Архив тегов | yay haqqında şeir

QOCA DONDURMA YEYİR…

Otuzu da keçib deyəsən isti,
Kölgəli yerlər də şəhərdə qızır.

Volqaya üz tutur sərin istəyən,
Çaydan uzaqdakı havalı gəzir.

 

Kvas içir ya da “pivələyirlər”,

Qızıb içkinin də alveri indi.

Gecə yarıyacan, boğaza qədər

İçəsən, susuzluq elə həmindir.

 

Yanını qumuna çayın basaraq,
Bir qoca oturub “plombir” yeyən.

Ucuzundan alıb, dondurma ancaq,
Nə qiymətə olsa, dadlıdır yenə…

 

Yemir dondurmanı, düzünü desək,
Sümürür, yalayır buzlu neməti,

Dilini çıxarır hərdən ilan tək,

Hərlədir, ucuyla dadır şərbəti.

 

Kiçilir, əriyib gedir plombir,
İnsan ömrü kimi əriyir elə.

Uşaqlıq, cavanlıq beləcə gedir,
Çökür xatirəsi damağa, dilə….

 

Bəlkə plombiri yeyir son dəfə,

Bəlkə sonuncudur aldığı bu həzz.

Bizə dondurma da kaş ki, vəd edə,
Xurma kölgəsini vəd eləyən kəs…

 

16. 06. 2026, Samara

PREZİDENT HOVUZUNDA ÇİMİR ŞRİLANKALI…

2021 лето

Yanğın var göy üzündə,
Qızıb yerdə daş, dəmir,
Rəhbərin hovuzunda,

Şrilankalı çimir.

 —

Qovub prezidenti,
Dolub saraya millət.

Gözü yoxdur heç nədə,

Götürən yox qənimət.

 —

Nə daş-qaşı qapan var,
Nə də ki qadjetləri.

Ac olsa da qarınlar,

Çoxdur ləyaqətləri.

 —

Ancaq yanır bədənlər,
Ürək-ciyər əriyir.

Leysan kimi gedir tər,
Hovuzsa  gəl-gəl deyir.

 —

Şri Lanka milləti,
Hovuzda sərinlənir.

Mənfur prezidenti,
Qovub, indi şənlənir.

 —

Gözəldir ekranda da,

Bu hovuz, zümrüd sular.

Bir gün, ilahi mən də,
Belə çiməm, nə olar!..

 —

Ah, bu nə istilərdir,
Dünya od tutub yanır!

Bu hovuzdan bizdə də,
Varmı? Varsa, bəs hanı?

 —

Beyləqanda müsibət,

Yanır Salyan, Kürdəmir,

Şrilankalı xoşbəxt,
Sərin hovuzda çimir.

 —

Yanır Şamaxı, Ağdaş,
Ucar çıxarıb dilin.

Şrlankalı qardaş,
Başımıza sağ əlin…

 

17.06. 2022, Samara

AH, BU XƏSTƏYƏ MƏLHƏM…

Ah, bu xəstəyə məlhəm,
İyun şüalarını,

Yığıb saxlaya biləm —
Sağaldar hər yaranı!

 

Nə qədər evdə qab var,
Hamısına yığardım.

Vedrə, qazan doldurar,
Qapaq qoyub sıxardım.

 

 

Dolandırardı məni,
Payızdan çıxanacan.

İsidərdi bədəni,
Qışın axırınacan.

 

 

İçərdim, olsa dərdim,

Bir fincan ya bir kasa.

Töküb pay da verərdim,

Birdən istəyən olsa…

 

 

Pəncərə qabağına,
Şüşə qabda qoyardım.

Keçən, boylanan, baxan,
Qızınar, yarıyardı.

 

 

Azardan da yıxılsam,
Ölməzdim, ayılardım.

Toplayıb yığa bilsəm,
Bu məlhəm şüalardan.

 

11. 06. 2019

Samara