dastan
Odsevər soydaşım, Babək soydaşım,
Şah İsmayıl kimi zirək soydaşım.
Daha kim: Nəbi tək qoçaq soydaşım,
Hər an bir ayağı qaçaq soydaşım.
Koroğlu soydaşım, Qırat soydaşım,
Qayaları yaran Fərhad soydaşım,
Gecəni gündüzə indi də qatır,
O nə yeyib-içir, nə də ki, yatır.
Qoymur külüngünü yerə, tər tökür,
Yorulmur, torpağı laybalay sökür.
Çəkmir Fərhad kimi amma süd arxı,
Bu iş indi deyil aktual axı.
İndi süd daşınır avtomobillə,
Xanımlar da daha süd içmir elə.
Xanımlar şərabı sevirlər daha,
Qəhvıni də südsüz içirlər hətta.
Torpağın altını qazır soydaşım,
(Burda kompüterə axdı göz yaşım…)
Bu gün külüngüylə tarix yazır o,
Sərhədi keçməyə tunel qazır o.
Beş ildən çoxdur ki, sovxa bağlanıb,
O vaxtdan nə qədər ürək dağlanıb.
Bu zülmə nücə bəs dözə soydaşım,
Koroğlu soydaşım, Həmzə soydaşım.
Fransız, alman tək axı onun da,
Azadlıq eşqi var yəqin qanında.
Qalsa bağlı qapı dalında əgər,
Soydaşım azarlar, get-gedə çərlər.
Odur ki, külüngü qaparaq indi,
Torpağın dərin bir qatına endi.
Qazır, yeyib-içmir, yuxu da yatmır,
Soydaşım hələ ki, məqsədə çatmır.
Soydaşım bu günün Fətəlisidir,
Ya da Koroğlunun bir dəlisidir.
Şoğərib sərhədin o tayındasa,
Yas düşüb, soydaşım tələsir yasa.
Üç də ötüşübdür, yeddi də ancaq
Qırxı da verilib iki il qabaq.
Bir iş var: yad deyil yas yiyəsi də,
Soydaşa qardaşdır, sadə deyilsə.
Necə gec də olsa, getməsə əgər,
Otaydakı ondan yəqin inciyər.
Daha iki il də qazmalı olsa,
Qazıb çatdıracaq özünü yasa…
Koroğlu soydaşım, Nigar soydaşım,
Səfəvi soydaşım, Qacar soydaşım.
Qazır, qazır, qazır dayanır hərdən,
Bilsin yuxarıdan nə səsdir gələn.
Bu işin xəbəri, qorxur o, bir gün,
Çata sahibinə dəmir yumruğun.
Top-tüfəng götürüb o zalım gələ.
Göydən də atıla bomba tunelə…
Bilndə gələn yox, külüngü yenə,
Qapıb davam edir soydaş işinə…
Tuneli bitirər, bəlkə də ancaq,
Yasa yox, o, toya gedib çıxacaq…
21. 07. 2026, Samara
