BƏRƏ

2

Ah, necə görkəmli, qəşəngdir bərə!

Avtomobillərlə tamam yüklənib.

Göz sevinir, görsə də lap min kərə,

Ah, bu nə həngamə, nə dəsgah gəmi!

 

 

Sambalı vardır, yaraşır Volqaya,

Üzməyi təmkinli, ləyaqətlidir.

Üz verə tufan, dözər hər dalğaya,
Keçsə də yaş, gövdəsi qüdrətlidir.

 

 

İllər ötür, marşrutu eynidir,
Gəlməyinin, getməyinin vaxtı düz.

Yüklənir hər gün, səhər-axşam gedir,
Düz qışacan, bağlamamış Volqa buz.

 

 

Ah, necə görkəmli, qəşəngdir bərə,
Gör nə ləyaqətlə üzür çayda o.

Ah, məni də mindirə o, bir kərə,
Kəndimə birbaş aparıb çatdıra…

 

04. 07. 2020, Samara

 BİR YAXŞI İŞ GÖRMÜŞƏM, ONUN DA MÜKAFATI LOPAQDIR…

 Bu yaxınlarda bir nəfərlə epistolyar janrda davam oldu. Davalaşdığım adam uzaqdan-uzağa, yəni Azərbaycanda elə qeyzlənmişdi ki, yəqin qolunun iki min kilometr uzunluqda olmadığına çox təəssüf elədi, yoxsa uzadıb ağzıma bir yumruq vurardı. Dedi ki, “sən ömrün boyu heç kimə bir qəpiklik yaxşılıq eləməmisən, ancaq faydalanmısan”.

O dəqiqədən gecəm-gündüzüm olmadı, yuxum qeybə çəkildi, çox çallışdım ki, yadıma haçansa kiməsə bir yaxşılıq elədiyimi yadıma salım, mümkün olmadı. Gördüm ki, doğrudan da elə mənə yaxşılıq eləyiblər, məndən isə yaxşılıq görən olmayıb, çoxlu insan ziyan da çəkib.

Üç gün, bir həftə…On günün tamamında birdən yadıma düşdü ki, mən bu davalaşdığım adamı bir dəfə Kürdə boğulanda xilas eləmişəm…

Bu hadisə sovet dövründə baş verib. O vaxtlar sudan adam çıxaranlara döş nişanı verirdilər. Bəlkə hələ üstündə beş-on manat da üstündə. Qəzetdə yazırdılar. Rusiyada indi də belədir. Ancaq, görünür, indi Azərbycanda sudan adam çıxarmaq yaxşılıq sayılmır və belə adamın mükafatı lopaqdır. Yaxşılıq toya bir bağlı pul salmaqdır, gəlirli işə, məsələn, vergiyə, gömrüyə düzəltməkdir, maşın bağışlamaqdır. Əslində bunda ədalət var. Çünki sudan adam çıxarmaqda yaxşı bir şey yoxdur. Bunu hamı bacarır. Sən çıxarmayacaqsan, gəlib bir başqası çıxaracaq, bəlkə başqası bir az gec gələcək, ancaq axır ki gələcək…

Çox fikirləşib gördüm ki, elə məni də kimsə xilas etsəydi, mən ona qarşı heç bir minnətdarlıq hissi duymazdım. Bəlkə də acıqlı olardım ona. Bəlkə də çalışıb bir yolla üstünə pul da kəsdirərdim: çıxarıb atmısan qırağa, indi dolandır məni…

Belə-belə işlər…

24.04 2015

Samara

OTAQ

Bu otaqda bir yataq da olub və tanıdığım ən nəcib

                              insanlardan biri    Ehtiram uzun illəri o yatağa bağlı keçirib.

                            Otaq dünənəcən qalırdı. Ehtiramın ruhu, ümid edirəm, daha

                           uca yerdədir…

           

 

İki qovaq arasında

Boy verib ucalan otaq.

Budaqların sırasında,

Özünə yer alan otaq.

 

Baharda başdan-ayağa,

Yaşıl-yaşıl yanan otaq.

Qısılıb iki qovağa,

Mışıl-mışıl yatan otaq.

 

Səhərin dumanlığında,

Günəşə boylanan otaq.

Axşamın toranlığında,

Günəşlə yuyunan otaq.

 

Yağışlarla, küləklərlə,

Danışan, qonuşan otaq.

Məskən tapdığı bu yerə
Gözəlcə yaraşan otaq.

 

Nəğmələnib zaman-zaman,

Sükutu sındıran otaq.

Oxuyub-oxuyub coşan,

Quşları dindirən otaq.

 

Torpaqdan çəkib gözünü,

Aya-günə baxan otaq.

Başı buluda uzanan,

Tanrımıza yaxın otaq.

 

Ayları, illəri aşıb,

Kür üstünə qonan otaq.

Sinəsində uçmaq eşqi –

Qanadı bağlıqır ancaq…

                                  14 iyun 1985, Ərəbqardaşbəyli