Yanğın var göy üzündə,
Qızıb yerdə daş, dəmir,
Rəhbərin hovuzunda,
Şrilankalı çimir.
—
Qovub prezidenti,
Dolub saraya millət.
Gözü yoxdur heç nə də,
Götürən yox qənimət.
—
Nə daş-qaşı qapan var,
Nə də ki qadjetləri.
Ac olsa da qarınlar,
Çoxdur ləyaqətləri.
—
Ancaq yanır bədənlər,
Ürək-ciyər əriyir.
Leysan kimi gedir tər,
Hovuzsa gəl-gəl deyir.
—
Şri Lanka milləti,
Hovuzda sərinlənir.
Mənfur prezidenti,
Qovub, indi şənlənir.
—
Gözəldir ekranda da,
Bu hovuz, zümrüd sular.
Bir gün, ilahi mən də,
Belə çiməm, nə olar!..
—
Ah, bu nə istilərdir,
Dünya od tutub yanır!
Bu hovuzdan bizdə də,
Varmı? Varsa, bəs hanı?
—
Beyləqanda müsibət,
Yanır Salyan, Kürdəmir,
Şrilankalı xoşbəxt,
Sərin hovuzda çimir.
—
Yanır Şamaxı, Ağdaş,
Ucar çıxarıb dilin.
Şrlankalı qardaş,
Başımıza sağ əlin…
17.06. 2022, Samara