TƏCRİD

2

Əlim ələ dəyən  yadımda deyil,
Doğma əli olsun, ya da yad əli…

Gəzirəm, adamsız cığırlar seçib,
Ayaq incisə də, başın salamat.

Keçən olanda da dinmədən keçir,

Bilmirsən kişidir, ya da ki, arvad…

 

 

Bu təcrid başlanan indi əsrdir,
Niyəsi, necəsi özümə sirdir…

Nəfəsim qızınmır dost nəfəsiylə,
Nə ürək açan var, nə də dinləyən.

Dəyişdim dünyanı quş qəfəsiylə,

Yox həvəs uçmağa, nəğmə deməyə.

 

 

Uzaq gəncliyimin yaxın adamı,

Hardasan? Necəsən? Yadındayammı?

Danış, eşidərəm. Ya da ki, öskür,
Üzü mənə sarı – qorxma azardan.

Uzat əlini də – təklik öldürür,

Əsrlik təcriddən üzülür insan…

 

17. 03. 2020, Samara

DOST

ilham                                            İlham Ağayevə           

 

İstər Pele olsun, Ronaldu ya da,

Oyuna azarkeş maraq yaradır.

Topu da qovduran, qol da vurduran,
Dəniz kimi coşan tribunadır.

 

 

Kütlələr olmasa stadionda,
Rekord qazanılmaz, zirvə aşılmaz,

Həvəs öləziyər yarışa onda,

Bədən ağırlaşar, sönər ehtiras…

 

 

İdmanı sevirəm – ancaq uzaqdan,
Sözə  söz calamaq mənim peşəmdir.

Çoxdan, lap ilk yazım üzə çıxandan,

Bir insan həmişə azarkeşimdir.

 

 

Uğura səsləyib, uğur gözləyib,
Məni inandırıb özümə bəzən.

Layiq olmadığım elə söz deyib,

Bəlkə qızarmışam xəcalətimdən.

 

 

Məndən söhbət açıb kimi görübsə,
Guya ki, beləyəm, eləyəm ya da.

Ay səmimi insan, qəlbi böyük dost!

Özüm də bilmirəm kiməm, hardayam…

 

 

Nə vaxtdan içində tozun-torpağın,
Əskidən qayrılma top qovuram mən.

Sönməyib nə qədər mənə marağın,
Qan-tərə bürünər, qovrularam mən.

 

 

Əgər bu səylərim getməsə hədər,
Bükülüb baş üstdən top vura bilsəm,
Sevinər bu işə azı bir nəfər,

Şübhə yox, əziz dost, yenə o sənsən…

 

05. 02. 2020
Samara