Архив тегов | diktatura haqqında şeir

«MƏRKƏZİNDƏKİ XEYLİ KÜÇƏSİYLƏ BU ŞƏHƏR…»

Mərkəzindəki xeyli küçəsiylə bu şəhər,

Filmlərdə gördəyüm şəhərlərə bənzəyir,
Ondoqquzuncu əsr, Avropadır elə bil,
Avropalı olublar çox binanı tikənlər.

 

Məhkəmə kompleksi mərkəzə yaraşıqdır,
Durur tamaşasına hər gələn turist onun.

Burda vəkil işləyib hətta Ulyanov-Lenin,
Yazırlar ki, udubdir o, beş-altı işi də…

 


Burda qəzetlər çıxıb müxtəlif ideyalı,

Müxtəlif əqidəli insanlar yaşayıblar.

Qonşuluğumda Maksim Qorki yaşayan ev var,

Qraf Tolstoy üçün bura olub su yolu.

 

İndi…indini təsvir etməyə cürət gərək,
Bir də gördün dalınca gəliblər – bitirməmiş.

Əlbəttə, FSB-yə gedib çıxacaq bu iş,

Məhkəmə tamaşadır özü də — binası tək…

 

Qalır binalardasa hələ avropalılıq,

Dayanıb seyr edirsən tağları, karnizləri,

Memarların adını saxlayıb bəziləri,

İçdənsə Avropanın ruhu qovulub artıq.

 

Vaxtaşırı sirena səslənir tükürpədən,

Belə yaxınlaşdırıb müharibəni “rəhbər”.

Sanki intizardadır “avropalı” küçələr:

Deyəsən yaxınlaşır sonu müstəbidin də…

 

07. 05. 2026, Samara

«ELƏ BİL ÖLÜMƏ APARILIRIQ…»

(poliklinika)

Elektron növbə çıxıb sıradan,
«Canlı» növbədədir adamlar indi.

Cavan gözə dəymir aralarında,

Burda “canlı” olan elə növbədir.

 

“Kömpüter vışiblo!” – ucadan deyib,

Qeydiyyatçı qadın saxlayır işi.

(Kompüter qəzaya yəni uğrayıb)

Dinməzcə hamı yer tapıb əyləşir.

 

Vaxt gedir, kəsilir tamam səs-səmir,
Bir nəfər deyinmir dodaqaltı da.

Gözəldir, əlbəttə, etika, səbr,

Müdhiş amma nəsə var bu sükutda.

 

Bir dava həvəsli yox niyə burda?

Tumu kəslibdir demaqoqların?

Şəhərdə nə qədər əsəbi vardı! –

Ağrıyan qol-qıçdır indi ya qarın…

 

Bəlkə susqunluğa ciddi səbəb var?

Şübhə, narahatlıq, düzü, doğurur.

Mədəni, sakitcə bu oturanlar,
Nəyəsə elə bil bir eyham vurur…

 

Ağzına elə bil hamı su alıb,
Növbə “canlı”, yoxdur hərəkət ancaq.

Elə bil ölümə aparılırıq,
Qazancdır, nə qədər yolda yubansaq….

 

31. 03. 2026, Samara

MÜSTƏBİDİN PİŞİK SEVGİSİ

Diktatorlar nə qədər qəddarsa insanlara,
Çoxdur məhəbbətləri heyvanlara o qədər.

İtləri çox sevirdi, ət də yemirdi Hitler,
Yanındaydı Blondi, gedirsə fürer hara.

 +

Pişiklərə elə də sevgisi yoxdu ancaq,
Boğub uşaqlığında beş-altısını bəlkə.

Əbədi, dəyişməyən bu dünyada nə var ki? –

Pişiyi sığallayan rəhbərə gəlin baxaq.

 +

Başına sığal çəkir, quyruğuna əl atır,
Dalına-qabağına keçir, pişik burcudur.

Quyruğu pırpızlanır, dişlərini qıcıdır,
Ya da bezir yorulur, ayaq üstəcə yatır.

 +

Müstəbid də  çəkilmir, inadını yeridir,
Pişik müstəqilliyi cırnadır da deyəsən.

Sığalıyla, yalıyla sınır nə qədər insan,

Sınmayanlar var ancaq, görəsən səbəb nədir?

 +

Gözlərini bir anlıq qapayır müstəbid də…

Pişik cavan şir kimi görünür ona bəlkə,

Diksinir, əl uzadır yenə də sığal çəkə,
Pişik qalxıb dik durur dal ayaqları üstdə…

 

27. 03. 2025, Samara