Архив тегов | sərhədlər niyə bağlıdır

GƏZDİRİB SƏHRADA MUSA, DEYİRLƏR…

Gəzdirib səhrada qırx il, deyirlər,

Misirdən xalqını çıxarıb Musa,
Köləlik həyatı kim yaşayıbsa,
Bu müddət ərzində ölənə qədər…

 

Tövratda oxunan bu bir əfsanə,
Dərin hikməti var, şübhəsiz hərçənd.

Öyrənən çox Musa nümunəsindən,
Tətbiq eləyirlər, heyf, tərsinə.

 

Biri var, ölkənin sərhədlərini,
Bağlayıb, illərdir millət əsirdir,

Qapalı ölkədə yetişir yeni

Bir nəsil, o artıq məktəbə gedir…

 

Bilən yox bu hoqqa nə qədər çəkər,
Qırx il bəs eləyər? Bəlkə qırx əsr?

Köləyə dönüncə sonuncu əsir?

Son azad adam da ölənə qədər?

 

 17. 09. 2026, Samara

«ARZULA, SOYDAŞIM, ARZUNU BƏSLƏ…»

Doğrusa Darvinin nəzəriyyəsi,

Təkamülsə bizi yaradan əgər,
Azərbaycanlılar, əgər beləsə,
Yaxın zamanlarda uça bilərlər.

 

Yaxın deyəndə ki, bir neçə əsr,
Keçəcək, nə qədər tələssək də biz..

Sərhəd bağlı qala gərək o qədər,
Qanad arzusuna düşə ellimiz.

 

Danışmaq arzusu yaradıb dili,
Yemək arzusuyla yaranıb ağız.

Burun yaranıb ki, iyləyək gülü,

Yaranıb oğlanın arzusuyla qız…

 

Türmədən, qəfəsdən, yuvadan çıxıb
Getmək arzusundan möhtəşəm nə var?

Hər şey də arzudan başlanır axı,

Kimin arzusu var – o, qanadlanar.

 

Arzula, soydaşım, arzunu bəslə,

Bir də görəcəksən qanadların var.

Yoxsa tay olarsan sürünənlərə,
Var bunu da sənə arzulayanlar…

 27. 02. 2026, Samara