Архив | 13.07.2026

SAMARADA AZƏRBAYCAN EVİ

        Şirvan Kərimova

Möhür tək basılıb Volqaboyunda,

İmzalar içində o, imzadır həm,

Əsrlər yaşayar — əsaslı, möhkəm,

Görənin əbədi qalar yadında.

 

O ev arzun olub nə vaxtdan bəri,
Çəkmisən xəyalən rəsmini öncə.

Yuxuda görmüsən bəlkə hər gecə,
O evdə açmısan elə səhəri.

 

Özünə qıymadın olsa da imkan,
Adına, şəninə mülk ucaltmadın.

Arzun millətini tanıtmaq idi,
Mübarək arzuna indi çatmısan.

 

Bu evdə qayğın var, məhəbbətin var,

Özülündən tutmuş damına qədər.

Daşıyıb vətəndən gətirdin nələr! –

Döşənən, asılan indi göz oxşar.

 

Boya-başa çatdı bu ev ağac tək,

Bu ev övlad kimi gəldi ərsəyə,
Neçə soydaşının dəstəyi, səyi,
Deyilə, əlbəttə, sayıla gərək.

 

Azərbaycan evi durur qürurla,
Evlər sırasında burda haçandan,

O, sənin arzundan doğdu bir zaman,

Gün gələr, divara yazıb vurarlar…

 

“Balığı dəryaya …” deyilib bizə,
Bunu rəhbər tutur böyük adamlar.

Böyük işlərinə layiq adın var,
Yarıb zülmətləri çıxacaq üzə…

 

13. 07. 2026, Samara