Kovid azarını dünya unudub,
Daha nə yoluxan, ölən var nə də.
Bir ölkəsə kovid əsirliyində
Yaşayır hələ də -yaşamaqsa bu.
Yenə fövqəladə vəziyyətdə xalq
Yaşayır – gedişi-gəlişi məhdud.
Bütün ölkələrdən qovulub kovid,
Guya birindəsə yurd salıb ancaq.
Hər üç-beş aydan bir adıyla fərman
Verilir, oturum alır elə bil,
Sanki gəldi-gedər xəstəlik deyil.
Vətəndaşlığı da olar bir zaman.
Xüsusi ölkədir kovidli ölkə,
Var nə parlamenti, nə məhkəməsi,
Dinən susdurulur çıxan tək səsi,
Yoluxar eşidən sözünü bəlkə.
Ciddi təhlükədir Təpəgöz qədər,
İnsan əti deyil tələbi ancaq.
“Başıaşağı xalq, itaətli xalq –
Kovid əhalidən tək bunu istər.
Koviddən nə ölən, nə yoluxan var,
Xərçəngdir bu xalqı nə vaxtdan qıran,
Kürsünü əbədi zəbt edən klan,
Virus yaradar da, bəlkə lap yayar…
18. 09. 2026, Samara
