Şiddətli yanmışam körpəliymdə:
Bələyib qoyublar evdə, gediblər,
Kerosin lampası aşıb üstümə,
Alışıb bələyim, od alıb kilim,
Haçandan haçana görüb tüstünü,
Həyətdən yüyürüb gəlib anamgil.
Yarıcan Salyana aparılmışam,
Keşiyimi çəkib neçə ay anam.
Yata bilməmişəm – o da yatmayıb,
Dəmir çarpayını yırğalayaraq.
Elə ki, əliylə gücü çatmayıb,
Dırmaşıb yelləyib ayaqlarıyla…
Ölmədim, sağaldım, böyüdüm, ancaq,
Bəxtimə düşmədi uğur və qazanc.
Ana sevindirən işim olmadı,
Dərd qoydum dərdinin üstünə hələ.
Açıq deyinsə də, ya dodaqaltı,
Demədi “yanaydın kaş o vaxt, bala…”
Qalır bədənimdə yanğın izləri.
Anam gözlərimin önünə gəlir,
Baxıram, görürəm onları haçan.
Neçə ay palata cəhənnəmində,
Məni, üzülsə də, yelləyən insan! —
Xəcalət yandırır məni indi də…
14-15. 01. 2020, Samara