Архив | 23.09.2026

KOROĞLU…XALIQ KOROĞLU!

müəllimin xatirəsinə

“Əslində Xalıq deyil, Əbdülxaliqdir adım,
Yaradan deyiləm mən, quluyam yaradanın”, —

Üzündən xoş təbəssüm çəkilməyən bu adam,

Danışardı yarısı necə itib adının…

 

Bəstəboy, qarabəniz. Çoxumuzdan qaraydı,
Vətəni Aşqabadın istisində  yox aman.

Orta məktəbi farsca bitirmişdi orada,
İran icması varmış Aşqabadda bir zaman.

 

Azərbaycanlılar da az olmayıblar orda,

Elə sevgisi yoxmuş onlara türkmənlərin.

Xalıq müəllin deyərdi “qardaş türkmən” arada

Söyərmiş: “…ay dənizdən sizi keçirənlərin…”

 

Həkimlik oxumuşdu əvvəl o, Moskvada,
Həkim işləmişdi də. Diaqnozu dəqiqdi.

Bakıda ad çıxarmış bir “akademik” haqda

İlıq təbəssümüylə “o, nağılçıdır” dedi…

 

Çexov, Bulqakov kimi həkimlikdən onu da,
Ayırdı ədəbiyyat. Mötəbər həm şərqşünas,

Həm də türkoloq kimi tanınmışdı dünyada,
Azərbaycanda hərçənd tanınır hər yerdən az.

 

Nə ideologiya, nə yumruq, nə də bayraq,
Tanıyırdı işində, həqitətdi meyarı.

Onu rəhbər tutaraq, onu bilərək dayaq,

Yaşayırdı. O bizdən həm uzaqdı, həm ayrı…

 

Yüksək rütbəli məmur mənə dedi Bakıda:

“Koroğluydu rəhbərin? Deyirlər ermənidi…”

Unudulub məmurun rütbəsi də, adı da,
Ancaq partladılmalı yaxşı başı var idi…

 

23. 9. 2026, Samara