Архив тегов | Azərbaycan haqqında şeir

«KOROĞLU SOYDAŞIM, QIRAT SOYDAŞIM…»

         dastan

Odsevər soydaşım, Babək soydaşım,
Şah İsmayıl kimi zirək soydaşım.

 

Daha kim: Nəbi tək qoçaq soydaşım,

Hər an bir ayağı qaçaq soydaşım.

 

Koroğlu soydaşım, Qırat soydaşım,
Qayaları yaran Fərhad soydaşım,

 

Gecəni gündüzə indi də qatır,
O nə yeyib-içir, nə də ki, yatır.

 

Qoymur külüngünü yerə, tər tökür,

Yorulmur, torpağı laybalay sökür.

 

Çəkmir Fərhad kimi amma süd arxı,

Bu iş indi deyil aktual axı.


İndi süd daşınır avtomobillə,
Xanımlar da daha süd içmir elə.


Xanımlar şərabı sevirlər daha,
Qəhvıni də südsüz içirlər hətta.

 

Torpağın altını qazır soydaşım,

(Burda kompüterə axdı göz yaşım…)

 

Bu gün külüngüylə tarix yazır o,
Sərhədi keçməyə tunel qazır o.

 

 

Beş ildən çoxdur ki, sovxa bağlanıb,
O vaxtdan nə qədər ürək dağlanıb.

 

Bu zülmə nücə bəs dözə soydaşım,
Koroğlu soydaşım, Həmzə soydaşım.

 

Fransız, alman tək axı onun da,
Azadlıq eşqi var yəqin qanında.


Qalsa bağlı qapı dalında əgər,
Soydaşım azarlar, get-gedə çərlər.

 

Odur ki, külüngü qaparaq indi,

Torpağın dərin bir qatına endi.


Qazır, yeyib-içmir, yuxu da yatmır,
Soydaşım hələ ki, məqsədə çatmır.

 

Soydaşım bu günün Fətəlisidir,

Ya da Koroğlunun bir dəlisidir.

 

Şoğərib sərhədin o tayındasa,
Yas düşüb, soydaşım tələsir yasa.

 

Üç də ötüşübdür, yeddi də ancaq
Qırxı da verilib iki il qabaq.

 

Bir iş var: yad deyil yas yiyəsi də,
Soydaşa qardaşdır, sadə deyilsə.

 

Necə gec də olsa, getməsə əgər,
Otaydakı ondan yəqin inciyər.

 

Daha iki il də qazmalı olsa,
Qazıb çatdıracaq özünü yasa…

 

Koroğlu soydaşım, Nigar soydaşım,
Səfəvi soydaşım, Qacar soydaşım.

 

Qazır, qazır, qazır dayanır hərdən,
Bilsin yuxarıdan nə səsdir gələn.

 

Bu işin xəbəri, qorxur o, bir gün,

Çata sahibinə dəmir yumruğun.


Top-tüfəng götürüb o zalım gələ.

Göydən də atıla bomba tunelə…

 

Bilndə gələn yox, külüngü yenə,

Qapıb davam edir soydaş işinə…

 

Tuneli bitirər, bəlkə də ancaq,
Yasa yox, o, toya gedib çıxacaq…

 

 21. 07. 2026, Samara

«ARZULA, SOYDAŞIM, ARZUNU BƏSLƏ…»

Doğrusa Darvinin nəzəriyyəsi,

Təkamülsə bizi yaradan əgər,
Azərbaycanlılar, əgər beləsə,
Yaxın zamanlarda uça bilərlər.

 

Yaxın deyəndə ki, bir neçə əsr,
Keçəcək, nə qədər tələssək də biz..

Sərhəd bağlı qala gərək o qədər,
Qanad arzusuna düşə ellimiz.

 

Danışmaq arzusu yaradıb dili,
Yemək arzusuyla yaranıb ağız.

Burun yaranıb ki, iyləyək gülü,

Yaranıb oğlanın arzusuyla qız…

 

Türmədən, qəfəsdən, yuvadan çıxıb
Getmək arzusundan möhtəşəm nə var?

Hər şey də arzudan başlanır axı,

Kimin arzusu var – o, qanadlanar.

 

Arzula, soydaşım, arzunu bəslə,

Bir də görəcəksən qanadların var.

Yoxsa tay olarsan sürünənlərə,
Var bunu da sənə arzulayanlar…

 27. 02. 2026, Samara

«DÖNÜB YAŞASAYDIM VƏTƏNDƏ ƏGƏR…»

Dönüb yaşasaydım vətəndə əgər,
Özümü, əlbəttə, yığışdırardım.

Saçı və saqqalı nizama çəkər,

Özümü vətənə yaraşdırardım.

 +

Hökmən gödəldərdim dilimi orda,
Özümü lallığa bəlkə qoyardım.

Poqonlu qarşıma çıxarsa harda,
Mil durub mən onu salamlayardım.

 +

Ayı tək yuxuya qışda gedərdim,
Beləcə keçərdi ilin yarısı,
Nə qayğım olardı, nə də ki, dərdim,
Nə dəyənək, nə də yumruq ağrısı.

 +

Soxardım özümü yayda kol-kosa,
Ot yeyər, suyu da içərdim arxdan.

Yaxından keçəndə şübhəli kimsə,
Ürəkdən mələrdim hətta qorxudan.

 +

Yəqin çıxarardım yazmağı yaddan,
Əlifba da yaddan çıxardı yəqin,

Xəta çıxa bilər orda nə yazsan,

Başa ziyanı var mütaliənin.

 +

Hərdən çıxardımsa adam içinə,
Gəzərdin dinməzcə, başıaşağı.

Şükr eləyərdim hər keçən günə,
Təlaşla gözlərdim yenə sabahı.

 +

Səhər açılanda əsərdi canım,
Rəhbərin şəklini görüb divarda.
Başıma  bir neçə qapaz salardım,
Səhər idmanıdır bu guya orda…

 

20.12. 2022, Samara

 

MƏHKƏMƏ

2021 лето

 Nə İçəri şəhər, nə Qız qalası?

Təzəpir, Şirvanşah sarayı nədir? –

Bizim məhkəməyə əcnəbi gəlsin,

Görərsən gözləri kəlləsindədir.

 —

Pokuror deyəndən əgər baş açsa,

Deyər ki, Göbbelsdir – dirilib gəlib.

Hələ bilməsə də bürüyüb basıb

Ölkəni Göbbelsin törəmələri.

 — 

Roma hüququnu burda yox hörmət
Anqlosakson ədl sisteminə də.

Hökmü pul çıxarır və hakimiyyət,
Təsdiqi polisin dəyənəyində.

 —

Məhkəmə zindanda gedir elə bil,

Vəkil qapaz altda, jurnalist elə.

Türmə divanıdır, məhkəmə deyil,

Milləti zonaya salıblar belə.

 —

Kim hökm çıxarıb, günahı nədir,

Sonu cəzasının çatacaq haçan?

Hardan bu göbbelslər doğub-törədi,
Fürerlər yarandı necə və hardan?

 —

Millətimə çatan zəhər camıdır.

Qədim yunanların məhkəməsindən.
Millət nəsil-nəsil o camdan dadır,

Yarımcan boylanır daş qəfəsindən.

 

14. 07. 2022, Samara

«İSA SEVGİSİNİN YOX İDİ HƏDDİ…»

İsa sevgisinin yox idi həqqi,

Çirkini həm sevib, gözəli həm də.

Sevib müstəbidi, sevib həqiri,
Bitib-tükənməzdi onda rəhm də.

Acıyıb məzluma, həm də zalıma,

Zənginə acıyıb, aca acıyıb.

Qucub cüzamlını, öpüb alnını,
Korun tüpürcəklə gözünü acıb.

İlahi! Həqirəm mən, həm də miskin!

Sevgim öz ölkəmə itib nə vaxtdan.

Adı çəkiləndə ürəyim əsmir,
Getməyə, görməyə atmıram da can.

İsa nemətindən mənə ver azca,

Sevim öz ölkəmi əhalisiylə.

Dövləti başından aşanı, acı,

Sevim yad insanı, düşməni belə.

Sevim müstəbidi, qan içəni də,

Əzib soydaşını incidəni də,
Ağladanı, zəhər içirdəni də,
Yalandan Qurana and içəni də.

Sevim eybəcəri, gözəli sevim,
Sevim qəhrəmanı, sevim qorxağı.

Nə qazancım olsun, nə də ki, evim,

Ancaq hamı kimi sevim torpağı.

Tüpürcəyinə də həqir qulunun,

İsa qüdrətini, Tanrı, ver ancaq,
Sürtüm gözlərinə ölkəmin onu,

İsa tək torpaqla qarışdıraraq.

27. 01. 2022, Samara

YÜZ İLDİR BAXMIRAM XƏRİTƏLƏRƏ…

cropped-u-lenc4b0.jpg

Yaxşı yadımdadır, dərs otağında
Mismara taxılan xəritələrdə,
Mənə ayrı ölkə kimi gələrdi,
Yaşadığım ölkə, haçan baxardım.

Rəngi solğun idi xəritələrin,
Qat kəsiyi vardı neçə yerində,
Ancaq gözü-könlü sevindirərdi,
Ölkələr içində ölkəmin yeri.

Gözəl ölkələrdən onu çox olsa,
Santimetrlərdi yalnız ayıran.

Barmağı sürüşdür bir az o yana,

Britaniyadır, ya da Fransa…

Çubuğun ucunda dəryanı adla,
Los Ancelesdəsən, Nyu Yorkdasan.

Xalqında tərpəniş, yüksəliş olsa,
Çatar öndəkinə, bəlkə qabaqlar…

Yüz ildir baxmıram xəritələrə,

Ölkəmin yerini bilirəm əzbər.
Aşılmır, keçilmir santimetrlər,
Yerimiz-yurdumuz həmindir hələ…

01. 04. 2021, Samara