TEOFİL QOTYE. XOŞ AXŞAM

gautier_big-min

La bonne soirée

Lap itin günüdür! – həm yağış, həm qar

Əsirlər qozlada arabaçılar,

Burunları göyərib.

Dekabr axşamı belə havada,
Ocaq qırağında qıç uzadaraq,
Çıxmayasan heç yerə.

 

Üstəlik kamindən bir az aralı.
Yumşaq bir kreslo, axsaq ayaqlı,

Elə bil əl eləyir,

Sevgiliniz kimi mehriban baxır,

Nəvazişli səslə sanki çağırır,

“Evdən çıxmayın!” deyir.

 

Krujeva bəyaz döşləri necə,

Yarımçıq örtürsə, indi eləcə,
Gülrəng kəsik kağızla,
İşığı süd rəngli çıraq qapanıb

Şöləsinin əksi bəzər tavanı,

Otaq sükuta dalar.

 

Heç nə eşidilmir, və bu sükutda,
Kəfgirin səsidir dinən saatda,
Dayanmadan yellənər.

Ağlayıqr qıraqda sərsəri külək,
Sanki fikri budur hiylə gələrək,
Evə soxulub girə.

 

Bal gedir ingilis səfirliyində,
Hazıram, frakım önümdə indi,
Durub qolları sallaq.

Jiletim əsnəyir, köynək az qalır,
Danışa, bilmir ki, ağ qolucları,

Bəs haçan taxılacaq.

 

Uzun, dar burunlu çəkmələrimin,
Parlaq boyasına əksi çilənir,

Alovlanan yerlərin,
Yanındasa nazik qalstukların,
Mənim əlcəklərim donub qalıblar,
Cüt ələ bənzəyirlər.

 

Getmək zamanıdır! – Burda da əngəl,

Növbəyə durasan çatanda gərək,

İzləyəsən keçəndə,

Xanımlar əyləşən karetaları,
Gerbləri vurulub qapılarna,
Matahları içində.

 

Qapının ağzında g dayanıb hələ,
Görəsən ki, necə alaylanaraq,
Qonaqlar yığışırlar;

Təravətli üzlər, qoca sifətlər,
Fraklar, sinəni açıb göstərən,

Dekolteli korsajlar.

 

 

Yüngül, buludları xatırladan tül,
Qırmızı dərili kürəyi örtür,

Görünür sızaqları.

Burda diplomatlar və dendilər var,
Onların üzündə ağuş çalarlar,
Heç nə demir maraqlı.

 
Burda çəpəri var dul arvadların,

Quzğun ya qartal baxışlıdırlar.

Asan deyil aşasan,

Sədəfli, boyalı xırda gözəlın,
Zərif qulağına xəlvət əyilib,

Ürəyini açasan!

 

 

Yox, gedən deyiləm! Ancaq elə ki,
Operada çiçək dəstəsindəki,
Məktub gözünə dəyər;
Parmada yetişmiş bənövşələrdən,

Dağılar, ürəyi nə var göynədən,

Şübhə yox ki, o gələr.

 

 

İntermezzosu var məndə Heynenin,
Rəfdə qonşusudur kitabı Tenin,

Qonkurlar da var hələ,

Zaman necə keçdi, xəbər tutmaram,

Kitabı oxuyub sona çatmaram,
Göümə yuxu gələr.

 

Fransızcadan tərcümə

22-23.09. 2018

Samara

BİR SƏSİN XATİRƏSİ

Habib_Zarbaliyev.jpg

professor Həbib Zərbəliyevin 65 illiyinə

Həbibi ilk dəfə 1968-ci ilin yayında Əlibayramlıda köhnə şəhərdən təzəyə gedən avtobusda görmüşəm. Lələmlə sənədlərimi pedaqoji məktəbə verməyə gedirdim. ZİS markalı, səhv etmirəmsə, avtobusun ortasında “Kazan” qarmonunu yanına qoyub durmuş ağköynək oğlanı görən kimi ürəyimə damdı ki, o da pedaqoji məktəbə qəbula gedir. Papaq kimi saçı, qırğı burnu, inamlı duruşu ilə nə qədər qeyri-adi görünsə də, onun pedaqoji məktəbə getdiyinə şübhə ola bilməzdi.

Qarmonla yayın bu qızmarında ayrı hara gedərdi?

Pedaqoji məktəbə qəbul imtahanlarından əvvəl musiqi qabiliyyətini yoxlamalıydılar. Məndə şübhə yox idi ki, Salyandan özüylə bir dəvə yükü olan “Qazan” qarmonunu gətirmiş abituriyent məktəbə şuppultu ilə girəcək. O ki qaldı özümə… Məni “danışmışdılar”. Həm də əlaçılıq şəhadətnaməm olduğuna görə imtahansız girirdim. Bircə qabiliyyət yoxlanışından keçməliydim. O da, dediyim kimi danışılmışdı… Ancaq yenə narahat oldum, mən əliboş, qırğı burunlu bu oğlan isə Salyandan bura “Kazan” götürüb gəlib…

İkimiz də girdik…

Həbiblə ayrı qruplarda oxumuşuq, ancaq dörd ilə yaxın vaxt ərzində məktəbin özfəaliyyət kollektivində iştirakımız bizi qrup yoldaşlığından da yaxın eləmişdi. Həbibin musiqi qabiliyyəti yoxlanış zamanı nəinki məktəb rəhbərliyini razı salmışdı. Həbib rəhbərliyi əməlli-başlı sarsıtmışdı. Özü də “Kazan” qarmonu ilə yox. “Kazan” qarmonuun səsindən ancaq fiziki sarsıntı keçirmək olar, baş ağrısına tutulmaq olar. Həbib isə qabiliyyət yoxlanışına şəxsən rəhbərlik edən mərhum Gülbala müəllimin qəlbini sarsıtmışdı. Yəni ürəyinin başını soymuşdu…

Öz səsiylə!

On beş yaşına təzə-təzə çatan Həbibin necə oxuduğunu təsəvvür etmək üçün əfsanəvi müğənnimiz Qədir Rüstəmovun səsini yadınıza salın. İnanılası çətin olsa da, Həbibdə Qədir Rüstəmovun möcüzəli səsi vardı. Bu səs Azərbaycan Dövlət Filarmoniyasının səhnəsindən ucalıb, Azərbaycan teleziyası ilə yayılıb, çoxlu festivallarda, respublikanın müxtəlif yerlərində dinlənilib. Onun səsini hətta cənubda sovet sərhədçiləri də alqışlayıblar. Çox təəssüf ki, Həbibin ifasına valeh olmuş musiqi avtoritetləri onun səsini studiyada yazdırmaq qayğısına qalmadılar, hələ 1969-cu ildə onu böyük Niyazi, gözəl müğənni İslam Rzayev də eşitmişdilər…

Həbib nəinki Əli Bayramlı pedaqoji məktəbinin, hətta bütün Əli Bayramlının sevimlisi idi. O vaxt şəhərdə tez-tez müxtəlif bədii təbbirlər keçirilirdi. Həmişə zal Həbibin çıxışını səbirsizliklə gözləyirdi. Əli Bayramlı pedaqoji məktəbində teatr da var idi, idmançılar da. Ancaq əsas vizit vərəqi Həbib Zərbəliyev idi. Təəssüf ki, bu “vizit vərəqi”ni hər yerdə, vaxtaşırı göstərmək istəyi istismara çevrildi. On altı-on yeddi yaşlarda Həbib oxumağa fasilə verməli idi, yəni bunu ona musiqi müəllimləri deməliydilər. Demədilər. Onlar üçün məktəbin bugünkü “şərəfi” bu nadir səsin gələcəyindən vacib oldu. Həbib səsini itirdi…

Ancaq Əli Bayramlıdan sonrakı on illərdə də Həbibin “səsi” ucadan səslənir. Çox şadam ki, Həbib Zərbəliyev indi Azərbaycanda dilçilik üzrə fövqəladə xidmətləri olan alim, çoxlu tələbələri tərəfindən sevilən pedaqoq, nufuzlu və yüksək ixtisaslı tərcüməçidir.

Həbib Leninqrad universitetində oxuyanda mən iki dəfə onun qonağı olmuşam. Moskvada da görüşlərimiz olub. Tələbə yoldaşlarının, müəllimlərinin onu elə Əli Bayramlıda olduğu kimi sevdiklərinin şahidiyəm. “Səsi”nə görə yox, Həbib daha oxumurdu. Səsini itirəndən sonra məlum oldu ki, onun sevilməyi təkcə səsinə görə deyilmiş.

Sonuncu dəfə Həibiblə 1984-cü ildə görüşmüşəm. Yəni çoxdan. Ancaq həmişə səsinni eşidirəm. Uğurlarına şadam. Bütün azərbaycanlılar kimi məndə də yerliçilik var. Ona görə də Həbib Zərbəliyev kimi bir alimin salyanlı olmağı mənim üçün fəxrdir.

Uzun ömür, can sağlığı arzulayiram, Həbib!

Xeyrulla Xəyal

23.09. 2018

Samara