Архив тегов | Əzizağa Həsənov İsmayıl oğlu

XALAOĞLUM ƏZİZAĞA HAQQINDA NƏĞMƏ

Hərdən eşidərdim tanışlarımdan:

“Başı üstdə durur motosikıetdə
Xaloğlun.” Duyurdum fəxr bu zaman,

Özüm sürməmişdim velosiped də…

 

Baxa bilməmişəm, heyf, mən ona,
Motosunu şahə qaldırır necə.

Millət yığılırmış tamaşasına,

Xaloğlum hər dəfə yola çıxınca.

 

Ovçuluğundan da çoxdu danışan,
Guya sərrast yoxmuş rayonda ondan.

İki quş düşərmiş bir atəşindən,
Əjdaha boydaymış vurduğu qaban.

 

Bəlkə fərqlənirdi yerlə göy qədər,
O dörd bacısından, üç qardaşından,

Oturub-durmağı  xarici təhər,

Xarici kimiyidi danışmağı da.

 

Rusdu qonşuları, məktəbi rusca,
Rus dilində idi kitabları da.

Qəsəbə içində düşüb xaricə,

Xaloğlum qəribə ömür yaşardı.

 

Dünyanı gəzirdi dil qanadında,
Kitaba həvəsdə əjdaha idi.

Oxuyurdu doyub-dolanmadan o,
Yeyirdi bir gündə bir neçə cildi.

 

Motosikletini mələdəndə də,
Konan Doylun ölməz səhifələri

Gözünün önündə vərəqlənirdi,
Fenimor Kuperin ya da əsəri.

 

Qəsəbə — dəmiryol stansiyası,
Evləri də yola lap yaxın idi.

Xüsusən gecələr relslərin səsi,
Elə bil çağırır, “gedək” deyirdi.

 

Getmədi, heç getmək istəmədi də.

Genişdi dünyası burda da elə.

Bəxtəvərlik üçün ona bəs idi,
Həndəvərdə yürüş motosikletlə.

 

Oxu ətrafında fırlanır ancaq,
Günəşin başına həm də kürəmiz.

Və bu hərəkətdə yox dayanacaq,

Dəyişir dünyamız, dəyişirik biz.

 

Atəş açdı naşı ovçu elə bil,
Yox oldu qonşular, yəqin hürkərək.

Xaloğluma doğma mühit ilbəil,
Dəyişdi, tanınmaz hala düşərək.

 

Bacılar, qardaşlar getdi həmçinin,
Onlar gedən yerdən yox geri dönən.

Doğrusu, mənimçin inanmaq çətin:

Dedilər xaloğlum ağlayır hərdən.

 

 

Göz yaşı giləsi boyda yer ancaq

Tutar Stansiya xəritələrdə

Böyük planet də bəs olmayacaq,

Bircə ürəkdəki bəlkə də dərdə.

 

Yenə də yaxından gedir qatarlar,
Səsi eşidilir relslərin yenə.

Bu səsdə “gəl, gedək!” çağırışı var,
Xaloğlum Əzzağa nə desin buna?

 

Bəlkə saxlatdırsın gedib qatarı,

Maşinistə desin: “qulaq as, brat
Qatarının səsi ürək dağlayır,
İndən belə bir az aralıdan get?…”

 

Pəncərə önündə həyətdə ya da,
Oturar, Çexovun Firsi tək axşam.

“Getdilər…Çıxmışam mən isə yaddan…

Ömür keçdi… Sanki yaşamamışam…!

 

20-21. 09. 2026, Samara