Архив тегов | koronavirus haqqında

«KİMDİ BU QOŞUNUN BAŞ KOMANDANI…»

SONY DSC

Kimdi bu qoşunun baş komandanı?

Əsgəri, zabiti bəs nə qədərdir?

Şeypuru niyə yox? Bayrağı hanı?
Səbəbi, məqsədi bu hərbin nədir?

 

 

Çay, dəniz nədir ki – okean aşır,
Alır bir həmlədə materikləri.

İsgəndər görsəydi, sarsılar, çaşar,

Düşərdi gözündən elədikləri.

 

 

Çıxsa Napoleon qəbirdən indi,

Düşər karantinə bir-iki aya.

Nə qədər düşünə, baş da sındıra,
Gəlməz ağlına bir strategiya.

 

 

Hanı Topal Teymur? Çingiz xan xanı?

Azmı öyünüblər yürüşləriylə?!

Görünməz qoşuna ayılın baxın,

Uşaq oyunuymuş sizin döyüşlər…

 

 

Kimdi bu qoşunu yaradan axı,

Kimdi nizamlayan, silahlandıran?

Hansı bayraq altda yürüşə qaxıb?
Verir əmrləri hansı komandan?

 

 

Gedir taclı qoşun gözə dəymədən,
Aşır dənizləri okeanları.

Uçarla şığımır, gəmi də minmir,
Göz açıb-yumunca ölkələr alır…

 

 

Hanı şeypur səsi? Bəs hanı bayraq?

Qoşunun əsgərəi bəs nə qədərdir?

İnsana bəlkə bu, sınaqdır ancaq,
Bilmirik səbəbi, məqsədi nədir…

 

07.05. 2020, Samara

“BARMAQ İZİNDƏDİR FƏRQİMİZ ANCAQ…”

SONY DSC

Əzizim, hamı tək həm tələsirsən,
Qurtara şoğərib bu pandemiya.

Təşviş içindəsən həm elə bil sən,
Qorxursan bəlkə də dəyişə dünya.

 

Təcrid götürülə, bitə karantin,
Gözlərin qamaşa küçəyə çıxsan.

Görəsən dəyişib doğma həyətin,
Adamlar tanınmır, necə baxasan.

 

Qaynayıb-qarışıb kasıb zənginə,
Keçəl şah qızıyla ailə qurur.

Nə qolu zorlu var, nə də əyilən,

Hamı ləyaqətlə davranır, durur…

 

 

Nahaq üzülürsən, əzizim, axı
Dünyada çox olub pandemiyalar.

İtkilər olub ki, min dəfə artıq,
Amma nəticədə dəyişən nə var?

 

 

Həmin hərarətdə qalacaq bədən,
Təzyiqin, nəbzin də ölçüsü həmin.

Qadın istəyəcək kişi yenə də,
Sevgidən ya zordan öləcəq qadın.

 

 

Yeməyə, içməyə həmin ehtiyac,
Şor yeyən olacaq, kürü yeyən də.

Yarı tox olacaq, yarı yenə ac,
Zalım da qalacaq, boyun əyən də…

 

Karantin bitən tək qorxma, çıx evdən,
Baş qaldır, sağına, soluna bax sən.

Özgə arvadına, mülkünə birdən,
Tamahın düşərsə, bil ki, həminsən.

 

 

Çıxanda qarşına əlsiz-ayaqsız,

Əgər gözlərində gilələlənsə yaş.

Büküyü çatlamış manata qıysan,

Bil ki, həminkisən yenə də, qardaş.

 

 

Hardasa, yaxında güllə səsləri,
Eşitsən, diksinib qorxma sən hədər.

Beş-üç pandemiya düşür bir əsrə,
Ancaq ara vermir müharibələr.

 

 

 

Dünyamız həmişə  həmin qalacaq,
Eyniyik, həminik həmişə biz də.

Barmaq izindədir fərqimiz ancaq,
Çünki cani yaşar hər birimizdə…

 

22.04. 2020, Samara

SÖNDÜR İŞIĞI, ANAM…

U LENİ. KİNO

Öyrəşirik çoxa da,
Aza da öyrəşirik.

Hər şey əldən çıxanda,

Taleyə baş əyirik.

 

On iki kvadrata,
Otuz ildir pərçiməm.

Ya iki vur altıdır,
Ya da ki, dörd vur üçə.

 

 

Yatmağına yer bəs, həm
Yazıb-oxumağına.

Gəzdinmi – ilişirsən,

Özün öz ayağına.

 

 

Çexov deyir: “ölənin

İki arşın bəsidir.

Dirininsə tələbi,
Bütün yer kürəsidir”.

 

 

Bir neçə kvadrata,
Həmişəlik əsirəm.

Özgələr fırlatdılar

Mənsiz yer kürəsini.

 

 

İki arşın yerə də,
Sığaram, sıxılmaram.

Qapanır gözlərim də,
Söndür işığı, anam…

 

16. 04. 2020, Samara

İKİNCİ BABİL

09.04. 2020

Bir vaxt yer üzündə bütün adamlar,
Bir dildə dınışar, qonuşardular.

Yığışıb bir dəfə verdilər qərar,
Ən uca bir qüllə quraşdıralar.

 

 

Dedilər gil kərpic kəsərik əvvəl,
Sonra bişirərik onu biz odda

Başı qülləmizin göylərə dəyər,
Ucalar beləcə öz adımız da.

 

Tanrımız baanda taxtda dikəlib,
Qüllə ucaldırlar gördü, adamlar.

Dedi: “xalq bir idi, bir idi dili,

Nə hoqqa çıxarır gör indi bunlar.

 

 

Və dili mən gərək elə ayırım,
Biri digərini başa düşməyə”.
Və səpdi dünyaya onları Tanrı,
Nə qüllə tikildi, nə də ki, şəhər.

 

Qüllə ucaldırdıq biz yenə indi,
Göylərə ucalaq, çıxaraq ad da.

Bir dilə çevirib neçə min dili,

Kərpic bişirirdik virtual odda.

 

 

Yenə bəyənmədi Tanrı bəlkə də,
Canlanan bu qüllə inşaatını.

Qonuşmaq yasaqdır yeganə dildə,

Yasaqdır min dildə qonuşmaq indi.

 

 

Qüllə həvəsiylə coşan, vurnuxan
İnsan öz evinin küncünə əsir.

Nəinki göylərdə ad çıxaramağa —
Baş çıxarmağa da çatmır hünəri…

 

14.04.2020, Samara

BU DİSTANT TƏHSİLDƏ TƏZƏ NƏ VAR Kİ…   

SONY DSC

Bu distant təhsildə təzə nə var ki?

Həqir nökəriniz ağlı kəsəndən
Belə oxumurmu? Yaxındakının

Dərsi, düzü desək, axı nə dərsdi?…

 

 

Əsil müəllimlər uzaqdaydılar,
Arada zaman ya yol məsafəsi.

Haçan ki, sualım vardı onlara,
Yarırdı kosmosu onların səsi.

 

 

Nitqini yarımçıq kəsirdi Sokrat,

Ali məhkəmədən üzr istəyib.

Sonra sualıma qulaq asaraq,
Səbrlə verirdi cavab mən kütə.

 

 

Sualım çatırdı Sokrata bəzən,
Zəhər dolu camı qaldıran anda.

Müdrik hər qurtumla səifləsə də,
Yenə çalışırdı məni qandıra…

 

 

Saxlayır yazdığı kitabı birdən,
Padşah Mark Avreli gedirdi fikrə.

Gərək sadə deyə, maraqlı həm də.

Mənim kimisinin başına girə…

 

 

Şopenhauer də, Kant da beləcə,
Mənə dərs deyiblər on il, on beş il.

Çatır hövsələləri lap indiyəcən,
Heç biri sualdan yayınan deyil…

 

 

Mirzə Ələkbərdən, Mirzə Cəlildən,
Distant dərs alıram yaşın bu vaxtı.

Gülürlər: “Mirzəsən indi özün sən…”

Mirzəyəm,.. bu var ki, “Əlil”əm axı…

 

12.04. 2020, Samara

“QAPANIB MƏSCİDLƏR, KİLSƏLƏR İNDİ…”

09.04. 2020

Qapanıb məscidlər, kilsələr indi,
Yəhudi bağlayıb sinaqoqları.

Çıxaraq möhtəşəm tikililərdən,

Yaşayır möminin içində Tanrı.

 

 

Gecəli-gündüzlü asan iş deyil,
Tanrıyla bir canda yaşamaq amma.

Adam var taleyə başını əyir,
Çalışır, özünü salır nizama.

 

 

Dilə nəzarəti ciddi bərkidir,
Gözü ayağının altına baxır.

Sözündə, işində bütövdür indi —

Bilir Tanrı görür, eşidir axı…

 

 

Adam da var çaşır keçməmiş həftə,
Səbrini daraldır Tanrı hüzuru.

Suallar yağdırır, öcəşir hələ,

Cavabı öz bəsit dilində umur.

 

 

Anlamır öz qəlbi indi məbəddir,
Çırpınır, beyninə cin vuran kimi.

Vəhşi qiyamıyla içini didir,

Tanrının evini dağıdan kimi.

 

09. 04. 2020, Samara

BƏXTİNƏ HƏRB DÜŞƏN NƏSİLLƏR OLUB…      

2

Bəxtinə hərb düşən nəsillər olub,
İtib milyonların gənc həyatları.

Milyonlar arxada acından ölüb,
Nə sayları məlum, nə də adları.

 

 

Az və yüngül olub nəslimin hərbi,
Nəticə çox ağır olsa da bəzən,

Hər dəfə bir təhər baş girələndi,
Həyatı saxladıq, şərəfdi gedən…

 

 

Dünyanı bürüyüb indiki qovğa,
Kütləvi qırğındır, mübarizədir.

Mənsə gəzməyimdə xəlvət, oğurluq,
Yenə fərariyəm, niyə gizlədim…

 

04. 04. 2020, Samara

NƏ QƏDƏR ÇOX İMİŞ YAXŞI ADAMLAR…

20.03. 2020

Nə qədər çox imiş yaxşı adamlar!

Tanıyan yox imiş ancaq onları.

Yaxşı kişilər var, qadınlar da var,
Özgəni ölümün əlindən alır.

 

İşə əsgər kimi gedirlər onlar,
Yoluxur, ölürlər qəhrəman kimi.

Sadələr, adilər, tanınmayanlar,

Tanınır möcüzə yaradan kimi.

 

Dünyanı bürüyən müharibədə,
Həkim, tibb bacısı, dayə öndədir.

Özgə həyatlarçın mübarizədə,
Həyat itirən var nə qədər indi!

 

 

Bəlkə Süleymanın üzüyündəki,
Yazıda bu günün təsəllisi var.

Keçər… Yaddan ancaq çıxmaya kaş ki,

Özgə həyatıyçın ölən adamlar…

 

29. 03. 2020, Samara

SOSİAL DİSTANSİYA HAQQINDA BALLADA

20.03. 2020

Hanı mənim silahlarım?

Gətirin silahlanım!

Nə çatmırsa, tapın, alın,

Yeri qazıb çıxarın!

 

 

Hanı mənim revolverim,

Mauzerim bəs hanı?

Qoşalülə tüfəng verin,

Verin beşatılanı!

 

 

 

Hazır edin avtomatı,
Yeddi-səkkiz daraqlı.

Hanı mənim top atanım? –

Dursun hazır, yaraqlı.

 

Qılıncımı verin mənim,
Oxu-yayı verin həm,

Altdan-üstdtən zirehlənim,

Başımda da dəbilqəm.

 

 

Zirehləndim, silahlandım,

Döyüşə hazıram mən!

Mənə yaxın gələn adam,

İndi küssün özündən!

 

 

 

 Kişi, arvad – hər kim aşa,

İki metrlik həddi,

Hər silahdan atəş açar,
Qoruyaram sərhədi.

 

 

Top ataram, susduraram,
Kim uzaqda öskürə.

Sayıq dursam pusquda mən,

Sovuşar hər təhlükə.

 

 

Budur, yenə kimsə gəlir:

Dayan! Kimsən, nəçisən?

Qardaşımsan? Adın — Qabil?

Al payını onda sən!

 

27-28. 03. 2020, Samara

EVDƏ QAL!

SONY DSC

Evdə qal. Çək daha küçədən ayaq,

Bağla içəridən qapını möhkəm.

Sonra açarı da nəfəslikdən  at,

Çıxa bilməyəsən, dağıla aləm.

 

 

Uzan çarpayıda, divanda dincəl,
Göz dikib tavana saatlarla bax.

Yat da, mürgülə də, arada dirçəl,
Ye yığdıqlarını, yoxsa da iştah.

 

 

Elə ki, doyunca yedin və yatdın,
Qarışdır başını xatirələrlə.

Gözünün önündən keçsin həyatın,
İtməsin, batmasın bircə an belə.

 

 

Gördüyün işləri saf-çürük elə,
Görmədiklərini fikirdən keçir.
Vicdan sınağında bəlkə itkilər,
Verərək haçansa çəkildin geri.

 

 

Yada sal kimlərə nəyi, haçan sən,
Demək istəyirdin, demirdin ancaq.

Yada sal itirib başını bəzən,

Nələri kimlərə demisən nahaq.

 

 

Ulduz həsrətiylə, ay həsrətiylə,
Kövrəl, fürsət ikən, yaş töküb hönkür.

Baxmırdın gözünün ucuyla belə,
Necə günəş batır ya dan sökülür.

 

 

Tanrı qəzəbiylə qovulan Adəm! —
Dünya nə cənnətmiş, indi bilərsən.

Açarı axtarma, zavallı adam,
Əgər bacarırsan, divarı yar sən…

 

25-26. 03. 2020, Samara