(Kasıbların süfrəsi)
Bəzən iki dəfə, üç dəfə bəzən,
Süfrə salınardı adəti üzrə.
Ya boz, ya da qara, “kir götürməyən”,
Nuh nəbidən qalma, yamaq yüz yeri.
=
Kimi bardaş qurur, kimi diz üstdə,
Kimi üzü üstdə yıxıli sayaq.
Çörək çəkilirdi boyad ya isti,
Daş stəkanlara süzülürdü çay.
=
Əgər rəng seçilsə ümidsizliyə,
Elə bu çay rəngdə gərək olaydı.
Bir evdə əsil çay içilməyibsə,
Nemət sayılırdı elə bu çay da.
=
Torbadan tikə qənd çıxarılırdı,
Çəkiclə doğranıb nərd zəri boyda.
Sayılı qənd payı hamı alırdı,
Böyük payı vardı, uşaq payı da.
=
Neçə yerdən çatlaq fincanda ya da,
Saxsı nəlbəkidə şor qoyulardı.
Şəhadət barmaqlar eyni zamanda,
Şığıyaraq şoru sıyırırdılar.
=
Yaxıb sürtürdülər çörəyə səylə.
Barmağın ucunda qayıdan şoru,
Yemək bircə tikə ya bircə gilə,
Tilova, tələyə belə qoyulur…
=
Duzu yandırsa da, bəd görünsə də,
Həvəsi, iştahı şor aldadırdı.
Çörək lap quruyub daşa dönsə də,
Boğazdan keçirmək qüdrəti vardı.
=
Gələrdi ortaya gündə üç dəfə,
Saralar, göyərər, qurd da salardı.
Daş kimi bərki də basıb yedirdər,
Kasıba nemətdi, yaxşı ki vardı.
=
Fransız deyildi, alman deyildi,
Millətim kasıbdı, qıtdı süfrəsi,
Ya iş bacarmırdı, ya tənbəl idi,
Ya da qazancını yedi özgəsi.
=
Tələ yemi kimi şor yeyən kişi,
Nə at çapar, nə də qılınc oynadar.
Əyildi, pozuldu qadın yerişi,
Şor nə rəngi açar, nə qan qaynadar…
=
Zəngin süfrələri hər görəndə mən,
Nəlbəki yadıma düşür şor dolu.
O həm nemət idi, lənət idi həm,
Xalqımın tarixi şorla yoğrulub…
25-26. 09. 2018
Samara