Архив | 26.09.2018

TEOFİL QOTYE. YAZI TƏK GƏTİRƏN ÇİÇƏK

gautier_big-min

  La fleur qui fait le printemps

Terrasda nazlanan bu şabalıdlar

Sen-Jan gününıcən çiçəklənərlər
Mavi dağlarınsa zirvəsində qar
Görünür, baxılsa villadan əgər.

 

Nazik köynəyində əsib-titrəyir,

Yarpaq üşüyürdü dünənə qədər,

Canlanan budağın üstdəsə indi,
Görünür birinci yaşıl ləkələr.

Ancaq əbəs yerə günəş dikəlir,

Şirə budaqlarda hələ ləng axır.

Gecikmiş çiçək də qalıb fikirli,

Bilmir yetişibmi vaxtı açmağın.

 

Şaftalılar tamam allanıb ancaq,
Necə ki utancaq həvəsdən yanar.

Qürub qızartısı yayılan sayaq,
Çiçəyə bürünür indi almalar.

 

Cəsarəti artıb dəstərəyin də,
Çəmənlikdə qızıl düymələrini,
Artıq yetişməyə həvəsləndirir,
Onu təbiətin mehriban əli.

 

Mənsə indən belə qayıtmalıyam,
Adəti cəhənnəm dairəsinə.

Açılın, açılın, şabalıdlarım,
Bəzəyin gözümün mənzərəsini.

 

Çıxara bilərsiz zəncirənizi,
Təhlükə bilmədən indi bayrama.
Göydən işıqlanır zirvəniz sizin,
May aprel dalınca dabanbasmada.

 

Sevinc bağışlayın rəhmə gələrək,

Ürəyi kədərlə dolu şairə,

Çıxmamışdan uzaq yola o bəlkə,

Od kimi alışan çiçəklər görər.

 

Nəhəng şabalıdlar, geniş terrası,
Bəzəyən sıranız əzəmətlidir.

Sizin lütfünüzü görmək istərəm,
Lütf gözəllikdən axı əzəldir.

 

Zəngin donlarınız mənə tanışdır,
Açar oktyabr elə ki əl-qol,
Sizə geyim biçər qızıl qumaşdan,
Başınıza qızıl tac da taxar o.

 

Mən sizi görmüşəm, bəyaz bulaqlar —

Gecələr gümüşü şüşənin üstdtə,

Yaranan naxışa oxşarınız var.

Şaxtanın fırçası necə səlisdir!
Mən yaxşı bələdəm hər üzünüzə,
Qoca şabalıdlar, nəhəng ağaclar.
Bahar ətrinizsə məminçin təzə,

Görməmişəm necə yaz donunuz var.

 

Gözləyə bilmərəm daha, əlvida,
Nurlu buketiniz təzə-tər qala!

Dünyada çiçək var, incə və safdır,

O bircə çiçəklə mənə yaz olar.

Dolu səbətiylə gəlib çatır  may,
Mənimsə bəsimdir bircə o çiçək.

Onun ürəyində elə şirə var,
Həm insana, həm də arıya gərək.

 

Göylər açıq ola, dumanlı ya da,
Ətirli, sevimli, gülər həmişə,

İlin hər fəslində, hər cür havada,

Mənim öz evimdə bitən bənövşə!

 

Fransızcadan tərcümə

24-25.09. 2018

Samara

  ŞOR

25.09.18

(Kasıbların süfrəsi)    

Bəzən iki dəfə, üç dəfə bəzən,
Süfrə salınardı adəti üzrə.

Ya boz, ya da qara, “kir götürməyən”,

Nuh nəbidən qalma, yamaq yüz yeri.

=

Kimi bardaş qurur, kimi diz üstdə,
Kimi üzü üstdə yıxıli sayaq.

Çörək çəkilirdi boyad ya isti,

Daş stəkanlara süzülürdü çay.

=

Əgər rəng seçilsə ümidsizliyə,
Elə bu çay rəngdə gərək olaydı.

Bir evdə əsil çay içilməyibsə,
Nemət sayılırdı elə bu çay da.

=

 Torbadan tikə qənd çıxarılırdı,
Çəkiclə doğranıb nərd zəri boyda.

Sayılı qənd payı hamı alırdı,

Böyük payı vardı, uşaq payı da.

=

Neçə yerdən çatlaq fincanda ya da,
Saxsı nəlbəkidə şor qoyulardı.

Şəhadət barmaqlar eyni zamanda,
Şığıyaraq şoru sıyırırdılar.

=

Yaxıb sürtürdülər çörəyə səylə.

Barmağın ucunda qayıdan şoru,

Yemək bircə tikə ya bircə gilə,

Tilova, tələyə belə qoyulur…

=

Duzu yandırsa da, bəd görünsə də,
Həvəsi, iştahı şor aldadırdı.

Çörək lap quruyub daşa dönsə də,
Boğazdan keçirmək qüdrəti vardı.

=

Gələrdi ortaya gündə üç dəfə,
Saralar, göyərər, qurd da salardı.

Daş kimi bərki də basıb yedirdər,

Kasıba nemətdi, yaxşı ki vardı.

=

Fransız deyildi, alman deyildi,

Millətim kasıbdı, qıtdı süfrəsi,

Ya iş bacarmırdı, ya tənbəl idi,

Ya da qazancını yedi özgəsi.

=

Tələ yemi kimi şor yeyən kişi,
Nə at çapar, nə də qılınc oynadar.

Əyildi, pozuldu qadın yerişi,

Şor nə rəngi açar, nə qan qaynadar…

=

Zəngin süfrələri hər görəndə mən,

Nəlbəki yadıma düşür şor dolu.

O həm nemət idi, lənət idi həm,
Xalqımın tarixi şorla yoğrulub…

25-26. 09. 2018

Samara