman Rüstəmin, Səməd Vurğunun bərbad tərcümələrini oxuyub deyirik ki, bu, Nizamidir…

Farsları da elliklə düşmən sayırıq. Yəqin Nizamidən başqa…

Zatən…

Yunan Kavafisin şeiri var: “Barbarların intizarında”.

Barbarlar bizə çoxdan gəliblər. Televizora baxın, qəzetləri oxuyun, deputatlara,  jurnalistlərə… pardon, yazarlara qulaq asın, görərsiniz ki, ölkə barbarların əsarətindədir…

05. 04. 2023, Samara

QADIN SƏSİ

08.06 2020

 

Bir vaxt Haqverdiyev Əbdürrəhimin,
Yazdığı faciə sanki oynanır.

Kişilərə verib bütün rolları,

Surəti, sözüsə yox qadınların.

 

Hərdənbir, həftədə, ya da ki, ayda,
Dili eşidirəm kişi səsiylə.

Ciddi ya lağlağı danışsalar da,
Dözüb dinləyirəm dil həvəsiylə.

 

 

Anamın dilindən dil eşitdiyim,
Bilmirəm beş ildir, əlli il ya da.

Toyuğa, cücəyə “kiş” deyə indi,

Qarğış da eləyə — qəlbimə yatar…

 

 

Ya anam çağıra adımla birdən,
Ya da Bəyim xala, Tükəzban xala.

Adımda taleyim sanki dinərdi,

Ana dilimizdə haçan tutula…

 

 

Dili eşitmirəm qadın səsindən,
Elə bil çəkilib gedir şirəsi.

Səs vardı, eşitcək qəlbim əsərdi,

Dil elə həmindir, itirdim səsi…

 
Daha incəlikdən yadırğamışam,
Həsrətəm haçandan bal avazlara.

Yox daha eyhamla, himlə danışan,
Susan çoxmənalı pauzalarla.

 

 

Kar kimi, lal kimi indi yazıram,
Səsim batıb qalıb içimdə çoxdan,

Xəbərlə uzlaşır hələ mübtədam,

Çıxmayıb vergülün yeri yadımdan.

 
Səsi yaddaşımdan çəkilən qadın,

Məni yazdığımdan tanıya bəlkə.

ÇağrIla anamın səsiylə  adım,
Bilərəm hardayam, nəçiyəm, kiməm…

 

20-21.06. 2020, Samara

YAŞADIĞIN ÖLKƏ RUSİYADIRSA…

U LENİ. KİNO

Yaşadığın ölkə Rusiyadırsa,
Və özgə dildəsə yazdığın əgər —
Nə şeir, nə də ki, əsər sayılar,

Dəyəri oyuncaq əskinas qədər.

 

 

Pula bənzəsə də, yox məzənnəsi,
Uşağın başını bəlkə aldadar.

Özün qızarırsan, kiməsə versən,

İtirər özünü, çaşar alan da.

 

 

Oyuncaq biletdir yazdığın ya da,
Nə səni aparar, nə də özgəni.

Qatarlar nizamla keçər yanından,

Durarsan, yollara gözün zillənər.

 

 

Elə bil uşaqsan, qələbəlikdə,
Birdən itirmisən ata-ananı.

Yumşaq ürəklilər tökülüb gəlir,
Soruşurlar kimsən, nədir ünvanın.

 

 

Duruxub qalırsan, tutulur dilin –

Beləcə bir ömrün zəhməti itir…
Misralar yazmısan bəlkə neçə min,

Ünvana möhtacsan ikicə sətir.

 

05.05.2020, Samara

DAŞ TÖKÜB CİBİNƏ YOLDA DURAN VAR…

U LENİ

Altından, çürümüş böyürlərindən,
Su sızan kolazda Kürü adladım.

Gördüm şəhərlərin böyüyünü də,
Tanıdım bir neçə böyük adamı.

+

Tanıdım qüdrətli dilləri də mən,
Onlarda sehr və musiqi duydum.

Ancaq buraxmadı cazibəsindən,
Məni ana dilim və doğma yurdum.

+

Bəzən düşünsəm də mən özgə dildə,
Nə yazsam, öz ana dilimdə yazdım.

Keçmədi, aşmadı səsim sərhədi,
Vətənim – nə vaxtdan dil fəzasıdır.

+

O çay hardan axır? Hanı o kolaz?
Hardadır yolların qayıdanbaşı?

Özüm də getməsəm, söz də yollasam,
Kəsir qabağını elə bil qoşun…

+

Vətən göylərində xırda bir çıraq
Olsam, vurub salar batareyalar.

Quşa çevrilərdim, uçardım, ancaq,
Daş töküb cibinə yolda duran var…

17. 01. 2020, Samara

“LİKE”IN AZƏRBAYCANCASI “LOPAQ”DIR…

Azərbaycan dili deyəsən doğrudan da Azərbaycan millətinin başına bəladır – hərə bu bəlaya bir cür əlac axtarır. Osmanlıpərəstlər bir-birlərinə “hoca” deyirlər,”mı”, “mi” ədatlarını sözdən ayrı yazırlar. Osmanlıpərəst jurnalist yazmır ki, “atam kənddə öldü”, yazır “atam köyümüzdə ölümünə vardı”.

Dövlət adamları da maqqaşlarıyla, kəlbətinləriylə düşüblər dilin üstünə. “Proqnoz” sözünün guya azərbaycancasını yaradıblar. Yəqin “kitab”, “dəftər”, “hava”, “gül”, “bülbül” sözlərinin də azərbaycancasını tezliklə yaradarlar. “Bülbül” sözünün azərbaycancasını eşitməkdən ötrü ölürəm…

Ölürəm, ey…

Bilmirəm bu söz yaradanlara pul verirlər ya yox. Versəydilər, mən də öz təklifimi göndərərdim Bakıya, düz prezidentin üstünə. “Like” sözünün qarşılığını tapmışam. Mənə elə gəlir ki, bizim “lopaq” sözümüz “like” sözünün mənasını onun özündən yaxşı əks etdirir. Azərbaycan milləti də çox lopaqsevən xalqdır. Sırıyırıq bir-birimizə — sən mənə lopaq, mən sənə lopaq…

Ancaq ümid edirəm ki, mənim təklifimi möhtəşəm prezident lopaqla qiymətləndirməz, beş-on dollar pul göndərər…

Yaşasın Paşa holdinq!

Yaşasın Az TV!

Yaşasın Kürdəxanı türməsi!

Yaşasın”Bir gəncin manifesti!”

Yaşasın Azərbaycanın dilçi alimləri!

Mirzə ƏlİL

04.11.17

“DAL”IMIZ ÇOXDAN XARAB İDİ, “QABAĞ”IMIZA NƏ OLDU?

Mən ömrümün çoxunu Rusiyada yaşamışam, burda səkiz il fəhlə olmuşam, yəni içməyə meylli, söyüşcül adamlarla işləmişəm və rusun guya dünyada bərabəri olmayan söyüş leksikasına yaxşı bələdəm. Ancaq öz dilimizi, öz adamlarımızı yaxşı tanıdığıma görə deyə bilərəm ki, azərbaycanlılar söyüşdə ruslarda çox qabaqdadırlar.

Pardon, qabaqda yox, öndədirlər.

Mənim litvalı təhsil yoldaşım Vitautas Bikulçyus deyirdi li, Litva dilində söyüş yoxdur, litvalılar rusca söyüşürlər…

Rusca… Öz dilimizdəki söyüşlərə nə gəlib ki, rusca söyək?

Və indi belə bir söyüşcül xalq nümayəndələrinin danışanda, yazanda bəzi sözlərdən çəkinməkləri, bu spözləri dəyişməyə ya müxtəlif üsullarla işarələrib neytrallaşmağa çalışmaqları adamı nəinki təəccübləndirir, hətta başından tüstü çıxardır.

Bizdə “dal” sözünün vəziyyəti çoxdan, fransızca desək, abırlı bir cəmiyyətdə putanın vəziyyəti kimidir. Bu sözü gərək işlətməyəsən, ya da işlədəndə qabağına, pardon, önünə “türkün məsəli” atasan, çünki atmasan, dal olur əməlli-başlı dal…

Əslində “dal”da pis heç nə yoxdur, “dal” da baş kimi, ayaqlar kimi bədənin vacib, ayrılmaz hissəsidir. Kimsə bu “dal” sözünü işlədəndə ya eşidəndə ayrı fikirlərə düşürsə, burda dilin nə günahı?

İndi azərbaycanca yazılan mətnləri oxuyanda görürəm ki, “qabaq” sözü də dal sözünnün gününə düşüb. Yəni bu söz də olub, pardon, üzüqara. Özünü mədəni, tərbiyəli, namusllu və qeyrətli sayan hər insan qətiyyətlə “qabaq” sözünü işlətməkdən qaçır. “Qabaq” yerinə “ön” deyir.

“Bir il qabaq” – “bir il öncə”

“Qabaqlar” – “öncələrdə”

“Qabaqcıl” – “öncül”

Jurnalist yazır: “Öncələrdə qəhrəman Azərbaycan xalqı…” Və s. bu cür cəfəngiyyat.

Kefli İsgəndər demişkən, olasan Rüstəm-Zal, tutasan bu jurnalistin qulağından, qaldırasan və deyəsən: “Qırışmal, sənin dədən-baban “öncələrdə” deyirdi? Yalansa sənin lap…”

Vallah, blimirəm bu «qabağ»a birdən-birə nə oldu. Yaxşı, dalı bildik. Qabaq qabaqdır da. Universal keyfiyyətli sözdür. Vaxt da bildirir, istiqamət də, bədənin hissəsini də.

Azərbaycanda müştəri satıcı qızdan yağ soruşur və deyinir ki, “qabaq belə baha deyildi”.

Satıcı qız cumur kişinin üstünə: “Ağzını təmiz saxla, pozğunun biri pozğun, burda dal-qabaq shbəti eləmə, düyməni basaram, polis önündə gedərsən!”

Fikir verin satıcıda olan tərbiyə və mədəniyyətə: demir “polis qabağında”, deyir “polis önündə”!

Rəsul Həmzətov deyirdi ki, “sabah dilim öləcəksə, bu gün özüm ölüm”.

Dil insan deyil. Dilin ölümü də insan ölümünə bənzəməz. Bəlkə bu qayda ilə bizim dilimiz ölür?

Mən Rəsul Həmzətov kimi millətimin dahisi deyiləm. Ancaq mən də dilimizin ölümündən qabaq ölmək istərdinm.

Pardon, “qabaq” yox, “öncə”…

05.10.17

Mirzə ƏLİL

Samara

ÖZÜNÜ OSMANLIYA OXŞATMAQ İSTƏYƏN AZƏRBAYCANLI OLUR ƏRDOĞANIN DAL AYAĞI…

Rauf_Arifoğlu.jpeg

Jurnalist Rauf Arifoğlu yazır: “Dəyərli dostlar, çoxsaylı sorular səbəbindən buradan duyurmaq məcburiyyətində qaldım”.

Cümlənin dalı var, ancaq burda kəsirəm, çünki başa düşə bilmirəm: “duyurmaq məcburiyyəti” nədir? Mən heç bundan əvvəlki ifadəni də — “sorular səbəbindən” – yaxşı başa düşmürəm. “Sorğu”, “soraq” – bunları başa düşürəm. “Soru”-ni yox. Yazırlar ki, Rauf Arifoölu kimlərisə, haranısa sorur, yəni şirə mənasında, yəni pul mənasında. Hansı nazirlərisə, hansı harınlarısa. Yəni bu “soru” o “soru”dandır?

Ən çətini “duyurmaq” məcburiyyəti”dir. Cəbhəçi olsaydı “duyurmaq zorunda” yazardı. Müsavatçı olduğuna belə yazır. Ancaq mən başa düşmürəm “duyurmaq” nədir. Mən hətta “Məşədi İbbad”da Rza bəyin nitqini başa düşürəm, bunu yox.

Sonra Arifoğlu yazır ki, “mərasim  “Tovuzdakı köyümüzdə keliriləcək”.

“Köy” – yəni kənd? Yəni doğrudan da tovuzlular kəndə “köy” deyirlər? Haçandan? Rauf Arifoğlu özünü osmanlılığa qoyandan? Atası rəhmətə gedəndən?

Mən hələ bu uzaqlıqdan tərkibində “kənd” sözü olan onlarla toponim saya bilərəm: Yenikənd, Qırmızıkənd, Qaçaqkənd, Kürkənd (camaat Keçikənd də deyir) – bunlar Salyandadır. Tərkibində “köy” olan toponim yadıma gəlmir.

Və əgər Rauf Arifoğlu “kənd” sözündə yadlıq görüb “köy” işlədirsə, onda rayonun adını niyə dəyişdirmir ?– axı “Tovuz” açıq-aşkar erməni toponiminə oxşayır, buna şübhə ola bilməz…

Və daha bir sual: Rauf Arifoğlunun atası – Allah rəhmət eləsin! – bu dildə danışırdı?

Və bu cür yazmaqla Rauf Arifoğlu özünü osmanlıya oxşatmaq istəyirsə, səhv edir. Rauf Arifoğlu bu dillə osmanlıya yox, Ərdoğanın dal qıçına oxşayır.

Osmanlıya oxşamaq istəyənin babaları gərək Konstantinopol fəth olunanda osmanlıyla çiyin-çiyinə vuruşaydı. Rauf Arifoğlunun babaları osmanlılarla çiyin-çiyinə vuruşmayıblar. Rauf Arifoğlu özü isə erməninin qabağından qaçıb oturub Bakıda, xəzinəni ya xəzinədən oğurlayanları bala-bala sorur və qondarma “Qarabağ”komandasına çəpik çalır…

Bu müsavatçılar müsavat adına nə vardısa, tapdaladılar, satdılar, yedilər. Partiya rəhbərlərinin götü “divandan” qalxmır. Qəzetlərinin rəhbəri sorur…

Dilimizə də, azyaşlılardan üzr istəyirəm, işəyir…

Yəni cəbhəçilər demişkən, bunu yazmaq zorunda qaldım…

13.09.17

DİL BƏLASI: XANIM JURNALİSTLƏR, XANIM TÜTÜNÇÜLƏR, XANIM SÜPÜRGƏÇİLƏR…

Deyilənlərə görə Azərbaycanda bütün arvadlar “xanım” statusunun verilməsi mərhum Elçibəyin vaxtında olub, ya Milli Məclis qanun çıxarıb, ya prezideent özü fərman verib ki, “bu gündən bütün arvadlara “xanım” deyiləcək. Bu qanun Azərbaycan dilinin “türk” dili adlandırılması haqqında fərmanla eyni gündə verilib. Heydər Əliyev rəhbərliyə qayıdandan sonra dilin adını qaytarıb, ancaq arvadların xanımlığına dəyməyib, guya deyib ki, arvada baş qoşa-qoşa özün də arvad olarsan…

İndiyəcən Azərbaycanda bütün arvadlar xanımdırlar…

Xanım jurnalistlər…

Xanım həkimlər….

Xanım menecerlər…

Xanım sürücülər…

Xanım xadimələr….

Xanım süpürgəçilər…

Xanım sağıcılar…

Xanım pambıqçılar…

Xanım dəlləklər…

“Yeni Rüsvayat” qəzeti yazır: “Massaj salonunda keçirilən reyd nəticəsində on üç xanım fahişə saxlanılıb”.

Nə gözəl! Nə incə!

Xanım sanitarlar…

Cərrah, üstü-başı qan, əlində bıçaq, qalıb qışqıra-qışqıra:

  • Xanım sanitar, ay xanım sanitar, harda batmısan, gəl bu xəstənin qıçını tut, şıllaq atır!”

Xanım sanitar siqaretini son qullab vurub özünü atır əməliyyat otağına:

  • Nə qışqırırsan, səsin özünə xoş gəlir? Cəhənnəmə şıllaq atır, gora atır, narkozsuz kəsəndə belə olar, narkozu aparıb dədənin qəbrinə tökəcəksən? Alaram bıçağını, soxaram…” Bir az fasilə edib cümləsinin bitirir: “ağzına…”

Siz başqa cür fikirləşdiniz? Yox, yox. Arvad sanitar olsaydı, elə siz fikirləşən kimi deyərdi, bu axı xanım sanitardır…

Azərbaycan xanımlıar ölkəsidir. Gözzzzəl! Təəssüf ki, hamı bu gözəlliyi qanmır! Hər gün minlərlə xanım arvadın qol-qabırğası sındırılır, atrası-anası söyülür, evdən qovulur, indihara vadar edilir… Ancaq ölkənin qazandığı nəhəng nailiyyətin yanında bunlar xırda şeylərdir – dünyada ikinci bir ölkə varmı ki, bütün arvadlar xanım ola?

Xanım aşbazlar…

Xanım falabaxanlar…

Xanım üskükoynadanlar…

Ay xanım, ay canım…

16.08.2017

Samara

RF

HOCA” SÖZÜ AZƏRBAYCANCA MƏTNDƏ MƏNİM ÜÇÜN “PİDARAS” KİMİ BİR ŞEYDİR…

Son vaxtlar oxuduğum azərbaycanca mətnlərdə vaxtaşırı “hoca” sözünə rast gəlirəm və bu söz məndə rusların “pidaras” sözü kimi ikrah doğurur.

Azərbaycan dilinin lüğətlərində “h” ilə başlanan sözlərə diqqətlə baxan hər kəs görər ki, onların az qala hamısı alınmadır. Hətta doğmalığı şübhə doğurnayan “hava” və “hamam” sözləri də — bunlar ərəbcədən keçib.”Ho” elementi ilə başlanan sözlər çox azdır, məsələn, “hoppanmaq”, ancaq bu sözü də çox adam “oppanmaq” kimi tələffüz edir.

O ki qaldı məndə qəzəb doöuran “hoca” sözünə, bu sözü tələffüz etmək üçün gərək dəridən-qabıqdan çıxasan, nəfəsdən düşəsən, özünü osmanlıya oxşadasan, bir sözlə, abırdan-həyadan gedəsən!

Azərbaycan dilinin fonetikası, səs sistemi osmanlılarkından tamamilə fərqlənir, bu dillərin musiqisi tamamilə fərqlidir və  osmanlı sözlərini dilimizə soxmaq cəhdləri kamil bir simfonuyaya xaric səslər sırımaq kimidir, bitkin bir xalçaya yad rənglər və guşələr toxumaq kimidir.

Əlbətə, bu sözlər bəziləri üçün Troya atı kimidir, bu gün bir söz, sabah iki, sonra…

Nə sonra? Elə indidən bəziləri dilimizin varlığını şübhə altına qoyurlar. Məsələn, lap yaxınlarda bəstəkar Cavanşir Quliyev elan elədi ki, Azərbaycan dili türk dilinin dialektidir.

Bəli, Azərbaycan millətinin varlığı üçün ermənilərdən daha təhlükəli düşmən var. Bu düşmən osmanlıların gündəyməz yerlərindən öpməyə hazır, dilimizi, mədəniyyətiimizi onların tapdağı altına armağa hazır azərbaycanlılardır.

Və azərbaycanlıların öz varlıqlarına qarşı mübarizəsi indi başlamayıb. İyirminci əsrin əvvəllərindən başlanıb. O vaxt milləti başlı-ayaqlı osmanlılara satmağa hazır olanların qabağında Üeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə kimi böyük azərbaycanlılar durublar. Qərubə də olsa, indi Azərbaycan dilinin hakimiyyətdən başqa müdafiəsi yoxdur. İlham Əliyev heç nəyin qarantı olmasa da, Azərbaycan dilinin qarantıdır. Hakimiyyət bu gün bir başqasının əlinə keçsə, elə sabah Azərbaycan dilini ləğv edəcək – təəssüf ki, belədir…

Və heç kimdə şübhə olmasın ki, əgər Azərbaycan Xalq Cühmhuriyyəti yaşasaydı, bizim Azərbaycan dilimiz, Vaqifin, Cəlil Məmmədquluzadənin dili ancaq ucqar kəndlərdə qalardı. Buna da şübhəniz olmasın. O dözvür aparıcı ədəbiyyatçılarının yazılarına baxsanız, görərsiniz ki, Azərbaycan dilinin dəfni haqqında qərar verilmişdi.

Götürək Hüseyn Cavidi. “Öksüz Ənvər”şeiri. Uşaq şeiri.

 Cavid naxçıvanlıdır. Mən inanmıram ki, Cavid vaxtında Naxçıvanda “öksüz” sözünü işlədən ya başa düşən adamlar olublar. Mən inanmıram ki, naxçıvanlılar “harda” yox, “nerdə” deyiblər. Mən inanmıram ki, naxçıvanlılar “baxıb” yox, “baqıb” deyiblər. Mən inanmıram ki, naxçıvanlılar “ana” yox, “annə” deyiblər”. Və hələ bu, Cavidin az-çox başa düşülən şeirlərindəndir. Sual çıxır: bu, vətənə, millətə xəyanət deyilsə, bəs nədir? Əlbəttə, mən repressiyaların, o cümlədən yazıçılara qarşı repressiyaların qəti əleyhinəyəm. Bu, ayrı məsələdir. Ancaq əgər dilimizi bolşeviklər xilas ediblərsə, niyə bolşeviklərə minnətdar olmayaq – özümüz öz qeyrətimizi çəkə bilmirik, öz dilimizi, mədəniyyətimizi qoruya bilmirik, yada əyilirik və satılırıq!

Və mən, məsələn, Salyanda adamların “hoca”, “əvət”, mutlu”, “annə” kimi sözlərlə danışacaqlarını təsəvvür edəndə öz vətənimi işğal altında sayıram.

Və dilimizə, mədəniyyətimizə osmanlıpərəstlərdən gələn təhlükəni erməni təhlükəsindən ciddi sayıram. Alman filosofu deyib: “Həyatda məni öldürməyən nə varsa, məni daha güclü edir”. Ermənilərlə mübarizədə biz millət kimi bərkiyə bilərik. Ancaq öz içimizdən olan təhklükə bizi sarsıda bilər. Çox təəssüf ki, osmanpərəstlik bəlasının qarşısında hələlik İlham Əliyevdən başqa baryer yoxdur…

12.08.17

KEÇƏL, KEÇƏL BANİYƏ, MİNDİ BİR MAKİNEYƏ, GETDİ HƏKİMXANİYƏ…

“Stalin gəlir maşında,

Qızıl papaq başında.

Hitler gəlir maşında,

Poxlu vedrə başında”.

Ağız ədəbiyyatının gözəl nümunəsi olan bu bənd müharibə illərində yaranıb və məlum sözə görə yazıya alınmasa da, dildən-dilə, nəsildən nəslə keçib. Aclığa və müharibədən törənmiş başqa mərhumiyyətlərə baxmayaraq azərbaycanlılar – yəqin çoxlu başqa millətlər kimi – nəinki duzlu danışmaq, hətta bunu bədii formada ifadə etmək xassələrini itirməyiblər. Читать далее