Архив тегов | Azərbaycanda repressiyalar

«BU ŞILTAQ VƏ YUMRU TOP UYUŞMUR KÖLƏLİKLƏ…»

İki min iki yüz metr dəniz səviyyəsindən

Yüksəklikdə yerləşən stadionda rəsmən,

Səksən bir mindən bir az futbol azarkeşi var

Hərçənd bəlkə bu rəqəm  yüz mindən də çox olar.

 

Bu kütlə axıb gəlib dünyanın hər yerindən,
Köpüklü dalğalarla coşan dənizdir indi.

Adamlar hər geyimdə, hər rəngdə, hər yaşdadır,

Məhəbbətdir futbola onları birləşdirən.

 

Oyunu udmalıdır komandalardan biri,
Təəssüf ki, uduzan tərk edəcək turniri.

Əlbəttə, bu, dramdır, amma faciə deyil,
Yenə bəxt sınanılar ötüb keçəndə dörd il.

 

Bir deyil, iki deyil sayı turnirlərin də,

Dolur stadionlar dünyanın hər yerində.

Əlbəttə, şişirdirəm, “hər yerində” deyərək,
Əfsus ki, öz ölkəmi istisna edəm gərək.

 

Nə dolu stadionu, nə oynayanları var,
Millətin ayağına çünki vurulub çidar.

Bu şıltaq və yumru top uyuşmur köləliklə,

Nə futbol — millət özü qovulursa təpiklə…

 

…Bu oyunda ingilis Meksikanı udacaq,

Bu, ali bir dramdır, faciə deyil ancaq.

Bizim həyatımızdır faciə tək yaşanan,

Çidarlanıb, qovulur top kimi çünki insan…

 

06. 07. 2026, Samara

POLİS YUMRUĞU

Ətdən, sümükdəndir, dəmirdən deyil,
Var damarları da, var sinirləri,

Hərdən barmaqları buruna girir,
Yalanır, elə ki, yaxşı şey yeyir.

 

Bütün silahlardan ən kəsərlisi —
Yumruq vətəndaşla mübarizədə.

Burun qanadır da, çənə əzir də,
Qarına dəyəndə nəfəsi kəsir.

 

Yolu millətimə göstərən odur,
Hər kəsi cığıra salır zərbəsi,
Sarsıdır, susdurur dillini, tərsi,
Varsa kişiliyin, qabağında dur!

 

Üstündür ingilis məhkəməsindən,
Roma hüququ da ona tay deyil.

O, hökm çıxarır, taleyi deyir,
Qolaylanıb vursa gözünün üstdən.

 

Əlli ilə yaxın mən ordan çıxan,
Keçilməz məsafə aralıqda həm –

Yəni o yumruğa hədəf deyiləm,

Məni xəcalətdir qızardan, sıxan.

 

Döyülür soydaşım, ağız-burun qan,

Qolları yanında, başı aşağı,

Kütləsə lal-dinməz dayanıb baxır,

Dinməzcə baxıram mən də uzaqdan…

 

Ola da bilərdi onun yerində,

Ana, bacı, qardaş, ata ya övlad,

Döyülən – doğmadır, söyən, döyən — yad,

Bizsə ya uzaqda, ya da ki, gendə…

 

05. 05. 2026, Samara