Deyirik pozulub nizam dünyada –
Olubmu dünyanın nizamlı vaxtı?
Düşmür, ha düşünək, beləsi yada,
Tanrı bəlkə özü belə yaratdı?
Qarışmır hər halda baş verənlərə,
Əli bıçaqlıya dayan, dur demir,
Azarı olana nə dərman verir,
Müharibələri nə dayandırır.
Lotular zəbt edir hakimiyyəti —
Tanrı siyasətə qarışan deyil!
Cəmləyir on faiz bütün sərvəti,
Tanrı “gözün üstdə qaşın var” demir.
Tamaşa oynanır məhkəmələrdə,
Bəlkə də kövrəlir, Tanrı, görürsə.
Onları alt-üst də edə bilərdi,
Eləmir… Yəqin ki, səbəb var nəsə…
Bəlkə dirilərə nizam yaraşmır?
Ədalət ətalət bəlkə yaradar?
Tələsir, vurnuxur, can qoyur hamı,
Əgər nizam varsa, hərəkətdə var…
Əsl nizam isə “o dünyada” var,
Yüz ölçüb, bir biçib hər şeyi Tanrı.
Hər kəsə bir qanun, eyni qayda var,
Olsa da cənnətdən cəhənnəm ayrı.
Yanır gecə-gündüz cəhənnəmdəki,
Oranın gecəsi, gündüzü varsa.
Başı mömininsə mitəkkədədir,
Sərin şərbət içər, xurma gah basar…
Orda nə xəstə var, əlil var nə də,
Orda nə doğan var, nə də doğulan.
Qətl törədən yox – hər kəs ölüdür,
Oğru yox – heç nə yox oğurlamağa.
Yaxşıdır bu ya pis – söyləmək çətin.
Yoxdur ordan xəbər gətirən hələ.
Tanrı bu dünyanın işinə yəqin
Qarışmır. Bacarmır ya dirilərlə…
02. 07. 2026, Samara
