ALEKSANDR BLOK. «AH, NECƏ YAŞAMAQ İSTƏYİRƏM MƏN…»

ALEKSANDR BLOK

              О, я хочу безумно жить,

              Все сущее – увековечить…   

 

Ah, necə yaşamaq istəyirəm mən:

Ötəri hər şeyi —  əbədi etmək,

Canlatmaq  — həyata keçməyənləri,

Simasız nə varsa – bəşərilətmək.

 

Ağır yuxusuyla boğsa da həyat,

Nəfəsdən düşsəm də indi nə qədər,

Məni yada salıb bəlkə də bir vaxt,

Qəlbi sevic dolu gənc belə söylər:

 

Ona hüznlüyü tutmayaq irad,

Bəlkə bu, ilhamın mənbəyi idi?

Xeyirdən, işıqdan yaranmış övlad,

O həm azadlığın təntənəsiydi.

 

5 fevral 1914

Ruscadan tərcümə

26-27.01. 2017, Samara

 

BORİS PASTERNAK. Ovun, büzülməsin daha dodağın

 

                                Не плачь, не морщь опухших губ…

 

Ovun, büzülməsin daha dodağın,

Şişib ağlamaqdan, qırış da düşər.

Yaz isitməsinin qalan qasnağı,

Yenicə quruyur, dağıdıb eşmə.

 

Ovcunu sinəmdən götür, əzizim,

Cərəyan qoşulmuş tellərik indi.

Yenə şığıyarıq bir-birimizə,

Bir də görərsən ki, hiss edilmədən.

 

İllər ötüb-keçər, ərə gedərsən,

Unudarsan nədir kasıb məişət.

Qadınlıq, əlbəttə, böyük əməldir,

Ağlı başdan almaq – böyük şücaət.

 

Qadın çiyinləri, əlləri boynu –

Mənə möcüzədir,  önündə elə

Riqqətə gəlirəm mən ömrüm boyu,

Sadəcə bir nökər məhəbbətiylə.

 

Amma ki hüznlü dairəsinə

Alıb gecə məni necə sıxırsa,

Baş alıb getməkdir ümdə istəyim,

Ayrılıqlara da artır ehtiras.

 

1947

 

Ruscadan tərcümə

09.11.2014 Samara

 

Aleksandr Puşkin. QURANA BƏNZƏTMƏLƏR

 

                        V

                                        Земля неподвижна, неба своды…

 

Yer hэrэkətsizdir: sənsən, Yaradan,

Saxlayan bu göyün qübbələrini.

Sənsiz yerə, suya yıxılardılar,

Bizi əzərdilər qüvvələriylə.

 

Günəşi yandırdın kainatda sən,

Həm yeri, həm göyü işıqlandırır.

O, zeytun yağına sanki çəkilən,

Büllur çilçıraqda yanan kətandır.

 

Tanrıya əyilin, qüdrət ondadır

Bürküdə  sərin yel əsdirə bilir

Odur buludlarla göyü dolduran

Yeri ağaclarla kölgələndirən.

 

Bağışlayandır o, Məhəmmədə həm

Nur dolu Quranı göndərən odur.

İşığa aparan yola qoy qədəm,

Dumanı gözündən uzağa qovdur.

 

 

1824

tərc.: 15.02.2014