Архив тегов | Sabir Arbatanlı

ƏRUSƏ XALANIN XATİRƏSİNƏ

Xəbər gəldi: ölüb Ərusə xala,

Qəlbi neçə dağla yaralı qadın…

Gözləri neçə il işıqsız qalan,
Qulaqları səssiz – dayım arvadı…

 

 

Zindanı tərk edib elə bil gedir–

Kim bilir, bəlkə də işığa çıxar.
Səsi də nemət tək dadar o indi,
Tanrı hüzurunda duracaq axı…

 

 

Çıxar qabağına ciyərparası,
Yaradan rəhm elər, Hacını görər.

Baxar gicgahında güllə yarası,

Sağalıb…Dikəlib, dartınıb öpər…

 

 

Çoxlu zəhmətləri itən, dağılan
Əsəbi, davalı, hikkəli arvad!

İncidən, inciyən, qəlbi dağlanan —
Allahın rəhmiylə rahat indi yat…

 

25. 05. 2019

Samara

HƏR YAZIMI BƏYƏNƏN…

HACINIIN XATİRƏSİNƏ

Hər yazımı bəyənən,

Əzbərləyən Hacıydın.

Yazıma “əsər” deyən,

Yeganə oxucuydun.

 

Danışsaydım hər nədən,

Susub qulaq asardın.

Təkcə səndin kəsməyən,

Sözümü yarısında.

 

Təkcə sən məni yekə,

Bir sənətkar sayırdın.

Sənin gözündə bəlkə,

Mən ağıl dəryasıydım.

 

Dünyaya gəlmişlərin,

Ən həqiri indi mən.

Sənin qiymətin imiş,

Məni ucaldan demə.

 

Yoxsan – yox oxuyanım,

Eşidənim yox daha.

Sən yoxsan, ən yaxınım,

Mənə səndən uzaqdır…

 

07.01.2016 Samara

 

 

 

 

 

ANAMIN BAŞI ÜSTÜNDƏN ASDIĞI ŞƏKİL

SABIR

Bu şəklin «şəklini» məməm öləndən sonra çəkdim — otuz ildən çox idi ki, böyütdürüb başının üstündən asmışdı…

Sabir Cəbrayıl oğlu Zeynalov anamın üç qardaşından ən böyüyü,  özündənsə kiçik idi. 1980-ci ildə xərçəngdən ölüb. Sabir Zeynalov yeniyetməlikdən ədəbi istedadı ilə təkcə Salyanda yox, həm də Bakıda tanınmış, qəzəlləri, qoşmaları, bədahətən dediyi meyxanalarıyla sevgi və hörmət qazanmışdır. Təəssüf ki, sovet dövründə bu janrlara münasibət mənfi olduğundan sağlığıda dayımın əsərləri çap olunmayb. Onu yaxından tanıdığıma görə deyə bilərəm ki, özü də heç vaxt çap olunmağa can atmayıb. Əlyazmalarını da saxlayıb arxiv yaratmaq qayğısına qalmayıb. Əsil faciə isə öləndən sonra baş verib. Dayımdan qalan yazıları da bir  fırıldaqçı guya aparıb çap etdirəcək vədi ilə ailə üzvlərindən alıb aparıb və o gedən olub…

Ancaq salyanlılar Sabir Arbatanlını unutmurlar. Toylarda indiyəcən dayımın qəzəlləri oxunur. Ümid edirəm ki, gec-tez onu itmiş ya oğurlanmış şerləri özünə qayıdacaq…