TEOFİL QOTYE.   BİR GÜLRƏNG PALTARA

gautier_big-min

À une robe rose

Necə sevimlisən bu geyimdə sən,
Bu don soyundurur səni yarımçıq.

Boylanır döşlərin qırağa sərbəst,

İlahə əllərin hamıya açıq.

 

İncədir arının qanadları tək,
Zərif çaygülünün ürəyi kimi.

Əlvan nəvaziş tək parçası kövrək,
Uçur dövrəsəndə gözəlliyinin.

 

İpəyin üstünə epidermdən,

Gümüş sayrışmalar sanki çilənir.

Və incə bədənə parça göndərir,
Əksini gül rəngli şölələrinin.

Bu qəribə paltar nədən, hayandan,

Elə bədənindən sanki yaranmış.

Canlı bir toxucu ya dəzgahında,

Dərinə gül rəngi belə calanmış?

 

Döş gilələrinin ayağındakı,
Bu zəngin, naməlum çalar ki, vardır,
Bəlkə Veneranın çanağındakı,

Qızıl şölələrdən qızatrtılardır?

 

Ya da ki, bu donun parçası bəlkə,
Boyanıb həyanın qızıl rənginə?

Yox, model olmusan, sən çəkilmisən,
Bilir qiymətini sənin gərdənin.

Ataydın, nəhayət, ağır duvağı,

İncəsənət bunun arzusundadır.

Daha da möhtəşəm səni Kanova,
Yapardı Borgeze şahzadəsindən.

 

Sənin dodağının gül qırışları,

Doyub-dolanmayan arzularımdır.

Salmasan özündən məni aralı,

Sənə öpüşlərdən don yaradardım.
fransızcadan tərcümə

08.09. 2018

Samara

Реклама

AZƏRBAYCAN ŞAİRLƏRİ YARADICILIQ EZAMİYYƏTİNDƏ: BUDAPEŞT, TEŞT, TEŞT..

Sovet vaxtı sovet yazıçı və şairlərinin qabaqcıllarını xarici ölkələrə “yaradıcılıq ezamiyyətinə” göndərirdilər. Kapitalist ölkələrinə gedənlər o olkələrdən tənqidi əsərlər, sosialist ölkələrinə gedənlər tərifli əsərlər yazırdılar. Mənim yadımdadır ki, tez-tez xarici səfərlərdə olan Bəxtiyar Vahabzadə qayıdandan sonra bir şələ şeir çıxarırdı. Məsələn, Bəxtiyar Vahabzadə Qərbi Berlindədir. Baxır yanına-yörəsinə, hər şey ürək açan, gözəl, abad, yemək-içmək bol, mağazalarda dünyanın ən yaxşı paltarları. Bəxtiyar müəllim də alıb çamadanlarını dolıdurub. Ancaq narahatdır. Tənqid eləməyə bir şey tapmır. Birdən görür ki, ölü aparırlar. Yekə ağ mərasim maşınında. Aha! Maşının yanında üzünü-gözünü cıran, özünü maşının altına atmaq istəyən qohum-əqraba yoxdur!

Tabut gedir ağ avtomobildə,
Tabut gedir, ardınca gedən yox…

Hayıf deyil bizim sovet Azərbaycanı, oğul cənazəni qucaqlayır, deyir, ata, qoymaram gedəsən, getsən, mən də özümü atacam sənin yanınfa qəbrə…

Qırışmal elə dünən deyirdi ki, “qurumsaq haçandan zarıyır, ölmür…”

Bu, ayrıı söhbətdir. Bəxtiyar müəllim bir şələ ezamiyyət şeir yazdı, qərb cəmiyətininin atasını yandırdı, jurnalda çap eləyib pul aldı, sonra kitabında çıxarıb pul aldı…

Yadınıza salım ki, Bəxtiyar müəllim Qərbi Berlinə də xəzinə hesabına getmişdi…

İndi danışaq sosialist ölkələrinə gedənlərdən…

Azərbaycan sovet şairləri Macarıstandan ötrü ölürdülər, ölkənin mağazaları SSRİ — yə baxanda firavan idi, gedənlər satlıq mal da gətirə bilirdilər. Həm də… Burası yaşı 18-dən çox olanlar üçündür: Macarıstan Avstriya ilə qonşudur, ona görə də burda Avstriya telekanalları yaxşı tutulurdu. Gecələr kanalların bəzilərində erotik filmlər göstərilirdi. İni təsəvvür edin ki, Azərbaycan şairi keçən əsrin 70-ci illərinin ortalarında Budapeşt mehmanxanasında ikiqat olub erotik filmə baxır… Qayıdandan sonra o adam özü kinoteatra dönürdü, baxdığı erotik flmmlərin məzmununu şair yoldaşlarını başına yığıb danışırdı…

Bu bizə aid deyil… Şair yaradıcılıq ezamiyyətindədir. Qayıdandan sonra gərək tərifli şeirlər yaza. Birinci gərək ölkənin paytaxtına tutarlı bir şeir həsr oluna. Budapeştə. Bu şəhərin də şoğarib adına Azərbaycan dilində bir qafiyə tapılmır. Bircə söz var, o da “teşt”.

Budapeşt, budapeşt, qızıl teşt, gümüş teşt…

(Yox, ləyən, bardağ…)

Bunu, ya təxmimən bunu, səhv etmirəmsə, Musa Yaqub yazmışdı…

Əlbəttə, mən iddia eləmirəm ki, Musa Yaqub da Budapeşt mehmanxanasında erotik filmlərə baxıb. Allah eləməsin! Ola bilsin ki, gecə yerinə girəndə Musa müəlılim üç dəfə televizorun ekranına tüpürüb, sonra Leninin tam külliyatınının 39-cu ya 47-ci cildini açıb oxuya-oxuya elə kitab qucağında şirin yuxuya gedib…

Və gələndən sonra sosialist Macarıstanına bir şələ şeir həsr edib “Azərbaycan” jurnalından bir ətək pul alıb. Sonra kitabanda çıxardıb yenə bir ətək pul alıb. Hamısı da büdcə pulu, sovet dövlətinin və sovet xalqının pulu.

Buna dövlət davam eləyərdi?

Vallah, mənə nə deyirsiniz deyin, sovet dövlətini Azərbaycan şairləri yıxdılar. Boyunlarına almırlar.

Budapeşt, teşt…

Allah abrınızı tökəydi…

Mirzə Əlil

12.09. 2018

Samara