DOKTOR ŞAROVANIN XATİRƏSİNƏ

Əziz Klavdiya Fleqontovna!

Sizin şəhərdəyəm indiyə qədər.

Burdan köçdüyünüz əsrə bərabər,
Haçan gəldiyimi mənsə unutdum…

 

 

Şəhər çox dəyişib, görsəniz ancaq,
Köhnə küçələri tanıyardınız.
Volqa isə qalıb necə vardısa,
Həminki axardır, həminki yataq.

 

 

Adamlar yəqin ki, başqalaşıbdır,
Elə həmin dildə danışsalar da.

Elə bil bir ayrı Rusiyadayam,

Baxıram, bir qadın sizə oxşamır…

 

 

Haçandan burdayam, qırx ilə yaxın,

Deməzdim şəhərə məhəbbətim var,

Qalıb öyrəşirsən, ərin arvada,
Öyrəşdiyi kimi… nə sevgi axı…

 

 

Getməyə qorxursan, elə bilirsən,

Burdan uzaqlaşsan, ölümün çatar.

Ölümsə gələcək, ölümə nə var,
Hansı cəhənnəmdə yaşasan da sən…

 

 

Yad şəhər elə bil bir labirintdir,

Bir dəfə düşdünmü, azıb qalırsan,

Sizi sehrlədi balaca Salyan,
Sizdən orda qalan şübhəli qəbir…

 

 

Torpağa qoyulmaq fikrisə məni,
Heç açmır… qəbir də arzulamıram,
Yandıran, külümü göyə sovuran
Tapılsa, bir savab qazanar yəqin…

07. 12. 2018

Samara

Реклама

DOKTOR ŞAROVANIN XATİRƏSİNƏ

ШАРОВА

Bu, doktor Şarovanın qəbridir. Azərbaycan SSR-nin əməkdar həkimi Klavdiya Fleqontovna Şarovanın. 60 ildən çox həkimlik fəaliyyətinin çoxu Salyanda keçib, özü də 2000-ci ildə Salyanda ölüb. Bir neçə il ərzində qəbrinin yerini heç kim bilmirdi, çünki salyanlılar əməkdar göz həkiminin qəbrinin üstündə bir nişangah da qoymamışdılar.

Doktor Şarova samaralıdır, hörmətli vəkilin qızıdır, burda knyaginya Xovanskayanın gimnaziyasını, sonra Omskda tibb institunu bitirib Azərbaycana gedib. Görkəmli veneroloq Rüstəm Talışinski ilə nikahda üç oğlu olub.

Mən burda Şarova haqqında Şirvan Kərimova danışanda o mənə dedi ki, bu nadir insanın qəbrini hökmən tapıb üstünü düzəltmək lazımdır. O vaxt Salyanın başçısı Rasim müəllim idi. Biz Şirvan müəllimlə başçının qəbulunda olduq. Başçl Şirvan müəllimi görəın kimi tanıdı – politexnikdə tələbəsi olubmuş. Söz verdi ki, iki ay ərzində qəbir tapılacaq, üstü də düzəldiləcək…

Bir il keçdi. Üstünün düzılmıyi qalsın, qəbrin özünü axtaran olmadı…

Sora salyanlı müəllim Məmmədağa Əhədlinin köməyi ilə qəbrin yerin tapa bildik. Şirvan müəllim Samaradan pul (öz pulunu) göndərdi, qəbrin üstü düzəldidldi…

Mən hər yay Azərbaycana gələndə doktor Şarovanın qəbrini ziyarət edirdim. Məzar Salyan qəbiristanlığının günbatan hissəsində, girəcəyə yaxın yerdədir. 2012-cü ilin yayında yenə qəbir üstünə getdim. Girəcəkdə həmişə arvadlı-kişili yeddi-səkkiz adam oturur, gələnərə yasin oxumaq təklif edirlər. Mənə də dedilər, başımı yelləyib keçdim. Qayıdanbaş yanlarından təzə keçmişdim ki, araqçınlılardan biri dalımca qışqırdı: “Kərkindin?”

Mərhum qardaşım Süleymandan fərqli olaraq mən cəsur deyiləm, bəlkə hələ qorxağam da, ancaq zavodda fəhləlik edən vaxtlar xeyli davalaşmışam, bir dəfə birinin başını bankə ilə yarmışam da. Ancaq burda qayıdıb üstlərinə yerisəydim, araqçınlılar məni döyəcəkdilər… Mən isə həmin gün Samaraya uçmalıydım. Eləcə rüsvay olmuş halda qəbiristanlıqdan çıxdım…

2013-cü ildə yenə qəbir üstünə getdim, ancaq tək deyildim. 2014-də getmədim, çünki yannımda adam yox idi…

Günçıxan tərəfində qardaşımla bacım basdırılıblar. Bir dəfə ora gedəndə bir araqçınlı yasinçi gözünmün qabağında şalvarını çıkdi aşağa, çömbəlib başladı rahatlanmağa…

Rəhmətlik bacımın evi bazarın yanında, qardaşımın evi vaxındır. Bacımgildən qardaşımgilə gedənə qədər salyanlılar azından beş dəfə mənə söz atmalıydılar. Biri saqqalıma, biri papağıma (bir dəfə qışda olmuşam), biri çantama – salyanlılar kişini çiyin çantasıyla ya çıtirlə görəndə dəli dərdlərinə düşürlər, bəziləri elə coşur ki, az qalır qabağını kəısib başını yarsın…

Doktor Şarova Salyanda tanıdığım yeganə ziyalı olub. Əlbəttə, bu şəhərdə başqa ziyalılarda olub, mən onları, təəssüf ki, tanımamışam…

Ümid edirəm ki, doktor Şarovanın qəbri yerindədir. Qəbiristanda təmizliklə məşğul olan bir arvad deyirdi ki, rus qəbirlərinin çoxu dağıdılıb, yerlərində azərbaycanlılar basdırılıb…

Mən vəsiyyət eləmişəm ki, məni burda, Samarada basdırsınlar. Əlbəttə, doktor Şarova ilə Xeyrulla Xəyal bərabər mebadilə deyil, ancaq o nadir insan məni çox istəyirdi və onun vətənində basdırılmağım onu ruhunu elə bilirəm ki, şad edərdi…

Salyanı isə, düzünü düsəm, sevmirəm. Vağzalda düşüb gedirəm kəndə, qayıdanda da eləcə. Yəqin Salyanı sevmək üçün gərək Salyanda doğulasan. Mən kəndçiyəm.Böyük şəhərdə yaşasam da, kəndçi olaraq qalıram. Deyə bilmərəm ki, Samaranı sevirəm. Mən yaşda adamın az şeyə məhəbbəti olur. Ancaq doktor Şarovanın samaralı olması bu şəhəri mənə az-çox doğma edir…

06.04 2015 Samara

QƏBİR İTİMİ — QƏDİR İTİMİDİR…

           

“Müəllim, indi ki sən deyirsən bahadır, mən lap havayı düzəldərəm, mən o arvadı yaxşı tanıyırdım, böyük hörmətim vardı ona…”

Spesifik məntiqdir – qiymətdən düşmür, ancaq işi guya havayı görməyə də hazırdır. Anacaq sifarişçi Məmmədağa müəllim təccüblənmir — ona görə yox ki, riyayaziyyatı tədris edir və məntiqi mühakimənin hər cür mümkün yayıntılarına adət edib. Spesisifik məntiq  bəlkə də peşə spesifikliyindən doğur – müsahibi “sənətkardır”, qəbir daşı yonur… O ki qaldı “arvadı” yaxşı tanımağına… “Arvadı” Salyanda və ətraf rayonlarda kim tanımırdı ki. Gəl ki gəbrinin yerini dəqiq göstərməyə uzun müddət bir adam tapılmırdı. Azərbaycanın əməkdar həkimi Klavdiya Fleqontovna Şarovanın qəbrini…

1986-cı ilin payızında o vaxt Kuybışezv adlanan Samaradan məzuniyyətə gələndə doktor Şarovanın uşaqlıq və ilk gənclik illərinin keçdiyi şəhərin şəkillərini gətirmişdim. Klavdiya Fleqontovna onlara baxdıqca gözləri yaşarır, küçələrin, meydanlarin indiki yox, onun ailəsiylə aclıqdan xilas olmaqçın ekstremal şəraitdə Samaradan çıxıb nisbətən çörəkli sayılan Sibirə yollandığı vaxt daşıdığı adları tez və səhvsiz deyirdi. Səksən üç yaşlı doktorun nəinki yaddaşı qaydasındaydı – hər bazar ertəsi xəstəxanada onun əməliyyat günüydü. Klavdiya Fleqontovna 1991-ci ilin yanvarında baş verən ölümünün yaxın ərəfəsinə qədər işləmişdi.

Yetmişinci illərin əvvəllərində doktor Şarovanın ailəsiylə tanış olanda, əlbəttə, ağlıma da gəlməzdi ki, həmişəlik rəqəmlər, tarixlər və ərazilərin mistik cazibəsinə  düşürəm. O vaxt mənim üçün vacib başqa şeylər idi. Mənə doktorla tanışlığın ilk günlərindən aydın olmuşdu ki, mənim təhsilim qiyabi oxuduğum universitetdən çox Salyanın bəlkə də ən odioz məhəlləsindəki ikimərtəbələrdən birinin ikinci mərtəbəsindəki mənzillə bağlı olacaq. Şəhərin girəcəyində, avtovağzaldan iki addım aralı olan düzbucaq şəkilli bu məhəllə bir-birinin eyni olan bir neçə ikimərtəbə “hökumət evindən ibarət idi. Asfaltı min yerdən çatlamış həyətin düz ortasında ümumi ayaqyolular vardı və xüsusən ikinci mərtəbədən düşüb aftabanı qıçlarına sıxa-sıxa üfunəti havalanıb avtovağzal həyətindən qalxan qoxulara qovuşan ayaqyoluna başıaşağı gedən arvad-uşağı görəndə adam istəyirdi qurd olub ulasın. Və elə qərb radiolarına qulaq asmaq, Folkneri və Dostoyevskini oxumaq, dil öyrənmək də ümidsizlikdən ulamaq kimi şeydi – yəni ki, neyləyirsən eləyəsən, bircə şura hökumətiylə və kommunist partiyasıyla unison oxumayasan…

Doktor Şarovanın mənzilinə girən kimi tarix, dövr dəyişirdi, düşürdün iyirminci əsri əvvəlinə, hələ ondan da o yana, on doqquzuncu əsrə. Puşkin, Tyütçev, Gertsen… Vəkil qızı, gimnaziya məzunu doktor Şarova fransızcanı da unutmamışdı… “O da haqlı deyildi, Xeyürulla müəllim, axı o, övladlarını ədəbi irsinə hüquqdan mərhum edib lüt qoymaq istəyirdi…” Uşaqlara münasibət məsələsində Klavdiya Fleqontovna hətta Tolstoyla da mübahisəyə hazırıydı, özü nəinki Salyandakı evi saxlayır, hələ bütün pensiyasısını mərhum oğlu İskəndərin Bakıdakı ailəsinə göndərirdi. İndi doğma nəvələri yetkin, ailəli adamlardır, nənərinin harda basdırıldığından xəbərləri yoxdur. Deyilənə görə, doktor Şarova öləndən sonra gəlini son məqamda da olsa özünü yetirib mərhumun evinin qonşular tərəfindən yağmalanmasında iştirak etmişdi. Zəngin kitabxana tamam dağıdılmış bütün qab-qacaq, son qaşıq-çəngələ qədər, aparılmış,    paltarların bəyənilənləri götürülmüş, bəyənilməyənlərdən də xəz yaxalıqlar kəsilmişdi. Qızıl-gqmüş, əlbəttə, birinci növbədə… Kitabxananı doktor əsasən Azərbaycanda yaşadığı altımış ilə yaxın vaxtda yığmışdı, ancaq kitabların içində Omsk tibb institutunu bitirib bura işləməyə gələndə gətirdikləri də vardı. Xüsusi fəxrlə Klavdiya Fleqontovna qırxıncı illəıin axırında kosmopolitizmlə mübarizə zamanı tutulmuş tibb professorlarının kitablarını göstərirdi. Bu kitablar o vaxtlar “orqanlar”a təhvil verilməliydi. Ancaq doktor verməmişdi. Xırdaca, ağüz bu qadını az tanıyan adamlar da onun tünd göy gözlərində əks olunan ləyaqət və cəsurluğu görməyə bilməzdilər…

O, vəkil qızıydı. Evləri indi də Xlebnaya ploşad adlanan meydanın yaxınlığında olub – bura Samaranın tarixi mərkəzidir. Knyaginya Xovanskayanın gimnaziyasında oxuyub, gimnaziyanın binasinda indi də məktəb yerləşir. Volgaboyundakı ağır vətəndaş hərbindən və aclıqdan ailəsiylə Omska gələn Klavdiya burda tibb institutunu bitirib göz həkimi diplomu alır və bir müddət sonra Azərbaycanda işləyən rəfiqəsi İza Bretsenin dəvətiylə ora gedir. Traxomayla gərgin mübarizə illərində əvvəl Şəkidə işləyir, sonra Salyana göndərilir. Elə bu vaxtlarda fasilələrlə Bakıda da yaşayır — əri görkəmli veneroloq Rüstəm Talışinskiydi, altmışıncı illərin əvvəllərində o, Bakıda avtomobil qəzasında ölüb… Doktor Rüstəmin birinci arvadından olan oğlu, adıyla bağlı travmatoloji əməliyyatlar dərsliklərə düşmüş professor Rəşid Talışinski Klavdiya Fleqontovnaya sevgisi və hörməti böyükdü.  Professor Talışinski çox cavan öldü.  Doktor Rüstəm Talışinskinin dörd oğlundan heç biri — proferssorluğa Xarkovda qalxmış Rəşid, futbol məşqçisi İskəndər, müəllim Sabir, psixiatr Əli —  sağ deyil, heç bir azardan şikayətlənməyən uca boylu, enli kürəkli bu kişilər elə bil  yoxmuşlar…

2006-cı ilin yazında Bakıda Samara vilayətinin mədəniyyət günləri keçirilərkən vilayətin mədəniyyət naziri Olqa Rıbakova və “Samara vilayəti azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Azərbaycanın mədəniyyət nazirindən xahiş etmişdilər ki, doktor Şarovanın qəbrinin tapılmasına kömək etsin, qəbrin üstünün götürülməsi xərclərini Samara vilayəti çəkməyə hazırdır. Cənab Qarayev samaralı həmkarını televiziya kameraları qarşısında deyir ki, hər şey ediləcək və Salyanın başçısına rəsmi məktub göndərir. Bir neçə ay keçir, Şirvan Kərimov özü Salyana gəlir, başçıyla görüşüb deyir ki, bizə ancaq qəbrin tapılması lazımdır, üstünü özümüz götürəcəyik. Mən də görüşdə iştirak etdiyimə görə deyə bilıərəm ki, Salyan başçısı bizim yaddaşımıza silinməz təəssür saldı. “Ayıb deyil? Nə xərc? Hamısını özümüz edəcəyik, mən də o qadından çox eşitmişəm, layiqdir. Yaşadığı evə də xatirə lövhəsi vuracağıq. Nə iki ay? Nə danışırsınız? Bir həftənin içində!”

Düz bir il keçdi… Salyanlı müəllim dostum Məmmədağa Əhədov xəbər verirdi ki, heç kim əlini ağdan-qaraya vurmayıb, hərçənd qəbrin yeri tapılmışdı…

2007-ci ilin yayında Şirvan Kərimov Məmmədağa müəllimə pul göndərib xahiş edir ki, qəbrin üstünü sifariş versin. Məmmədağa müəllim spesifik məntiqli daşyonanla qiymət üstündə çək-çeviri artıq görünməsin: pul Şirvan Mürvət oğlunun şəxsi vəsaitindən idi və samaralı sədr “daşın lap yaxşısından” qoydurmağı tapşırmışdısa da, riyaziyyat müəllimi üçün bu məqamda özgə pulunu saymağın yeri vardı… Sifarişi bir az aşağı qiymətlə götürən ikinci sənətkar da Xıllınin və Salyanın göz xəstəxanalarında on illərlə baş həkim işləmiş doktor Şarovanı yaxşı tanıyırmış…(Daşyonanlara ümumiyətlə heç bir iradımız yoxdur, mən onların elə qəbiristanlıqda yerləşən emalatxanalarında oldum – çox ağır və sağlamlıq üçün ziyanlı işdir. Həm də, əlbəttə, keyfiyyələ görülərsə, nəcib işdir…)

29 avqust 2007-ci ildə kiçik bir qrup salyanlının iştirakıyla qəbirüstünün açılışı oldu. Salyan başçısı nə özü gəldi, nə bir adam göndərdi.  Yeri gəlmişkən, Rasim müəllim də doktordur, ancaq göz doktoru yox, elmlər doktoru…

O ki qaldl göz doktorlarına… Salyanlılar başqa bir göz həkiminə heykəl qoyublar, adına bağ da salıblar. Ancaq onun qəbri Salyanda deyil, heç vaxt Salyanda yaşamayşıb və, səhv etmirəmsə, heç vaxt orda olmayıb da… Yox, bu mistika-zad deyil, bu, sonralar nəsil-nəsil xəcalət çəkdirib başıaşağı edən kobud və bayağı praqmatizmdir, öz dilimizdə desək, yaltaqlıq və ayağadüçməkdir. Mistika ayrı şeydir.

Klavdiya Fleqontovna ilə doğum tariximiz eynidir – düz əlli il fərqlə. Və mən təxminən onun Azərbaycana gəldiyi yaşda Samaraya gəldim…

Mən Samaradakı şaxtalardan ona xəbər verəndə o mənə yazardı:” Mən indi orda yaşaya bilməzdim… Qocalmışam və soyuqdan elə qorxuram ki…”

Doktorun ölümündən keçən uzun illər ərzində tez-tez fikrən onunla danışıram. “Klavdiya Fleqontovna, mən də qorxuram ki, daha vətənə qayıda bilməyəm… Havası düşmür…”

Onun bir qardaşı da vardı. Batumda yaşayan Viktor Fleqontoviç kimi çox oxumuş, geniş məlumatlı və kübar adam az görmüşəm. Hərdən Salyana gələrdi. Öz ailəsi cəhənnəmdi. Qırğıya oxşayan Muza(!) adlı arvadı hər dəqiqə şığıyıb ərinin gözlərini çıxarmağa hazırdı. Müharibə vaxtı kapitan Viktor Şarovun batareyası Batumda yerləşirmiş. Günlərin bir günü batareya radioqram alır ki, yaxınlaşmaqda olan obyekt düşmən təyyarəsidir, vurun. Viktor Şarov əmri yerinə yetirir. Az sonra məlum olur ki, vurulan sovet təyyarəsiymiş… Kapitan Şarovu tutmurlar, ancaq hərbi karyerasının da üstündən xətt çəkilir…

Ruhunuz şad olsun, Klavdiya Fleqontovna! Günahlarınız, əgər vardısa, bağışlansın, Viktor Fleqontoviç! Bəlkə bir vaxt yenə görüşüb danışdıq. Bu dünyadaki qanqaralıqları, bütün ağrı və göynəmələri doğruldan yalnız buna ümiddir…

 

26.02.2008 14:48:27, Samara

 

 

“Azadlıq” qəzetində çıxıb