Архив тегов | pişik haqqında şeir

ALTI BALALI PİŞİYİN NƏĞMƏSİ

Kainat Bədəlovun pişiklərinə həsr olunur

Dünyada analoqu,

Tapılmaz bu pişiyin.

Altıca bala doğub,
Doldurub ev-eşiyi.

 

AzTv yubanmadan,
Çəkib, işıqlandırıb.

Milli Məclis bu zaman,

İşini dayandırıb.

 

Məhəllədən qonşular,

Gəlir gözaydınlığa.

Uzaqdan da gələn var,

Millət qalxıb ayağa.

 

İcra başçısı hətta,
Baş çəkdi dünən bizə.

Dedi: “Prezidentə,
Yazın yaxşı ərizə.

 

Prezident, şübhəsiz,
Bu işi bəyənəcək.

Uşaq pulu hər ay siz,

Alarsnız bir ətək”.

 

Mirzə TƏBİL

10. 09. 2026, Samara

PƏNCƏRƏ ÖNÜNDƏ OTURAN PİŞİK…

Qədim, ağac bir ev – adi və kiçik,

Pəncərə səkiylə bir səviyyədə.

Keçib-gedənləri ciddi seyr edir,
Pəncərə önündə oturan pişik.

 +

Elə əzəmət var oturuşunda,
Elə bir qətiyyət və müstəqillik —

Dünya idarəsi bu qədim, kiçik
Evdədir elə bil. Pişik — başında…

 +

Meylli az deyil saxlaya ayaq,
Onunla danışa, yəni dərdləşə.

Soyuq, biganədir ancaq həmişə,

Şüşə arxasında əyləşən monarx.

+
Deyib “yaranışın tacıdır insan”,
İnsan min illərlə öyünməkdədir,

Bəs ikiqat olmaq, əyilmək nədir?

Diz üstdə yaşamaq, sürünmək hardan?

 +

Kainat taxtında elə bil pişik

Oturub diqqətlə seyr edir bizi.

Nümunə götürsək, taleyimizin,
Ağası ən azı ola bilərik…

 

01.12. 2025, Samara

MÜSTƏBİDİN PİŞİK SEVGİSİ

Diktatorlar nə qədər qəddarsa insanlara,
Çoxdur məhəbbətləri heyvanlara o qədər.

İtləri çox sevirdi, ət də yemirdi Hitler,
Yanındaydı Blondi, gedirsə fürer hara.

 +

Pişiklərə elə də sevgisi yoxdu ancaq,
Boğub uşaqlığında beş-altısını bəlkə.

Əbədi, dəyişməyən bu dünyada nə var ki? –

Pişiyi sığallayan rəhbərə gəlin baxaq.

 +

Başına sığal çəkir, quyruğuna əl atır,
Dalına-qabağına keçir, pişik burcudur.

Quyruğu pırpızlanır, dişlərini qıcıdır,
Ya da bezir yorulur, ayaq üstəcə yatır.

 +

Müstəbid də  çəkilmir, inadını yeridir,
Pişik müstəqilliyi cırnadır da deyəsən.

Sığalıyla, yalıyla sınır nə qədər insan,

Sınmayanlar var ancaq, görəsən səbəb nədir?

 +

Gözlərini bir anlıq qapayır müstəbid də…

Pişik cavan şir kimi görünür ona bəlkə,

Diksinir, əl uzadır yenə də sığal çəkə,
Pişik qalxıb dik durur dal ayaqları üstdə…

 

27. 03. 2025, Samara